Məhkəmə qərarları › İş №e-2(004)-1963/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1963/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1963/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X8 qızının, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh АSC tərəfindən iddiaçının yaşadığı ünvan 1-ə hesablanmış 481.28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə 1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşmüş, ünvan 1 ünvanında məskunlaşmışdır. ünvan 2anada yerləşir. 2020-ci ilə kimi kommunal xərclər Dövlət tərəfindən həmin kommunal təşkilatlara ödənildiyindən, həmin müddət ərzində onlardan kommunal pulu tələb edilmirdi.2020-ci ildən 60 manat məbləğində müavinət ayrılmağa başlanıldığından, həmin vaxtdan etibarən kommunal xərcləri iddiaçı özü ödəməyə başlamışdır. Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana 481.28 manat borc hesablanmışdır. Dəfələrlə həmin borcun silinməsi ilə iddiaçı cavabdehə müraciət etsədə cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir, bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi X2, iddia tələbinin qəbul etməyərək, bildirmişdir ki, iddiaçı borcun Qaçqınlar və X6 üzrə Komitə tərəfindən ödənilərək silinməli olduğunu bildirsə də, İddiaçı məxsus abonent kartında 2017-ci il tarixdən borc məbləğindən güzəştlər və imtiyazlar şəklində silinmələr öz əksini tapmır. Odur ki, iddiaçı tərəfindən qeyd edilən faktlar əsassızdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abonent Kodu **********280 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə 2015 -ci il tarixi üzrə 46,80 manat, 2016-ci il tarixi üzrə 20,20 manat, 2017-ci il tarixi üzrə 89,50 manat, 2018-ci il tarixi üzrə 86,50 manat, 2019-cu il tarixi üzrə 71 manat, 2020-ci il tarixi üzrə 63 manat, 2021-ci il tarixi üzrə 20,89 manat, 2022-ci il üzrə 14 manat, cəmi 411,89 (dörd yüz on bir manat səksən doqquz qəpik) manat borc məbləği hesablanmışdır. Həmin saldonun görünür ki, sözügedən ünvana 468126 nömrəli sayğac 06.03.2017-ci il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Qubadı Rayon İcra Hakimiyyəti başçısının Dondarlı kənd inzibati idarəsi üzrə nümayəndəliyinin 23 fevral 2022-ci il tarixli 11-17/68 nömrəli arayışında qeyd olunur ki, vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşmüş, ünvan 1 ünvanında məskunlaşmışdır. Qaçqın və X6 üzrə Dövlət Komitəsi tərəfindən 2020-ci ilin yanvar ayından ailənin hər bir üzvünə 60 manat yemək xərci müavinəti verilir. Azərbaycan Respublikası Qubadı Rayon İcra Hakimiyyəti başçısının Dondarlı kənd inzibati idarəsi üzrə nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli 11-17/83 nömrəli arayışında qeyd olunur ki, vətəndaş İddiaçı övladı X7 2018-ci il tarixə qədər yəni vəfat etdiyi günəkimi birgə yaşayıblar. Ailə üzvləri ilə birlikdə 1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşmüş, ünvan 1 ünvanında məskunlaşmışdır. Qaçqın və X6 üzrə Dövlət Komitəsi tərəfindən 2020-ci ilin yanvar ayına kimi kommunal xərcləri Dövlət tərəfindən ödənilib. Vətəndaş həmin tarixə kimi 22 manat yeməkxərci müavinəti ödənilib. Hal-hazırda ailənin hər bir üzvünə 60 manat yemək xərci müavinəti verilir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 14.02.2017-ci il tarixli Fərmanın 3-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etsin və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi” haqqında qərarında qeyd olunur ki, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin. Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 01.01.2017-ci il tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş, Prezidentin 21.02.2018-ci il tarixli, 3704 saylı Fərmanı ilə müavinətin məbləği 10 faiz artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla İddiaçı 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşması müəyyən edilmişdir. Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Dondarlı kənd inzibati idarəsi üzrə nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli 11-17/83 nömrəli arayışına əsasən müəyyən olunur ki, iddiaçının məskunlaşdığı sözügedən ünvana kommunal xərcləri Qaçqın və X6 üzrə Dövlət Komitəsi tərəfindən 2020-ci ilin yanvar ayına kimi Dövlət tərəfindən ödənilib, 2020-ci illin yanvar ayından iddiaçıya 60 manat yemək xərci müavinəti verilib. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2020-ci illin yanvar ayına kimi İddiaçı məskunlaşdığı ünvan 1 ünvanına hesablanmış- 314 (üç yüz on dörd) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev (yataqxana) 6/4, mənzil 28 (Abonent kodu: **********280) ünvanına İddiaçı adına 2020-ci il tarixinə kimi əsassız hesablanmış 314 (üç yüz on dörd) manat məbləğində borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar