Məhkəmə qərarları › İş №e-2(004)-184/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-184/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-184/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı ödənişin qəbul edilməsi və müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı ödənişin qəbul edilməsi və müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsi və Cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Safarİ-N Mənzil Tikinti Kooperativi ilə hüquqlarını müdafiə etdikləri X1 arasında daşınmaz əmlakın alqı-saqısı müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə müvafiq olaraq ilkin ödəniş qismində 40.000 manat məbləğində ödəniş edilmiş və daha sonra qalan pulun hissə-hissə ödənilməsi qərarlaşdırılmışdır. Qeyd edilməsi zəruridir ki, bunun qarşılığında "xxxx" MTK mənzili (daxili tamamlama işləri görülmədən) hüquqlarını müdafiə etdiyimiz Ofelya Məmmədovaya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilələrin icrası üçün qabaqcadan müəyyən edilmiş ödəniş edilmişdir. Ofelya Məmmədova mənzili alarkən cavabdehə xəstə olduğunu, Gəncə şəhərində yaşadığını, Bakı şəhərinə gələ bilmədiyini, Ödənişləri fərqli-fərqli məbləğlərlə ödəməyinin problem olub-olmadığını soruşmuşdur. Cavabdeh isə Ofelya Məmmədovaya bildirmişdir ki, sonuncu ödəniş vaxtı olan 02 oktyabr 2024-cü il tarixə kimi borcun tamamını bağladığı təqdirdə heç bir problem yoxdur. Məhz bu vədə görə İddiaçı ödənişi fərqli məbləğlərdə etmişdir. Belə ki, cavabdeh bu vədi verməklə hüquqlarını müdafiə etdiyi Ofelya Məmmədovanı arxayın etmişdir. İddiaçı qəsdən və şüurlu şəkildə deyil, məhz xəstə olduğundan və hər dəfə Bakıya gəlib-gedməsi mümkünsüz olduğundan ödənişi eyni məbləğlərdə etməmişdir, lakin cavabdeh sonradan fikrini dəyişərək əsassız şəkildə ödənişin gecikdirildiyini bildirmişdir. Əgər cavabdeh əvvəlcədən hər ay eyni məbləğdə ödəniş etmə öhdəliyinin olduğunu bildirsəydi, iddiaçını arxayın etməsəydi, iddiaçı bu halda ya müqavilə üzrə öhdəliyi olduğu kimi icra edər, ya da daha əlverişli şərtlərlə bağlanmasını tələb edərdi. Tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin 3.3-cü bəndindən bir daha görünür ki, müqavilə üzrə öhdəliyin icra olunmasının sonuncu tarixi 02 oktyabr 2024-cü ildir. Bu o deməkdir ki, iddiaçı həmin tarixə qədər müqaviləni icra edə bilər və o həqiqətən də müqavilənin icrasından boyun qaçırmır, hər ay qeyd edilən məbləğlərdə ödənişi etmişdir. Hətta iddiaçı tam məbləği ödəməyə hazırdır. Lakin cavabdeh ödənişi qəbul etmir və bununla yanaşı o iddiaçıdan 50.000 manat ödəniş tələb edir. Həmin pulun ödənilməyəcəyi təqdirdə evin başqasına satılacağını bildirir. Halbuki, bu, qanunsuz və əsassızdır, ona görə ki, iddiaçı daha əvvəl ödəniş etmiş və hal-hazırda da ödənişdən boyun qaçırmır. Cavabdehin hansı əsasla əlavə ödəniş tələb etməsi sual doğurur. Cavabdehin müqavilənin icra edilməməsi bəhanəsiylə iddiaçının əlindən mənzilini alacağı ilə hədələməsi onun mülkiyyət hüququnu pozmmaqla yanaşı, onu ağır maddi vəziyyət qarşısında qoymuşdur. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, iddiaçının oğlu X3 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. X7 Əliyev tərəfimdən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilərək dəfələrlə vətənə olan borcunu şərəflə yerinə yetirdiyinə görə təşəkkümamələr almışdır. Vətənə borcunu şərəflə yerinə yetirən şərəfli Azərbaycan Əsgərinin anasını mənzili üzərində mülkiyyət hüququndan məhrum etmək əsl biabırçılıqdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı tərəfindən edilən ödənişlərin "xxxx" MTK tərəfindən qəbul edilməsi, "xxxx" MTK tərəfindən müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi və SAFARİ-N” Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmənin hazırlıq iclasında SAFARİ-N” Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolunu, Ofelya Məmmədovaya ünvanlanmış məktubu və pritenziya məktubunun surətini məhkəməyə təqdim etdi. SAFARİ-N” Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolunda göstərilir ki, X2 SAFARİ-N” Mənzil Tikinti Kooperativinin üzvlüyündən çıxarılsın və ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi sahəsi 148,5 kv.m yaşayış sahəsi 75,4 kv.m olan 3 otaqlı, 192 saylı mənzili boşaldılsın. SAFARİ-N” Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolundan göründüyü kimi ümumi yığıncaq 5 nəfərin iştirakı ilə keçirilmiş, iştirak edən şəxsləri şəxsiyyətləri dəqiq göstərilməmiş,yalnız sədr və katib tərəfindən imzalanmış, heç bir qanuna əsaslandırılmamış və tam qanunsuz və heç bir əsası olmayan sənəd tərtib edilmişdir, ona sənəd demək olarsa. Bundan başqa pretenziya məktubunda göstərilən xüsusatlarla bağlanmış müqavilənin bəndləri və şərtləri arasında coxsaylı ziddiyyətlər var və müqaviləyə görə ödəmənin 02 (iki) ay ödənişin gecikdirilməsinə görə hansısa bir müqavilə şərtinin pozulmasına dair maddə yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, MTK iddiaçı tərəfi dəvət edərək məsələni məhkəmədən kənar həll olunmasını istəmişdir, lakin təklifə müsbət reaksiya olmamışdır. 02 aprel 2022-ci il tarixdə müqavilə bağlanmış, bir tərəf MTK, digər tərəf isə payçı idi. Bu müqavilə podrad müqaviləsinə uyğun tənzimlənir. 148,5 kv.m. mənzilə dair 02 aprel 2022-ci il tarixdə müqavilə bağlanmış, ilkin ödəniş 40000 manat olmuş, 73000 manat isə kreditə heç bir faiz olmadan tərəfə verilir. Tərəf müqavilədən irəli gələn öhdəlikləri pozur və dəfələrlə ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, ayda ödəməli olduğu ödənişləri azaltmağa başlamışdır. İddiaçı 05 may 2023-cü il tarixdə 1500 manat, 07 iyun 2022-ci il tarixdə 1500 manat ödəmiş, iyul ayında heç bir ödəniş olmamış, avqust ayında 1000 manat, sentyabr və oktyabr aylarında yenə heç bir ödəniş etməmiş, noyabr ayında 1000 manat ödəmiş, daha sonra 4 aydan sonra 2023-cü ilin mart ayında aylara uyğun 4000 manat ödəmişdir, yəni cəmi 9000 manat ödəniş etmişdir. Lakin həmin vaxta kimi 43000 manat ödəməli idi. Payçı tərəfindən müqavilə şərtləri pozulmuşdur. Məhkəmə tərəfindən qərar qəbul olunacağı təqdirdə, bu qətnamənin icra qaydası yoxdur və bu əsassız varlanmaya gətirib çıxardacaq. Çünki heç bir müqavilə yoxdur, müqavilə ləğv olunub və onlar qüvvədə olmayan müqavilə üzrə pulu qəbul edə bilməzlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilkin olaraq 40000 manat pul vermişdir. Bundan sonra iddiaçı Gəncə şəhərində yaşadığından, hər dəfə gəlib hər ay ödəniş edə bilməmiş, ona görə pulu yığıb gəlib birdən ödəniş edirdi. Toplamda 9000 manat onların pulundan ödəniş olunub. Bu ödəniş olunan müddətdə onlar 1000 manat, 1500 manat, 4000 manat ödəyəndə də, onlara heç kəs demədi ki, niyə 2473 manat yox, 1000 manat və ya 1500 manat, 4000 manat ödəyirsən. Daha sonra iddiaçı birdəfəlik ödəniş etmək istəyəndə, cavabdeh pulu qəbul etməkdən dəfələrlə imtina etmişdir. Onlarda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra cavabdeh tərəf pretenziya məktubunda iki aylıq müddəti qeyd etmişdir, lakin sonra müqaviləyə baxarkən, onların 6 ay vaxtı olduğunu aşkar ediblər. 6 ay tamam olmadan pretenziya məktubunda qeyd olunmuş iki aylıq müddətlə bağlı özləri yığıncaq etmişlər. Ümumi yığıncağda şərtlər var, hansına riayət olunmalıdır, heç bir şərtlərə əməl olunmayıb. Ümumi yığıncağın keçirilməsi əsassızdır. Bundan sonra Cavabdeh MTK-nın rəhbəri İsfəndiyar müəllim onları qəbul etmiş və bildirmişdir ki, bu günə kimi iddiaçı 49000 manat pul ödəyib və bundan sonra əlavə 62000 manat pul ödəməlidi. İlkin müqavilədə evin dəyəri 123000 manat idi. Barışıq üçün qarşı tərəf heç bir addım atmayıb. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Safari-N MTK ilə İddiaçı arasında bağlanmış 02 aprel 2022-ci il tarixli 192 №li Korperativ Mənzil Tikintisi haqqında müqavilədən görünür ki, müqavilənin predmetini ünvan 2 ünvanında Safari-N MTK-nın hesabına inşa edilmiş yaşayış binasının 192 saylı mənzili təşkil edir. Satıcı inşa edilmiş binanın 3-cü giriş, 6-cı mərtəbə, 192 saylı mənzili Payçılya verməyi öhdəsinə götürür.Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 148,5 kv m təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Payçı müqavilə bağlanan gün 40000 AZN məbbləğində ödəniş etdi. 3.2-ci bəndinə əsasən qalıq borc 73000 AZN, aylıq 2433 AZN təşkil edir. 3.3-cü bəndinə əsasən son ödəniş tarixi 02 oktyabr 2024-cü ildir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” bu müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 6 ay gecikdirdikdə "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. 5.3-cü bəndinə əsasən bu müqavilənin 3.3 bəndində qeyd olunan müddətədək mənzilin dəyərini tam ödəməzsə mənzilin qiymətinə yenidən baxılır və “Payçı” həmin günə olan qiymətlərlə ödəniş aparır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə ödənişin qəbul edilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Safari-N MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı Safari-N MTK-nın üzvlüyündən çıxarılması, onun ünvan 2 ünvanında yerləşən korporativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi tikinti binasında 148,5 kv m, yaşayış sahəsi 75,4 kv olan 3 otaqlı 192 saylı mənzili boşaltması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarxili pretenziyadan görünür ki, həmin məktubda İddiaçı 10 gün müddətində mənzil yeni qiymətlə alması təklif edilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona Safari-N MTK ilə aralarında bağlanmış müqavilənin ləğv edildiyi qeyd edilmişdir. Adıçəkilən həm pretenziya məktubunda, həm də müqavilənin ləğvi ilə bağlı məktubda qeyd edilmişdir ki, payçı müqavilə üzrə aylıq ödənişi 2 ay gecikdirdikdə MTK tərəfindən müqavilə birtərəfli qaydada pozulur və həmin mənzil başqa şəxsə satılır. İş materiallarında olan Safari-N MTK tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə hər ay 1500 AZN, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə hər ay 1000, xx.xx.2023-cü il tarixdə 4000 AZN ödəniş etmiş, həmin tarixdən bu günə kimi heeç bir ödəniş etməmişdir. Hazırda 43794 AZN qalıq borc qalmışdır. İş materiallarında olan xəbərnamələrdən görünür ki, həmin xəbərnamələrdə məktubu alan şəxs kimi “Məmmədova” soyadı qeyd edilərək imza edilsə də, həmin xəbərnamələrin üzərində “məktub geri qaytarıldı” qeydi yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 112.2-ci maddəsinə əsasən Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 568-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mənzil Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. Beləliklə, məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılaraq iş materialları ilə müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 02 aprel 2022ci il tarixli 192 №li Korperativ Mənzil Tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi sahəsi 148,5 kv.m yaşayış sahəsi 75,4 kv.m olan 3 otaqlı, 192 saylı mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzilə görə ilkin olaraq 40000 manat, daha sonra xx.xx.2024-cü il tarixədək hər ay 2433 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müxtəlif tarixlərdə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə hər ay 1500 AZN, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə hər ay 1000, xx.xx.2023-cü il tarixdə 4000 AZN ödəniş etmişdir. Daha sonra İddiaçı cavabdeh Safari-N MTK-ya müraciət edərək mənzilin qalan ödənişini həyata keçirmək niyyətini bildirmiş, lakin cavabdeh mənzilə görə əlavə ödəniş tələb edərək ödənişi qəbul etməkdən imtina etmişdir.( xx.xx.2023-cü il tarixli pretenziya məktubu). Daha sonra iddiaçı hüquqlarının həyata keçirilməsi üçün məhkəmənin icraatında olduğu müddətdə cavabdeh Safari-N MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolu ilə İddiaçı Safari-N MTK-nın üzvlüyündən çıxarılması, onun ünvan 2 ünvanında yerləşən korporativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi tikinti binasında 148,5 kv m, yaşayış sahəsi 75,4 kv olan 3 otaqlı 192 saylı mənzili boşaltması qərara alınmışdır. Korperativ üzvlüyündən çıxarılmaya səbəb kimi İddiaçı müqavilə üzrə öhdəliklərinin vaxtında tam yerinə yetirməməsi göstərilmişdir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Bununla yanaşı tərəflər arasında bağlanmış müqavilənin şəxsə xəbər verilmədən ləğv edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi cavabdeh Safari- N MTK iddiaçıya heç bir xəbərdarlıq etmədən ümumi yığıncağın iclasını təşkil edərək şəxsin üzvlükdən çıxarılması barədə qərar qəbul edilməsinə nail olmuşdur. Cavabdeh tərəfindən pretenziya məktubu və müqavilənin ləğv edilməsi barədə məktub, həmçinin poçt qəbzləri təqdim olunsa da məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən həmin məktubların alınmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xəbərnamədə məktubu alan şəxs kimi “Məmmədova” soyadı qeyd edilərək imza edilsə də, həmin xəbərnamələrin üzərində “məktub geri qaytarıldı” qeydi yazılmışdır. Bundan başqa qeyd edilən pretenziya məktubu və müqavilənin ləğvi barədə məktubda müqavilənin ləğvinə əsas kimi guya tərəflər arasında bağlanmış müqaviləyə əsasən “payçı müqavilə üzrə aylıq ödənişi 2 ay gecikdirdikdə MTK tərəfindən müqavilə birtərəfli qaydada pozulur və həmin mənzil başqa şəxsə satılır” müddəasının olmasına istinad edilmişdir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə ödənişin 6 ay gecikdirildikdə "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulması, həmin mənzilin başqa şəxsə satılması müddəası öz əksini tapmışdır. Həmçinin qeyd edilən müqavilədə ödəniş 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunması qeyd edilsə də, MTK tərəfindən İddiaçı cərimə hesablanması iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, müqavilədə ödənişin 6 ay gecikdirildikdə "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulması, həmin mənzilin başqa şəxsə satılması müddəası qeyd edilmiş, iddiaçı tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş, üzərindən 6 ay keçmədən, qalan borc məbləğinin tam ödənilməsi barədə MTK-ya müraciət etsə də MTK heç üzürlü səbəb olmadan ödənişi qəbul etməkdən imtina etmiş, iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olarkən Safari-N MTK-nın ümumi yığıncağı çağırması və İddiaçı üzvlükdən çıxarılması barədə qərar qəbul edilməsi qanunauyğun hesab edilə bilməz. Həmçinin məhkəmə hüquqi müəyyənlik baxımından qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli protokolda 5 nəfər üzvün iştirak etdiyi qeyd edilsə də, həmin şəxslərin adları, soyadları protokolda qeyd edilməmiş, protokol yalnız sədr və katib tərəfindən imzalanmışdır ki, bu hal özü də təqdim edilmiş sübutların həqiqiliyini şübhə altına alır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Beləliklə, məhkəmə müqavilə üzrə öhdəliklərin tərəflər üçün məcburi olmasını, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gələrək xx.xx.2022-ci il tarixli müqaviləni imzalamalarını, müqavilədə əvvəlcədən ifadə edilmiş standart şərtlərin olmasını, müqavilə üzrə son ödəniş tarixinin 02 oktyabr 2024-cü il olmasını, həmçinin iddiaçının müqavilə üzrə ödənişinin 6 ay gecikdirilmədən tam ödəniş etmək niyyətinin olmasını, lakin cavabdeh tərəfindən həmin ödənişin qəbul edilməsindən imtina edilməsini və nəticədə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etəmsini, cavabdehin isə iş məhkmənin icraatında olduğu zamann şəxsin ödənişi həyata keçirmədiyini əsas gətirərək ümumi yığıncağın iclasında İddiaçı Safari-N MTK-nın üzvlüyündən əsassız olaraq çıxarılması barədə qərar qəbul edilməsini nəzərə alaraq hesba edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması və onun MTK-nın Yasamal rayonu, 7-ci Alatava, 88 ünvanında yerləşən kooperativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi tikinti sahəsi 148,5 kv.m., yaşayış sahəsi 75,4 kv.m. olan 3 otaqlı 192 saylı mənzili boşaldması barədə Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolu ləğv edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında 02 aprel 2022-ci il tarixdə bağlanmış 192 saylı müqavilə üzrə öhdəliyin icrasının təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava, 88 ünvanda inşa edilmiş 3-cü girişin, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 192 saylı mənzillə bağlı İddiaçı tərəfindən mənzilin dəyəri üzrə birdəfəlik ödənişin qəbul edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması və onun MTK-nın Yasamal rayonu, 7-ci Alatava, 88 ünvanında yerləşən kooperativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi tikinti sahəsi 148,5 kv.m., yaşayış sahəsi 75,4 kv.m. olan 3 otaqlı 192 saylı mənzili boşaldması barədə Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolu ləğv edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında 02 aprel 2022-ci il tarixdə bağlanmış 192 saylı müqavilə üzrə öhdəliyin icrasının təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava, 88 ünvanda inşa edilmiş 3-cü girişin, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 192 saylı mənzillə bağlı İddiaçı tərəfindən mənzilin dəyəri üzrə birdəfəlik ödənişin qəbul edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar