Məhkəmə qərarları › İş №e-2(004)-1909/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1909/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1909/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2024-cü il tarixli, 02069383 nömrəli müqaviləyə əsasən, satıcı Vinil Mat, **********38203 X1 Galaxy S23 FE markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 1439,90 manat, qaytarılma müddəti 14 ay, aylıq ödəniş 102,85 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

5. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2024-cü il tarixli, 02025698 nömrəli müqaviləyə əsasən, satıcı, **********41659 X1 Galaxy A54 5G markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 1316,04 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 109,67 manat müəyyənləşdirilmişdir.

8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

9. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2024-cü il tarixli, 04822849 nömrəli müqaviləyə əsasən, satıcı **********00776 İmei Kodlu OPPO A18 markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 390 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 32,50 manat müəyyənləşdirilmişdir.

12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

13. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli, müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 1439,90 manat, ilkin ödəniş olmamaqla aylıq 102,85 manat ödəmək şərti ilə 14 aylıq ödəniş müddəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 1316,04 manat, ilkin ödəniş olmamaqla aylıq 109,67 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müdəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 390 manat, ilkin ödəniş olmamaqla aylıq 32,50 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda üç müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 1950,88 manat, cərimə 585,26 manat məbləğdədir.

14. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur. 15 Arayışa əsasən Samsung Galaxy S23 və Samsung Galaxy A54 markalı telefonların açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,60 manat ödənilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

16. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Vinil Mat, **********38203 X1 Galaxy S23 FE markalı telefon üçün 1296,88 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 389,06 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən **********41659 X1 Galaxy A54 5G markalı telefon üçün 498 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 149,40 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, **********00776 İmei Kodlu OPPO A18 markalı telefon üçün 156 manat ödənilməmiş hissə, 46,80 manat cərimə olmaqla, ümumilikdə 2583,34 manat borc və 45,84 manat ödənilmiş dövlət rüsumu Cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddianın əsaslarına görə, cavabdeh iddiaçı ilə arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Vinil Mat, **********38203 X1 Galaxy S23 FE markalı telefon, **********41659 X1 Galaxy A54 5G markalı telefon, **********00776 İmei Kodlu OPPO A18 markalı telefon almış və nəticədə 2583,34 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1439,90 manat olan Vinil Mat, **********38203 X1 Galaxy S23 FE üçün ümumilikdə 1709,54 manat olmaqla ondan, 1296.88 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 389,06 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1316,04 manat olan **********41659 X1 Galaxy A54 5G markalı telefon üçün ümumilikdə 671 manat olmaqla ondan, 498 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 149,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 390 manat olan **********00776 İmei Kodlu OPPO A18 markalı telefon üçün ümumilikdə, 202,80 manat olmaqla ondan, 156 manat ödənilməmiş hissə, 46,80 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1195,06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.

b) iddiaya etiraz

18. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

23. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

24. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqaviləyə əlavə olan ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları və maliyyə arayışlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən cavabdeh müvafiq olaraq Vinil Mat, **********38203 X1 Galaxy S23 FE markalı telefon, **********41659 X1 Galaxy A54 5G markalı telefon, **********00776 İmei Kodlu OPPO A18 markalı telefon almış, əşyalar alıcıya təhvil verilmişdir.

25. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 1950,88 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

26. Həmçinin, iddiaçı tərəfindən üç müqavilə üzrə müvafiq olaraq 389,06 manat, 149,90 manat və 46,80 manat da cərimə borcları hesablanmışdır.

27. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

28. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

29. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

30. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

31. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 389,06 manat dəbbə pulunun məbləğinin azaldılaraq 150 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 149,90 manat dəbbə pulunun məbləğinin azaldılaraq 20 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 46,80 manat dəbbə pulunun məbləğinin azaldılaraq 10 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

32. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə iki telefon üçün ayrıayrılıqda ödənilmiş hər biri 23,60 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.

33. İddiaçı tərəfindən bu hissədə tələbin əsası kimi İnnovativ Layihələr Mərkəzi və "xxxx" MMC arasında bağlanmış təhvlil təslim aktı, iddiaçı tərəfindən rüsumun ödənildiyi ilə bağlı arayış təqdim edilmişdir.

34. Məhkəmə qeyd edir ki, müqavilə şərti olaraq İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq ediləcəyi razılaşdırılsa da, iddiaçı tərəfindən təqdim edilən nə təhviltəslim aktı, nə də birtərəfli qaydada tərtib edilmiş arayışla belə bir xidmətdən istifadə edildiyi, istifadə edilmişsə qiymətin hansı tariflər əsasında hesablandığı müəyyən olunmur.

35. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 45,84 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasib 41,30 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1296,88 manat ödənilməmiş hissə, 150 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 498 manat ödənilməmiş hissə və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 2130,88 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,30 manat olmaqla, cəmi 2172,18 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar