Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1734/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı X3, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən ona ödənilməli olan 1320 manat pulun, eyni zamanda həmin pulun ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5% olmaqla, 2 il üçün 5%-dən hesablanmış 132 manat, ödənilmiş 35 manat dövlət rüsumunun, ümumilikdə 1487 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, elektronik cihazların alqı-satqısı ilə məşğul olur. Elektronik məişət əşyalarını hissə-hissə ödəniş şərti ilə vətəndaşlara satır. Cavabdeh da ona müraciət etmiş, ondan 30 may 2020-ci ildə 980 manat dəyərində soyuducu, 30 avqust 2020-ci il tarixdə isə 980 manat dəyərində “Samsung” firmasına məxsus WW70S52EOHS model paltaryuyan maşın almışdır. Cavabdehə həmin malları aylıq hissə-hissə ödəmək şərti ilə, yəni soyuducu üçün hər ay 50 manat, paltaryuyan maşın üçün hər ay 50 manat ödəmək şərti ilə satmış olsa da, cavabdeh öhdəliklərinə əməl etməmişdir. Belə ki, Cavabdeh aldığı malların aylıq ödənişlərini vaxtı-vaxtında ödəməmiş, “Covid-19” pandemiyası ilə əlaqədar karantin rejimi dövründə 6 ay ümumiyyətlə ödəniş etməmişdir. O, onun maddi vəziyyətini nəzərə alaraq ona hər ay heç olmasa 30 manat pul ödəməsini bildirsə də, cavabdeh bu razılığa da əməl etməmişdir. Ümumilikdə, cavabdeh həmin məhsulları aldığı vaxtdan 2022-ci ilin iyun ayınadək müxtəlif aylarda 180 manat, 2 dəfə 50 manat, 30 manat, daha sonra 100 manat, sonra 50 manat, növbəti aylarda isə 3 dəfə 30 manat pul ödəmişdir. Daha sonra 2022-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayının 26-sınadək ümumilikdə 90 manat pul ödəmişdir. Cavabdeh sonuncu dəfə 2022-ci ilin 26 sentyabr tarixində ona pul ödəmiş, həmin vaxtdan bu günədək cavabdeh aylıq ödənişləri etməmiş, ona hər dəfə aylıq ödənişləri ödəməsi barədə müraciət etdikdə ona müxtəlif bəhanələrlə pulu olmadığını bildirmiş, sonda isə pulu ödəməkdən imtina etmişdir. Cavabdeh 2020-ci ilin may ayından 2022-ci ilin sentyabr ayınadək olan müddətdə ona olan 1960 manat puldan yalnız 640 manat pul ödəmiş, aldığı məhsulların dəyərini ödəməyərək ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Hazırda cavabdehin ona 1320 manat məbləğində ödəniləcək borcu vardır. Cavabdehin ondan soyuducu və paltaryuyan maşın alması və onunla həmin malların dəyərini hissə-hissə ödəməklə bağlı razılığa gəlməsi “Whatsapp” proqramı vasitəsi ilə cavabdehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona yazdığı mesajlarla və səs yazıları ilə də sübut olunur. Belə ki, həmin yazışmalarda cavabdeh tərəfindən ödənişlər edildiyi zaman onun Cavabdeh “Whatsapp” proqramı vasitəsi ilə ödədiyi məbləği və qalan borcunu yazdığını görmək mümkündür. xx.xx.2022-ci il tarixində yazılmış mesajlarda cavabdehin ona 1410 manat borcunun qaldığı, xx.xx.2022-ci il tarixində 1380 manat, xx.xx.2022-ci il tarixində 1350 manat, xx.xx.2022-ci il tarixində isə 1320 manat məbləğində borcu olduğu mesajlardan da görünür. Eyni zamanda, həmin “Whatsapp” yazışmalarına baxdıqda cavabdeh tərəfindən ona “pulu narahat olma 20-sinə kimi göndərəcəm”, “atacam günorta", 20 avqust 2022-ci ildə onun cavabdehə yazdığı “24-ne kimi pul çatmalıdı” mesajına cavabdehin cavab olaraq yazdığı “narahat olma”, “o maşını mən istifadə edirəm atam yox, maşının pulun mən verirəm”, “ narahat olma alıb verəcəm pulu”, “he Çiçek verəcəm 10-u”, “mehkeme bu işe baxası deyil, sen hansı senede qol çekdirmisen mene” məzmunlu mesajların olduğunu, həmin mesajların da cavabdehin ondan qeyd etdiyi malları aldığını və ödənişləri gecikdirdiyini, sentyabr ayından isə ümumiyyətlə heç bir ödəniş etmədiyini təsdiq edir. Bundan əlavə, Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ona “Whatsapp” proqramı vasitəsi ilə göndərmiş olduğu səsli mesajlarla da cavabdehin ona borclu olması sübuta yetirilir. Belə ki, cavabdeh tərəfindən göndərilmiş müxtəlif tarixli, həmin səs yazıları 1 ədəd USB flash karta əlavə edilərək məhkəməyə təqdim olumuşdur. Həmin səs yazılarından da göründüyü kimi cavabdeh ona “apar ver məhkəməyə məni, hansı sübutla mənə nəsə vermisən?”, “məhkəmə olsa, sübutun yox, bir şeyin yox, məhkəmə olsa əgər sənə pul çatacaq. İstəyirsən get nəslimə zəng elə, vermirəm”, “mən pulu hər ayın 5-i 10-u götürürəm, bir az səbrli ol pulu götürüm sənə xəbər edim. Keçən ay necə oldu, bu ay da elə, ayın 5-i 10u verəcəm”, “ayın 10-u tarixənə kimi verəcəm, narahat olma”, “mən həkimlərdəyəm, sənə demişəm verəcəm o pulu, 20 manatı, özümə gəlim sənlə görüşüb çatdıracam 20 manatı sənə”, “ayın axırı danışmışıq, indi problemdəyəm, ayın axırı verə bilmirəm, ayın 10-u 15-i verirəm pulu”, “ayın 15-i demişəmsə, 15-i də sənə pul çatmalıdı? Gözlə də”, “görüşəcəm sənlə, problem var. Pulu götürüm danışacam sənlə, narahat olma”, “pul məndədi, indi ad günündəyəm, sabah narahat olma sənin pulunu çatdıracam, atacam kartına” (səs 13), “Amin, Allah yetirsin verim borclarımı” , “Verəcəm gedib ödəyərsən”, “bu ay mən verə bilmirəm, gələn aydan verəcəm”, “mənim bu ay verməyə imkanım yoxdu”, “gələn ay verəcəm, mən hər ay deyirdim, verirdim, bu ay problem çıxıb verə bilmirəm”, “maşını mənə baha vermisən”, “atam sənə pul verəsi deyil, pulu mən verəcəm” məzmunlu səsli mesajlar göndərmişdir. Həmin səsli mesajların məzmunu da cavabdehin ona borclu olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh 30 may 2020-ci il tarixində hər biri ayrıayrılıqda 980 manat məbləğində soyuducu və paltaryuyan maşın almışdır. Borcu hissə-hissə ödəmək şərtilə, hər ay 50 manat məbləğində olmaqla ödənilməli idi. Lakin cavabdeh bu razılaşmaya əməl etməmişdir. Cavabdeh ödənilməli olan 1960 manat pulun yalnız 640 manatını ödəmişdir. Pulu tələb edəndə isə, hər dəfə müxtəlif bəhanələrlə ödəniş etməkdən boyun qaçırmışdır. Eyni zamanda cavabdeh rəsmi müqavilənin olmamasından sui-istifadə edərək borcunu ödəməyəcəyini də demişdir. Məhkəməyə təqdim olunmuş səs yazıları və “Whatsapp” yazışmalarında da görsənir ki, cavabdeh iddianı etiraf edir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş və izahatında qeyd etmişdir ki, iddiaçı paltaryuyanın nasaz olduğunu bilə-bilə onu satmışdır. Paltaryuyanı 3 ilə yaxındır ki, istifadə etmişdir. Paltaryuyanın motoru dayanmış və təmiri üçün 300 manat xərci çıxmışdır. Məişət əşyalarını alanda da ona iddiaçı tərəfindən nə zəmanət talonunu, nə də əşyaları hardan aldığı barədə məlumat verilməmişdir. Güvənib əşyaları almış, sonradan həmin məişət əşyaları xarab çıxmışdır. Sonuncu dəfə iddiaçıya 26 sentyabr 2022-ci il tarixdə ödəniş etmişdir. İddiaçıya 1320 manat məbləğində borcu olduğunu qəbul edir. Lakin iddiaçı ona dəymiş 300 manat məbləğində ziyanı ödəməzsə, o, iddiaçıya olan borcunu qaytarmayacağını bildirir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, X6 ilə Cavabdeh arasında məişət əşyalarının alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, həmin razılaşmaya əsasən, X6 hər biri ayrı-ayrılıqda 980 manat dəyərində iki ədəd məişət avadanlığını Cavabdeh nisyə vermiş və Cavabdeh hər ay hər avadanlıq üçün hissə-hissə ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğinin bir hissəsini ödəsə də, üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ümumi borc məbləğindən yalnız 660 manat ödəyərək, qalıq qalmış 1320 manat məbləğində pulu bu günədək ödəməkdən boyun qaçırmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı ilə Cavabdeh arasında Cavabdeh adına qeydiyyat keçmiş ***-***-**-** mobil nömrə ilə “Whatsapp” mobil tətbiqində aparılmış danışıqların ekran görüntüsündən görünür ki, cavabdeh tərəfindən “atama demisən, kimə istəyirsən de. O maşını mən istifadə edirəm, atam yox. Maşının pulun mən verirəm, atam yox.”, “Narahat olma, alıb verəcəm pul.” “Çox gözəl, ged indi atamdan al, mən sənə demişdim, sən gedib atama deməknən guya yaxşı elədin, onlar mənim yerimə sənə pul verəsi deyil.” məzmunlu ifadələr iddiaçının mobil nömrəsinə göndərilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında səsləndirilməklə tədqiq olunmuş USB flask kartdakı Cavabdeh səs yazılarının məzmunundan müəyyən olunur ki, o, iddiaçı ilə aralarında olan danışıq zamanı iddiaçıya “Whatsapp” mobil tətbiqində öz adına qeydiyyata alınmış ***-***-**-** mobil nömrə vasitəsi ilə müxtəlif vaxtlarda səs yazıları göndərərək ona, borcunu ayın 5-i, 10-u və ya 15-i ödəyəcəyini bildirmiş, həmçinin daha sonra səs yazısı göndərək onu polisə verdiyinə görə borcu ödəməyəcəyini, məhkəmə qərar qəbul edərsə pulun ona çatacağını bildirmiş, məhkəməyə təqdim olunacaq sübutların olmamasını əsas gətirərək, pulu ödəməkdən imtina etdiyini bildirmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi tərəfindən X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X5 Cavabdeh 1320 manat pulun alınması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı X6 tərəfindən 35 manat məbləğində pul dövlət rüsumu olaraq ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə araşdırması zamanı, Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarla borcunu etiraf etməsi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün halları üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, razılaşma üzrə verilmiş məişət əşyalarının dəyərindən ödənilməmiş qalan pulu iddiaçıya ödəməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin pulun ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5% olmaqla, 2 il üçün 5%-dən hesablanmış 132 manat faiz borcunun tutulması hisssəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış və müqavilə üzrə malın dəyərinin hissə-hissə ödənilməsinə dair razılıq əldə olunmuşdur. İddia ərizəsi və məhkəmə iclasında tərəflərin verdikləri izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh sonuncu dəfə 26 sentyabr 2022-ci il tarixdə iddiaçıya borcundan ödəniş etmişdir. Belə olan halda iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla, 44 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1320 (bir min üç yüz iyirmi) manat əsas, əsas məbləğin ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5%-lə hesablanmış 44 (qırx dörd) manat faiz borcu və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1734/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1734/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver