Məhkəmə qərarları › İş №e-2(004)-1855/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1855/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1855/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, Y/87 nömrəli müqavilə üzrə yaranmış 72092 (yetmiş ikimin doxsan iki) manat borcun, habelə ödənilmiş 307 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK və Cavabdeh arasında, xx.xx.2022-ci il tarixli, Y/87 nömrəli müqavilə bağlanılmış (bundan sonra Müqavilə) və həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı İddiaçı MTK Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi DİM-nin yanında inşa edilən yaşayış kompleksinin bina 1, mərtəbə 16, ümumi sahəsi 133,66 kv.m olan 3 otaqda ibarət 87 saylı mənzili alıcı - Cavabdeh satır, alıcı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən olunmuş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada Satıcıya, yəni iddiaçıya ödəyir. Müqavilənin 2.2-ci hissəsində cavabdeh tərəfindən mənzilin dəyərinin ödənilməsi üzrə alıcının öhdəlikləri nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, cavabdeh mənzilin hər kv.m üçün 1328,31 manat olmaqla, cəmi 177.542 (bir yüz yetmiş yeddi min beş yüz qırx iki) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulmuş ilkin ödənişi, yəni 50770 manatı iddiaçıya ödəsə də, sonradan qrafik üzrə ödənişləri mütəmadi gecikdirməyə başlamış və qrafikdə göstərilən məbləğlərdən aşağı miqdarda ödəmələr etmişdir və 2023-cü ilin oktyabr ayından isə heç bir ödəniş etməmişdir. Cavabdehə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, sonuncu onlara əhəmiyyət verməmişdir. Son dəfə cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş bildirişə cavab olaraq, cavabdeh ərizə ilə müraciət etmiş və bildirmişdir ki, guya ödəniş etmək niyyətində olmuş, lakin ondan ödənişlər qəbul olunmamışdır. Bildirir ki, qeyd edilənlər həqiqətə uyğun deyildir. Cavabdeh İddiaçı MTK-nin rəhbərliyini tanıyır və Kooperativin rekvizitlərini də yaxşı bilir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, Y/87 nömrəli müqavilənin 1.1., 2.2.1., 2.2.3cü bəndlərini pozması aşkardır. Qeyd etməlidir ki, qrafikə uyğun ödənişlər etməyən və ödənişləri dəfələrlə gecikdirən cavabdeh tərəfindən təqdim edilmiş qəbzlər əsasında etdiyi ödənişlər çıxıldıqdan sonra bu günə olan borcu 72092 (yetmiş iki min doxsan iki) manatdır. İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 260-cı maddələrinin tələblərini rəhbər tutaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanmasına etiraz etdiyini bildirmiş və işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sübutları, cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, işə mahiyyəti üzrə baxılaraq, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11—ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2022-ci il tarixli Y-87 nömrəli müqaviləyə əsasən satıcı - İddiaçı MTK Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi DİM-nin yanında inşa edilən yaşayış kompleksinin bina 1, mərtəbə 16, ümumi sahəsi 133,66 kv.m olan 3 otaqda ibarət 87 saylı mənzili alıcı - Cavabdeh satmağı, alıcı Cavabdeh isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, alıcı yuxarıda göstərilən yaşayış binasının 16cı mərtəbəsində yerləşən, tam sahəsi eyvanla birlikdə 133.66 kvm olan 3 otaqlı 87 saylı mənzilin sahəsinin hər kv.m – i üçün 1328.31 manat olmaqla, cəmi 177 542 (bir yüz yetmiş yeddi min beş yüz qırx iki ) manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, alıcı ümumi məbləğin ilkin ödənişini 50 770 (əlli min yeddi yüz yetmiş) manat ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, alıcı qalıq ödəmələri varsa, müqavilədə göstərilən qrafik üzrə ödəməlidir. Alıcı ödəmələri qrafikdə qeyd olunan tarixdə ödəmədiyi halda, sonrakı 3 iş günü ərzində ona yazılı xəbərdarlıq edilir, həmin xəbərdarlığı alıdıqdan sonra 10 iş günü ərzində ödənişləri ödəmədiyi halda müqavilə icraçı tərəfindən birtəfərli qaydada ləğv edilir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, alıcı mənzilin dəyərini tam ödədikdən sonra mənzilin təmirinə başlayır. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli, 19 oktyabr 2022-ci il tarixli, 14 yanvar 2023-cü il tarixli, 04 mart 2023-cü il tarixli, 17 aprel 2023-cü il tarixli, 06 iyul 2023cü il tarixli, 25 iyul 2023-cü il tarixli, 09 oktyabr 2023-cü il tarixli, 04 noyabr 2022-ci il tarixli, 23 noyabr 2022-ci il tarixli, 09 dekabr 2022-ci il tarixli və 02 avqust 2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh tərəfindən ümumilikdə 105450 manat məbləğində pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 307 (üç yüz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, İddiaçı MTK-nın nümayəndəsi ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanmasını xahiş etsə də, cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən ərizə təmin edilməməli və işə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanılmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzilin dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, Y/87 nömrəli müqavilə üzrə yaranmış 177 542 manat - 105450 manat = 72092 (yetmiş iki min doxsan iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 307 (üç yüz yeddi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, Y/87 nömrəli müqavilə üzrə yaranmış 72092 (yetmiş iki min doxsan iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 307 (üç yüz yeddi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar