Məhkəmə qərarları › İş №e-2(004)-1819/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1819/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1819/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3705 (üç min yeddi yüz beş) manat, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3864 (üç min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 12 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs ilə aralarında bağladıqları öhdəlik müqaviləsinə əsasən Cavabdeh2 ilkin olaraq 3200 (üç min iki yüz) manat, 30 ay müddətində isə aylıq olaraq 500 (beş yüz) manat ödəməklə, 15000 (on beş min) manat olmaqla, ümumilikdə 18200 (on səkkiz min iki yüz) manat müqabilində sonuncudan 2007-ci il buraxılışlı, KNADE24437S252102 ban nömrəli “KİA PRİDE MİNİK” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs istəyi ilə sonuncunun qardaşı Cavabdeh1 avtomobilə görə ilkin olaraq 3200 (üç min iki yüz) manatı ödəmişdir. Həmin avtomobili Cavabdeh2 aldıqdan sonra 10 oktyabr 2022-ci il tarixdə 360 (üç yüz altmış) manat, 11 oktyabr 2022-ci il tarixdə isə 145 ( bir yüz qırx beş) manat olmaqla, ümumilikdə 505 (beş yüz beş) manat aylıq ödənişi sonuncunun etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs istəyi ilə qardaşı Cavabdeh1 kart hesabına ödəmişdir. 15 oktyabr 2022-ci il tarixdə avtomobili Maraqlı şəxs müəyyən etdiyi Yasamal rayonunda yerləşən Bakı Avropa məktəbinin yaxınlığındakı avtoservisdə texniki baxışa aparmışdır. Həmin vaxt Maraqlı şəxs qardaşı Cavabdeh1 da orada olmuşdur. Avtoservisdə avtomobilə baxış keçirilərkən motorun üst qapağının rezini, iki ədəd forsunka, 1 ədəd tyaqa, hava filtiri və akkumulyatorun nasaz olduğu aşkarlanmışdır. Bundan sonra Cavabdeh1 avtomobili Yasamal rayonunda yerləşən Musabəyov parkının yaxınlığındakı avtoservisdə təmir etdirməyini bildirmişdir. İddiaçı həmin vaxt onunla birlikdə qeyd etdiyi avtoservisə getmişdir. Həmin avtoservisdə qeyd olunan nasaz detallar yenisi ilə əvəz olunaraq avtomobil təmir olunmuşdur. İddiaçı avtomobilin təmir-bərpası üçün həmin gün Cavabdeh1 kart hesabına 190 ( bir yüz doxsan) manat ödəmişdir. Həmin vaxt Cavabdeh1 ona maşında narkotik maddə aşkar etdiyini dedi və aralarında bağlanmış öhdəlik müqaviləsinin 2.6-cı maddəsinə istinad edərək avtomobili iddiaçıdan alaraq müqaviləni ləğv etdiyini bildirmişdir. İddiaçı ona narkotik vasitə istifadəçisi olmadığını, avtomobildə də heç bir narkotik vasitə olmadığını demiş və avtomobilin iddiaçıdan alınaraq müqavilənin ləğv edilməsinə etiraz etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 müqaviləni birtərəfli qaydada ləğv etdiyini demiş və maşını ona geri qaytarmamışdır. Bundan sonra iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs zəng edərək, bu barədə bildirdikdə, o da iddiaçıya maşında narkotik vasitə aşkar edildiyinə görə aralarında bağlanmış öhdəlik müqaviləsini ləğv etdiyini bildirmişdir. Cavabdeh2la aralarında bağlanan 12 sentyabr 2022-ci il tarixli öhdəlik müqaviləsinin şərtinə əsasən tərəflər ikinci tərəfin qanında və ya nəqliyyat vasitəsində hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkarlanarsa əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobili geri qaytarmağı və müqaviləyə xitam verməyi öhdəliklərinə götürürlər. Bununla bağlı bildirir ki, həmin vaxt avtomobildə heç bir narkotik vasitə olmamışdır. Əgər avtomobildə həqiqətən narkotik vasitə tapılmışdırsa, Cavabdeh2 və Cavabdeh1 bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməli idilər və həmin fakt hüquq mühafizə orqanları tərəfindən təsdiq olunmalı idi. Lakin o, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Cavabdeh2 və Cavabdeh1 tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilməməsi təsdiq edir ki, onlar avtomobili iddiaçının əlindən bəhanə ilə almaqdan və avtomobilə görə ödədiyi 3705 (üç min yeddi yüz beş) manat pulu mənimsəməkdən ötrü bu barədə əvvəlcədən plan qurmuşdurlar. Cavabdeh tərəfin istinad etdiyi hallar (avtomobildə narkotik vasitəsinin aşkarlanması) cinayət və ya inzibati xəta xarakterli hallardır və həmin hal yalnız müvafiq olaraq Cinayət Məcəlləsinin 26-cı fəslində nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər və ya İnzibati Xətalar Məcəlləsinin fəslində nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalara aid ola bilər ki, buna dair məsuliyyət yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilmiş qərar əsasında təsdiq oluna bilər. Göründüyü kimi iddiaçı yalnız yuxarıda qeyd olunan qaydada müvafiq hüquq mühafizə orqanları tərəfindən inzibati və ya cinayət məsuliyyətinə cəlb edildiyi halda cavabdeh aralarında bağlanmış müqavilə şərtinə uyğun olaraq avtomobili iddiaçıdan geri götürə bilərdi. Lakin hazırda həmin hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilmiş qərar mövcud deyil. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində isə təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də həmin hallar başqa heç bir sübut olmadan yalnız cavabdeh tərəfin formal mülahizəsi əsasında təsdiq oluna bilməz. Əks halda istənilən insan digərinə bu tipli böhtanlar ataraq əsassız varlana və fayda əldə etmiş olar. Buna görə də hesab edir ki, avtomobilin iddiaçıdan alınması və müqavilənin ləğv edilməsi tamamilə əsassızdır və iddiaçının avtomobilə görə ilkin olaraq ödədiyi 3200 (üç min iki yüz) manat və avtomobili aldıqdan bir ay sonra ödədiyi 505 (beş yüz beş) manat cavabdehdən tutularaq ona geri qaytarılmadır. Cavabdeh2la aralarında bağlanan 12 sentyabr 2022-ci il tarixli öhdəlik müqaviləsinin 6-cı bəndinə əsasən müqavilənin ləğv olunması tərəflərin qarşılıqlı razılığına əsasən, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Lakin göründüyü kimi Cavabdeh2la aralarında bağladıqları öhdəlik müqaviləsi sonuncu tərəfindən əsassız olaraq birtərəfli qaydada ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, narkotiklə bağlı Yasamal RPİnin 28-ci PB-də araşdırılma aparılsa da həmin fakt hüquq mühafizə orqanları tərəfindən öz təsdiqini tapmamışdır. Videogörüntülərdə isə narkotik vasitədən arabir istifadə etməsinin etirafının səbəbi əslində Fərdinin niyyətinin nə olmasını anlamaq olmuşdur. Əslində o, narkotik vasitələrdən istifadə etmir. Avtomobilin isə sağ və sol hissələrində zədələrin olması düzdür, lakin onun aradan qaldırılması üçün cavabdehin dediyi qədər vəsait tələb olunmurdu. Avtomobilə görə cərimələri ödəməməyinin səbəbi isə həmin vaxt maddi imkanının olmaması olmuş, daha sonra isə avtomobili ondan aldıqları üçün həmin cərimələri ödəməmişdir. Avtomobili almasaydılar ödənişi edəcəkdi. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ilkin olaraq 3200 (üç min iki yüz) manat, 30 ay müddətində isə aylıq olaraq 500 (beş yüz) manat ödəməklə, 15000 (on beş min) manat olmaqla, ümumilikdə 18200 (on səkkiz min iki yüz) manat müqabilində sonuncudan 2007-ci il buraxılışlı, KNADE24437S252102 ban nömrəli “KİA PRİDE MİNİK” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin tarixdə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs istəyi ilə sonuncunun qardaşı Cavabdeh1 avtomobilə görə ilkin olaraq 3200 (üç min iki yüz) manat ödəmişdir. İddiaçı 10 oktyabr 2022-ci il tarixdə 360 (üç yüzaltmış) manat, 11 oktyabr 2022-ci il tarixdə isə 145 (bir yüz qırx beş) manat olmaqla, ümumilikdə 505 (beş yüz beş) manat aylıq ödənişi sonuncunun etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs istəyi ilə qardaşı Cavabdeh1 kart hesabına ödəmişdir. İddiaçı 15 oktyabr 2022-ci il tarixdə avtomobili Maraqlı şəxs müəyyən etdiyi Yasamal rayonunda yerləşən Bakı Avropa məktəbinin yaxınlığındakı avtoservisdə texniki baxışa aparmışdır. Həmin vaxt Maraqlı şəxs qardaşı Cavabdeh1 da orada olmuşdur. Avtoservisdə avtomobilə baxış keçirilərkən motorun üst qapağının rezini, iki ədəd forsunka, 1 ədəd tyaqa, hava filtiri və akumulyatorun nasaz olduğu aşkarlanmışdır. Bundan sonra Cavabdeh1 iddiaçıya avtomobili Yasamal rayonunda yerləşən Musabəyov parkının yaxınlığındakı avtoservisdə təmir etdirməyini bildirdi. İddiaçı həmin vaxt onunla birlikdə qeyd etdiyi avtoservisə getmişdir. Həmin avtoservisdə qeyd olunan nasaz detallar yenisi ilə əvəz olunaraq avtomobil təmir olunmuşdur. İddiaçı avtomobilin təmir-bərpası üçün həmin gün Cavabdeh1 kart hesabına 190 (bir yüz doxsan) manat ödəmişdir. Həmin vaxt Cavabdeh1 iddiaçıya maşında narkotik maddə aşkar etdiyini bildirmiş və aralarında bağlanmış öhdəlik müqaviləsinin 2.6-cı maddəsinə istinad edərək avtomobili iddiaçıdan alaraq müqaviləni ləğv etdiyini bildirmişdir. İddiaçı ona narkotik vasitə istifadəçisi olmadığını, avtomobildə də heç bir narkotik vasitə olmadığını bildirmiş və avtomobilin iddiaçıdan alınaraq müqavilənin ləğv edilməsinə etiraz etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 müqaviləni birtərəfli qaydada ləğv etdiyini demiş və maşını iddiaçıya geri qaytarmamışdır. Bundan sonra iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs zəng edərək, bu barədə bildirdikdə, o da iddiaçıya maşında narkotik vasitə aşkar edildiyinə görə aralarında bağlanmış öhdəlik müqaviləsini ləğv etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, qeyd olunan avtomobil onun adına olsa da avtomobili Fərdiyə satmışdır. Amma avtomobili öz adına niyə keçirimədiyini bilmir. Avtomobili etirabnamə ilə satmışdır. İş üzrə iddiaçını tanımır və onu heç vaxt görməmişdir. Onun bu işə heç bir adiyyatı yoxdur. O sadəcə maşını satıb pulunu almışdır. İş üzrə iddiaçını tanımır və onu heç vaxt görməmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin ona aid hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsinin şərtlərinə əsasən avtomobili alan şəxs avtomobili saz vəziyətdə qəbul edir və saz vəziyyətdə də qaytarmalıdır. Hər hansı bir qəza hadisəsi baş verərsə təmiri ilə bağlı bütün xərcləri ödəyəcəyini, hər ay cərimələri vaxtlı-vaxtında ödəyəcəyini öhdəsinə götürmüşdür. Əks halda əvvəlcədən ödənilən ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılmır. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən dəfələrlə pozulmuşdur. Birincisi cərimələrdir, ikincisi isə abtomobilə dəymiş zərərdir. Üçüncüsü isə avtomobildə narkotikin tapılmasıdır. İddiaçıya avtomobil verərkən bir neçə dostları bildirmişlər və inadırmışlar ki, iddiaçı elə biri deyil. O da həmin şəxslərin sözlərinə inanıb etibar edib iddiaçıya avtomobili vermişdir. Avtomobildə qanunsuz olaraq narkotik aşkar edildikdə bununla bağlı analiz verməsini məsləhət bilmiş və qeyd etmişdir ki, əgər narkotik vasitələrdən istifadə etməsi təsdiqini tapmazsa maşını qaytaracaqdır. Lakin iddiaçı analiz verməkdən imtina etmişdir. Müqavilənin şərtlərində də qeyd olunub ki, hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkarlanarsa əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılmır və tərəflər arasında bağlanmış müqaviləyə xitam verilir. Bundan başqa yanacaq doldurma məntəqəsində özünə məxsus atomobildə iddiaçı ilə söhbət zamanı idddiaçı narkotik vasitəni toydan-toya, arabir istifadə etdiyini etiraf etmiş və o bunu telefona çəkmişdir. Həmin video gorüntünü fləşdə və CD-ə yükləyərək məhkəməyə təqdim etmişdir. Bundan başqa iddiaçı tərəfindən yol hərəkət qaydalarının tələbləri pozulduğuna görə cərimələr tətbiq olunsa da ödənişləri etməmişdir. Hətda atası ilə də danışıqlar olmuşdur cərimələrlə bağlı, özünə də “whatsapp”da yazmışdır ki, cərimələri ödəmək lazımdır. Lakin iddiaçı cərimələri ödəməmişdir. Həmin avtomobilə görə olan cərimələri özü ödəmişdir. Cavabdeh tərəfindən 3200 manat pul ilkin ödəniş edilməmişdir. 2800 manat pul verilmiş, 200 manat isə müqavilə ilə bağlı dövlət rüsumlarının ödənilməsinə çəkilmiş xərcdir. Bu xərc də iddiaçı tərəfindən çəkilməli idi. Onun avtomobilə zərər vurması və cərimələri ödəməməsi nəticəsinə dəymiş zərərə görə iddiaçıya qarşı iddia qaldırmamışdır. Buna səbəb atasının danışıqlar zamanı iddiaçının ilkin olaraq ödədiyi vəsaitin vurulmuş zərərlə əvəzləşdirilməsini xahiş etməsi olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs bildirmişdir ki, mülki etibarnamə onda olduğuna görə avtomobilərin texniki baxışlarına o nəzarət edir. İddiaçının özünə də şərtləri izah edərək, bildirmişdir ki, razıdırsa maşını götürə bilər. 15 gündən bir avtomobillər texniki baxışdan keçirilir və cərimələr ödənilməlidir. Avtomobili necə sürülməsinə heç nə demirlər. İddiaçını tanımır, cəmi 2-3 dəfə görmüşdür. Avtomobil servisə gətirilərkən hər iki tərəfdən zədəli olmuşdur. Həmin avtomobilin akumlyatoru xarab olmuşdur servisə gətirilərkən 90 (doxsan) manat verib yeni akumlyatoru özü almışdır. Avtomobil nasaz olduğu zaman heç kimə heç nə demir. Nasazlığı özləri öz vəsaitləri hesabına aradan qaldırırlar. Sonra tərəfə bildirirlər ki, dəymiş ziyanın pulunu ödəyib maşını aparsın və ya öz hesabına istədiyi ustanın yanında təmir etsin. Hətta iddiaçının atası gəlmişdir ki, pul verib maşını götürsün. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, o maşın ustasıdır. Qardaşları bir yerdə görmüşdür. Pul verilərkən yanacaqdoldurma məntəqəsinin həyətində görüşmüşlər. İddiaçı ilə birlikdə maşın almağa gəlmişlər. Maşına baxıb, razılaşıb və notariusa getmişlər. Orada iddiaçıya etibarnamə vermişlər. Sonra da iddiaçı ilə Cavabdeh1la müqavilə bağlanmışdır. O maşını iddiaçıya verəndə iştirak etmişdir. İlkin ödənişlə bağlı danışıqları 3500 olmuş, amma sonradan 3200 manata, aylıq isə 450 manata razılaşmışdılar. Bunların hamısı notariusun içində olmuşdur. Sədrlik edənin sualına cavab olaraq hansı notarius olduğunu yadında saxlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 taksi fəaliyyət ilə məşğul olduğunu, mübahisəli avtomobilə baxış zamanı orda iştirak etdiyini, avtomobili iddiaçının gətirdiyini və həmin avtomobilin hər iki tərəfdən sağ-sol hissələrində zədə olduğunu, sonradan maşını işə satmaq istəsələr də işə düşmədiyini, Maraqlı şəxs yeni akkumulyator alıb maşının üzərinə qoyduğunu bildirmişdir. Qeyd etmişdir ki, sonradan matorunda da problem olduğu müəyyən olunmuşdur. Özünün bildirdiyinə görə maşınla iki maşının arasından keçdiyi üçün əzilmişdir. Avtomobilərin texniki baxışı 15 gündən bir olur. O özü də cavabdehlərdən maşın götürüb sürmüşdür. Hazırda ikinci dəfədir ki, maşın götürür. Pis olsaydı yəqin ki, götürməzdi. İş materiallarında olan birinci tərəf Cavabdeh2 ilə ikinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Öhdəlik müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs xx.xx.2019-cu il tarixli AD №627721 seriya nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsun 99TZ980 dövlət nömrə nişanlı KİA Pride minik markalı nəqliyyat vasitəsini 15000 manata satılması, həmin məbləğ 30 ay müddətinə hər ay 500 manat olmaqla İddiaçı tərəfindən ödənildikdən sonra həmin avtomobilin alqı-satqı müqaviləsi əsasında onun adına keçirilməsi barədə İddiaçı ilə razılığa gəlmişlər. Müqavilənin 2-ci bəndinə əsasən ödəniş göstərilən tarixdən ən çox halda 2 gün gecikdirilə bilər, 3-cü günə keçdiyi halda ödənilməzsə və ya ikinci tərəf könüllü şəkildə avtomobildən imtina edərsə əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ikinci tərəf avtomobili texniki cəhətdən saz vəziyyətdə qəbul etdiyini təsdiqləyir və müqavilə bitən tarixədək nəqliyyat vasitəsini texniki saz vəziyyətdə saxlamağı, müqaviləyə xitam verilərsə texniki saz vəziyyət də qaytarmağı, hər hansı bir qəza baş verərsə təmiri ilə bağlı bütün xərcləri ödəməyi, təmir xərclərinin gündəlik pula aid olmayacağını, nəqliyyat vasitəsi ilə bağlı bütün məsuliyyətin ikinci tərəfin üzərində olacağını və həmin nasazlıqları 1 ay ərzinə həll edəcəyini, hər ay DYP və BNA cərimələrini vaxtında ödəyəcəyini öhdəsinə götürmüşdür. Əks halda əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılır. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən tərəflər 2-ci tərəfin qanında və nəqliyyat vasitəsində narkotik vasitə və ya psixatrop maddə aşkarlanarsa əvvəlcədən olan ödənişlər qaytarılmamaq şərti ilə avtomobili geri qaytarmağı və müqaviləyə xitam verməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibatnamədən görünür ki, Cavabdeh2 ona məxsus 99TZ980 dövlət nömrə nişanlı KİA Pride minik markalı nəqliyyat vasitəsini İddiaçı 6 ay müddətinə xx.xx.2023-cü il tarixədək idarə etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 məxsus hesaba 145 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 məxsus hesaba 145 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 190 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən və izahatdan görünür ki, o Famil və Cavabdeh1 qardaşlarından icarəyə KİA Pride avtomobili götütdüyünü və bir ayın tamamında onların həmin avtomobilin nasaz olmasını bəhanə gətirərək nəqliyyat vasitəsini İddiaçı aldıqlarını və bu barədə tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o iddiaçıya maşını aralarındakı müqaviləyə əsasən kirayə verdiyini və o ayın tamamında maşının texniki cəhətdən yararsız, iddiaçının isə narkotik vasitənin təsiri altında olması səbəbindən müqavilənin şərtlərinə əsasən ondan geri aldığını bildirmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ondan avtomobilin alınması barədə müraciətinin mülki xarakterli olması müəyyənləşdirilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı cavabdehlərə pulun ödənilməsi barədə məktub göndərmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tarixçələrindən görünür ki, İddiaçı 99TZ980 dövlət nömrə nişanlı KİA Pride minik markalı nəqliyyat vasitəsi ilə törətdiyi inzibati xətalara görə xx.xx.2022-ci il tarixdə 60 manat məbləğində cərimə edilmiş və cərimə dəbbə pulu ilə birlikdə 69,12 manat olmaqla xx.xx.2023-cü il tarixdə ödənilmiş, xx.xx.2022-ci il tarixdə 10 manat məbləğində cərimə edilmiş və cərimə dəbbə pulu ilə birlikdə 12,90 manat olmaqla xx.xx.2023-cü il tarixdə ödənilmiş, xx.xx.2022-ci il tarixdə 10 manat məbləğində cərimə edilmiş və cərimə dəbbə pulu ilə birlikdə 13,50 manat olmaqla xx.xx.2023-cü il tarixdə ödənilmiş,xx.xx.2022-ci il tarixdə 40 manat cərimə edilmiş və cərimə məbləği dəbbə pulu ilə birlikdə 53,60 manat olmaqla xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İş materiallarında olan avtoservisin müdiri Yaşar Şabanov tərəfindən imzalanaraq möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayış-aktdan görünür ki, KİA Pride minik markalı 99TZ980 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ümumilikdə dəyən zərər 3240 manat məbləğində dəyərləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Eyni Məcəllənin 748-1.7-ci maddəsinə əsasən Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Qeyd olunan Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cü il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qərardan da göründüyü kimi məhkəmənin vəzifəsindən biri həqiqətin müəyyən edilməsidir. İş materialları və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olmuş, lizinq müqaviləsinə uyğun olaraq tərəflər arasında öhdəlik və müqavilə üzrə şərtlər müəyyən edilmişdir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış və müqavilə üzrə Cavabdeh2 nümayəndəsi Maraqlı şəxs nəqliyyat vasitəsini İddiaçı verməyi, iddiaçı isə müqavilə üzrə razılaşdırılmış məbləği ödəməyi, maşını texniki cəhətdən saz vəziyyətdə saxlamağı, cərimələri ödəməyi və s. öhdəsinə götürmüşdür. Maraqlı şəxs müqavilə üzrə öhdəliklərini yerinə yetirərək nəqliyyat vasitəsini texniki cəhətdən müqavilə üzrə razılaşdırılmış vəziyyətdə təqdim etsə də, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bir çox hallarda müqaviləni şərtlərini pozmuş, beləliklə müqavilənin icrasından imtina etmişdir. Belə ki, iddiaçı avtomobili texniki cəhətdən müqavilə üzrə razılaşdırılmış vəziyyətdə saxlamamış, DYP və BNA cərimələrini ödəməmiş, həmin cərimələr daha sonra cavabdehlər tərəfindən ödənilmiş, həmçinin nəqliyyat vasitəsinin avtoservisdə yoxlanışı zamanı ona ümumilikdə 3240 manat zərər vurulduğu da aşkar edilmişdir. Bundan başqa məhkəmə iclasında Cavabdeh1 tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman İddiaçı narkotik vasitələrdən arabir istifadə etməsini etiraf etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı müqavilənin bir neçə şərtini pozmaqla Cavabdeh1 və müstəqil tələb irəli sürməyən şəxs Maraqlı şəxs zərər vurmuş, cavabdeh də haqlı olaraq müqavilə şərtlərinə uyğun şəkildə ona xitam vermiş və nəqliyyat vasitəsini iddiaçıdan almışdır. Müqavilə şərtlərinə əsasən müqaviləyə ikinci tərəf yəni İddiaçı tərəfindən müqavilə şərtləri pozulduqda xitam verildiyi halda ödənilmiş məbləğ geri qaytarılmır. Bu səbəbdən də iddaiçının ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə iddiası əsassızdır. Bundan başqa iddiaçı 3200 manat ilkin ödəniş etdiyini bildirmiş, lakin iş materialları ilə 3200 manat ödənilməsi öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh tərəf də 2800 manat ödəniş edildiyini qəbul etmişdir. Məhkəmə 3200 manat məbləğin iddiaçı tərəfindən ödənilməsi barədə şahid ifadəsinə də qiymət verərək qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə şahid Zaur Zamanov tərəfindən verilmiş ifadəyə tənqidi yanaşır və bildirir ki, Zaur Zamanov notariusa birlikdə getdiklərini bildirsə də, sədrlik edənin verdiyi suallara qeyri-dəqiq cavab vermiş, notariusun ünvanı ilə bağlı sualı isə cavablandıra bilməmiş, unutduğunu bildirmişdir. Məhkəmə müqavilənin bağlandığı tarixdən uzun müddət keçmədiyini nəzərə alaraq şahid Zaur Zamanovun ifadəsini mötəbər hesab etmir. Həmçinin Cavabdeh1 iddiaçının nəqliyyat vasitəsinə vurduğu 3240 manat zərərin görə ilkin ödənişlə əvəzləşdirilməsi və buna görə də cavabdehlər tərəfindən İddiaçı qarşı iddia qaldırılmamasına dair İddiaçı atası ilə razılığı gəlmələri barədə verdiyi izahatı da ağlabatan hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə iddia tələbinin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Mülki Məcəllənin 14.2-ci maddəsində qeyd olunur ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri aiddir. Göründüyü kimi hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlər tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası rədd edilməli və iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar