Məhkəmə qərarları › İş №e-2(004)-1875/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1875/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1875/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2750.00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 48.00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsində cavabdehlər tərəfindən idarə edilən və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh2 istifadəsində olan “Toyota Corolla minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir və sərnişin X2 qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Tərtib olunan İXP2529441 saylı İnzibati Xəta haqqında protokola əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2000,00 (iki min) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA45155/19 və PXA46943/19 saylı sığorta aktları tərtib edilməklə dəymiş zərərə görə “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2000,00 (iki min) manat məbləğində, X4 isə 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. (Ümumilikdə 2750,00 (iki min yeddi yüz əlli manat). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA********** nömrəli icbari sığorta müqaviləsi ilə sığortalı Cavabdeh2 istifadəsində olan “Toyota Corolla minik” markalı, 99MZ952 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi 1 il müddətinə icbari sığorta edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ƏN-Vİ 693182 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən “Toyota Corolla minik” markalı, 99MZ952 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X9 tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixədək qüvvədə olmaq şərtilə etibar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA45155 nömrəli sığorta aktına əsasən “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Sığortalanmış “Toyota Corolla” markalı, 99MZ952 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə “Mazda-626” markalı, 10BS903 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın məbləği X5 ATXS-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli Qüsur Aktına uyğun olaraq 2000 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 2000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA46943 nömrəli sığorta aktına əsasən Sığortalanmış “Toyota Corolla” markalı, 99MZ952 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə “Mazda-626” markalı, 10BS903 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sərnişin X10 yüngül dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın məbləği AR Səhiyyə Nazirliyinin tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin xx.xx.2019-cu il tarixli 558 saylı Ekspert Rəyinə uyğun olaraq 750 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İXP2529441 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 558 nömrəli Ekspert Rəyinə əsasən 1983-cü il təvəllüdlü X7 məhkəmə tibbi və klinik müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- bel nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan əzələ-bağ aparatının gərilməsi, sol bud-çanaq oynaq nahiyəsinin və döş qəfəsinin küt travması, alın nahiyəsinin sol hissəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşımla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, HK-1/207 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2019-cu il tarixdə 00:30-da Abşeron rayonu, Mehdiabad qəsəbəsində Cavabdeh1 idarə etdiyi “Toyota Corolla” markalı, **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobil X6 idarə etdiyi “Mazda-626” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş Qüsur Aktına əsasən “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği 2000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan anası Cavabdeh2 baş etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı **-MZ-*** dövlət nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə maddi ziyan vurduğuna görə həmçinin idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X3 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti aldığına görə o, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh2 baş etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı **-MZ-*** dövlət nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan oğlu Cavabdeh1 idarə etmək üçün verdiyinə görə o, Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığına görə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx/xx-1258 nömrəli geriyə tələb (subroqasiya) məktubuna əsasən iddiaçı cavabdehə "xxxx" ASC tərəfindən həyata keçirilən 2750 manat sığorta ödənişini 7 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə 2750 manat sığorta ödənişi məbləğinin və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Toyota Corolla minik” markalı, **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat həcmində icbari sığorta edilmişdir. xx.xx.2019-cu il tarixdə 00:30-da Abşeron rayonu, Mehdiabad qəsəbəsində Cavabdeh1 idarə etdiyi “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 idarə etdiyi “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sonuncu avtomobilə 2000 manat məbləğində maddi ziyan dəymiş, sərnişin X1 isə yüngül zərər dəymişdir. Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan anası Cavabdeh2 baş etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı **-MZ-*** dövlət nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə maddi ziyan vurduğuna görə həmçinin idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X3 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti aldığına görə o, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Cavabdeh2 isə baş etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı **-MZ-*** dövlət nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan oğlu Cavabdeh1 idarə etmək üçün verdiyinə görə o, Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" ASC tərəfindən “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2000 manat, X1 dəymiş yüngül zərərə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2750 manat məbləğində həyata keçirdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını və sübutları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən “Mazda” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2000 manat, X1 dəymiş yüngül zərərə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirildiyinə görə, həmin məbləğdə sığorta ödənişi subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2750 manat məbləğində tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 48 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Mazda” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2000 (iki min) manat, X1 dəymiş yüngül zərərə görə 750 (yeddi yüz əlli) manat, ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar