Məhkəmə qərarları › İş №e-2(004)-191/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-191/2025

16.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-191/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Zennalabid qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və ünvan 2riat Ofisinə qarşı “Cavabdeh1 mərhum Səidə Qurbanovanın mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüququndan məhrum edilməsi, ünvan 2riat ofisi tərəfindən verilmiş 2V-314 nömrəli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş **********43-05301-093016 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “Cavabdeh1 mərhum Səidə Qurbanovanın adına olan, ünvan 3 ünvanına yerləşən mənzilə olan vərəsəlik hüququnun ləğv edilməsi və yeganə həqiqi vərəsə kimi qardaşı İddiaçı hesab edilməsi, ona vərəsəlik şəhadətnaməsinin verilməsi (digər cavabdeh 3 saylı“ASAN” Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş və cavabdehi əsl cavabdehlə (notariat ofisi) əvəz etmiş, tələbi dəqiqləşdirmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizəsi üzrə qarşılıqlı iddia ərizəsi məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmışdır (MPM 170-ci maddə). İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 Cavabdeh1 ilə xx.xx.1996-cı ildə formal olaraq nikaha daxil olmuşlar və nikahları qeydiyyat kitabında Vİİ-JT №285999 nömrəsi ilə qeydiyyata alınmışdır. Nikahları formal xarakter daşıdığından tərəflər birgə nikah münasibətlərində olmamış, birgə ailə təsərrüfatı aparmamışlar. 1999-cu ildə İddiaçı maddi imkanları vasitəsilə Bakı şəhəri, Yasamal rayonunda mənzil satın alınmış, lakin həmin mənzilin orderini bacısı Səidə Qurbanovanın adına rəsmiləşdirilmişdir və həmin evi müvəqqəti yaşayış üçün ona və digər iki bacısına vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il qərarı ilə verilmiş order əsasında ünvan 3 ünvanına yerləşən həmin mənzil xx.xx.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Mənzil alındıqdan Səidə Qurbanovanın vəfatına qədər həmin mənzildə Səidə Qurbanova və iki bacısı birlikdə yaşamışlar. Formal nikahda olduğu Cavabdeh1 isə o mənzildə yaşamamışdır. Onun yaşayış yeri birinci ailəsinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsində yerləşən ev olmuşdur. Səid Qurbanova sağlığında həmin evi qardaşı qızı, yəni iddiaçı Xaliq Qurbanovun qızının adına rəsmiləşdirməyi qərarlaşdırmış, vəsiyyətnamə yazacağını dəfələrlə söyləmiş, lakin qəfil vəfat etdiyinə görə bu, mümkün olmamışdır. Səidə Qurbanova xx.xx.2024-cü il tarixində “kardiogen şok” diaqnozu ilə vəfat etmişdir. Onun ölümü ilə bağlı Bakı şəhəri, 3 saylı “ASAN Xidmət” Mərkəzində AZ-İİ № 417241 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Səidə Qurbanovanın vəfatından sonra yeganə həqiqi vərəsəsi İddiaçı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 3 saylı “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Lakin, Mərkəzdən bildirilmişdir ki, birinci növbə vərəsə kimi mərhumun əri Cavabdeh1 olduğundan, ikinci növbə vərəsəlik dairəsinə daxil olan qardaşı vərəsə kimi qeydə alına bilməz. Beləliklə, onun müraciətinə imtina verilmişdir. Cavabdeh1 nikaha daxil olduğu gündən Səidə Qurbanovanın vəfatına qədər heç vaxt onunla birlikdə yaşamamışdır. Ölüm günündə belə onun yanında olmamış, yalnız dəfndən bir neçə gün sonra yas mərasiminə gəlmişdir. İşin hallarından və çoxsaylı şahid ifadələrindən görünür ki, həqiqətən də onların nikahı formal xarakter daşımış, aralarında heç bir birgə ailə təsərrüfatı olmamışdır. Qeyd olunan mənzil faktiki olaraq iddiaçı tərəfindən alınmış, bacılarının yaşaması üçün müvəqqəti onlara verilmişdir. Cavabdeh1 və Səidə Qurbanova aralarında olan formal nikahı pozmaq üçün 2009-cu ildə məhkəməyə müraciət etmişlər, daha sonra laqeydlikdən iş davam etdirilməmiş, nikahın rəsmi pozulması baş tutmamışdır. Səidə Qurbanovanın övladı yoxdur. İşin hallarını və mülki qanunvericiliyin tələblərini əsas götürərək Cavabdeh1 vərəsəlik hüququ ləğv edilməli, ikinci növbə vərəsələr dairəsindən yeganə vərəsə olan X5 vərəsəlik şəhadətnaməsi verilməlidir. İddiaçı məhkəmə iclasınında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasınında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Zennalabid qızı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf yazılı etirazını məhkəməyə təqdim etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, miras qoyan X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında çıxarışın surətinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 3 ünvanına yerləşən mənzil miras qoyan X2 mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanına yerləşən mənzil vərəsə (mərhumun əri) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan ünvan 2riat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, vərəsə İddiaçı miras əmlakı qismində ünvan 3 ünvanına yerləşən mənzildən tam hissədə miras payı almışdır. İş materiallarında olan Bakcell MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə miras qoyan mərhum X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2023-cü ildən xx.xx.2024cü il il tarixədək olan daxil olan və çıxan zənglər, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin sahibi barədə məlumatlar təqdim edilmişdir. Müəyyən edilir ki, sözügedən mobil nömrələr X1 (şahid qismində dindirilmişdir) adına qeydiyyata alınmışdır. Mülki iş üzrə X3, Şahid1, X8 və X4 şahid qismində dindirilmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümümi prinsiplərinə uyğun olmazdı.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X7 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. İddiaçı miras qoyan X2 qardaşıdır. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil miras qoyan X2 mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. ünvan 3 ünvanında yerləşən mənzil hazırda vərəsə (mərhumun əri) İddiaçı mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüququnun yaranma əsası qismində ünvan 2riat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsə İddiaçı miras əmlakı qismində ünvan 3 ünvanında yerləşən mənzildən tam hissədə miras payı almışdır. Bakcell MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə miras qoyan mərhum X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2023-cü ildən xx.xx.2024-cü il il tarixədək olan daxil olan və çıxan zənglər, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin sahibi barədə məlumatlar təqdim edilmişdir. Müəyyən edilir ki, sözügedən mobil nömrələr oxşar nömrələr (cüt nömrə kimi 1 rəqəm fərqi ilə) olmaqla miras qoyanın xahişi ilə onun qohumu X4 tərəfindən alınmaqla miras qoyana verilmiş, miras qoyan da həmin nömrələrin birini özünün, digərini isə əri hazırki mülki iş üzrə Cavabdeh1 istifadəsinə vermişdir. Təqdim edilmiş məlumatlar üzrə telefon danışıqlarına əsasən tərəflər arasında mütəmadi uzun müddətli (8-10-15 dəqiqəlik) telefon danışıqları aparılmış və miras qoyanla əri daimi ünsiyyətdə olmuşlar. Yəni, miras qoyan əvvəlcədən həmin qoşa nömrələri özü və ərinin istifadəsi üçün almışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında bildirmişdir ki, cavabdeh (ər) miras qoyan (arvad) üçün bazarlıq etmiş, müvafiq qidalar almaqla həftədə, 10 gündə bir dəfə olmaqla evinə gətirib ona vermiş, lakin, cavabdeh həmin hərəkətləri özünün maddi maraqları naminə etmişdir. Belə ki, cavabdeh həmin bazarlıqlar üzrə çəkdiyi xərci artıqlaması ilə miras qoyandan almışdır. Həmçinin, miras qoyanın pensiya kartı da cavabdehin sərəncamında olmuş, cavabdeh hər ay kartdan pensiya vəsaitlərini çıxararaq miras qoyana vermişdir. Burada da cavabdeh məqsədi maddi xarakterli olmuşdur. Deməli, motivdən asılı olmayaraq ər-arvad bir evdə yaşamasalar da onlar arasında olsa hüquqi və faktiki baxımdan ailə münasibətləri olmuşdur. Şahid qismində dindirilmiş miras qoyan X2 yaşamış olduğu binanın komendantı X3 izahat verərək Cavabdeh1 və miras qoyan X6 tanıdığını, cavabdehin miras qoyanın yaşadığı evə gəlib-getməsini, lakin həmin ünvanda daimi yaşamamasını, cavabdehin miras qoyan vəfat edən günü də həmin ünvana gəldiyini, dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Digər şahidlər isə miras qoyanın ailəli olduğunu bilmədiklərini, onun cavabdehlə nikah münasibətlərində olmasından məlumatlı olmadıqlarını bildirsələr də, məhkəmə müəyyən edir ki, ər-arvad arasında daimi ünsiyyət olmuşdur. Ər-arvad münasibətləri şəxsi münasibət olmaqla şahid ifadələrindən asılı edilə bilməz. Nikah institutu ciddi hüquqi nəticə yaratmaqla həmin nəticələrin tətbiq edilməsi və nəticələrə hörmət edilməsi subyektlərin və məhkəmənin vəzifəsidir. “Hüquqi müəyyənlik” prinsipinin tələbləri nöqteyi-nəzərdən ər-arvad rəsmi nikaha daxil olduqdan nikah pozulana qədər qarşılıqlı hüquq və vəzifələri yaranmaqla birbirinin 1-ci dərəcə vərəsəsi qismində çıxış etməlidirlər. Sözügedən imperativ şərti əsassız dəyişkənliyə məruz qoymaq hüquq normasının təsir gücünün zəifləməsinə səbəb ola bilər. Nikahın pozulmasını arzu edən tərəf bununla bağlı məhkəməyə müraciət etməkdə sərbəstdir. Miras qoyanın iradəsi məlum olmadan onun ərinin hüquqi-faktiki baxımdan ər kimi dəyərləndirilməməsi və mirasdan məhrum edilməsi ədalətsiz nəticələrə səbəb ola bilər. Miras predmeti olan mənzilin faktiki olaraq miras qoyanın qardaşı (iddiaçı) tərəfindən alınması sübuta yetirilmir. Bundan əlavə, MM-in 140-cı maddəsinin tələblərinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlak hüququ qeydə alınmış şəxsə (miras qoyan) məxsusdur. MM-in 1164-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər hazırki mübahisə üzrə sübuta yetirilmir. Bundan əlavə, həmin norma imperativ deyil, dispozitiv normadır. Müəyyən edilən hallar isə cavabdehin ər kimi vərəsəlik hüququnundan məhrum edilməsi üçün yetərli deyildir. Qanunun imperativ tələbi və subyektlərin qanuna uyğun davranışı, həmin davranışların nəticələrinin proqnozlaşdırılması riski subyektlərin öz üzərinə düşür. Qanunun konkret tələbini situasiyaya uyğun dəyişmək qanunçuluq prinsipinin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbində göstərilən xüsusatlar, ər-arvadın azı 3 il birgə təsərrüfat aparmaması xüsusatı sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat məhkəmə xərci İddiaçı aid edilməlidir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İcraat olmuş qarşılıqlı iddia tələbi üzrə xüsusi qərardadın çıxarılması tələb edilməsi və qarşılıqlı iddia tələbinin iddiaçı tərəfindən geri götürülməsi xüsusatı nəzərə alınmaqla, hesab edilir ki, tələb mövcud olmadığından xüsusi qərardadın çıxarılmasına həm hüquqi zərurət yoxdur, həm də hüquqi əsas yoxdur. Sözügedən vəsatətdə göstərilən hallar sübuta yetirilmir, mülahizə xarakteri daşıyır. Hər hansı cinayət əlamətləri mövcuddursa, subyektlərin prokurorluq orqanlarına müraciət etmək hüququ mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və ünvan 2riat Ofisinə qarşı “Cavabdeh1 mərhum Səidə Qurbanovanın mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüququndan məhrum edilməsi, ünvan 2riat ofisi tərəfindən verilmiş 2V-314 nömrəli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş **********43-05301-093016 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar