Məhkəmə qərarları › İş №e-2(004)-2028/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2028/2025

01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2028/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Oktay oğlunun, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Oktay oğlunun Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oktay oğlunun Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 2023-cü ilin iyul ayınadək müddət üçün hesablanmış 810 manat borcun azaldılaraq, 608.25 manat müəyyən edilməsi, arada olan 201.75 manat pulun silinməsi və cavabdeh tərəfindən ona hesablanmış 1 969,92 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Şirkət onun təqsiri olmadan, cavabdehin özünün nümayəndəsi tərəfindən çıxarılmış qaz sayğacının olmadığı müddət üçün şişirdilmiş borc hesablamışdır. O, həmin dövr üçün istifadə etdiyi qazın dəyərini ödəməyə hazırdır, amma cavabdehin əməkdaşının özünün xidməti vəzifələrinə qarşı etinasız münasibətinə görə onun üzərinə əlavə maddi yüklülük qoyulması qanunsuzdur. Sadə hesablamalarla, onun illər boyu qaz sayğacından istifadə etdiyi analoji dövrün orta göstəricilərini hesablayıb, bu dövrə tətbiq edilməsi qanuni və ədalətli olardı. Belə ki, Cavabdeh İB-nin əməkdaşı Əkrəm Məmmədov nasaz işləməsini və təmirə ehtiyacı olduğunu əsas gətirərək, onun ünvan 1 ünvanındayerləşən mənzilində quraşdırılmış CİTRON tipli, G-4 markalı, 1402Az**********65 nömrəli sayğacı xx.xx.2023-cü il tarixdə çıxarmış, əvəzində heç bir sayğac quraşdırmamışdır. Ona bildirilmişdir ki, qısa zamanda təmir etdirib,geri gətirəcək. Qaytaranda da nə məbləğdə qaz haqqı ödəməli olduğunu da deyəcək. Bu zaman o ona boş bir Akt blankına, “sonra özüm dolduracam” deyib imza atdırmış, Aktın boş blank olan ikinci nüsxəsini isə onda saxlamışdır. Bundan sonra uzun müddət ərzində çıxarılmış sayğac geri qaytarılmamışdır. O, dəfələrlə Əkrəm Məmmədova zəng etsə də, nəticəsi olmamışdır. O, bu-gün sabah deyib, sayğacı geri qaytarmırdı. Zəngləri 2024-cü ilin yanvarının əvvəlinədək davam etdi. Son dəfə xx.xx.2024-cü il tarixdə Watssapla audio göndərmiş və bir daha xahiş etmişdir ki, sayğacı geri gətirsin. Nəhayət, xx.xx.2024-cü il tarixdə Əkrəm sayğacı gətirdi və yerinə quraşdırdı. Bu zaman o, ona “Qaz paylayıcısı iləməişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə”Müqaviləni də imzalatdırmışdır. Bundan sonra o adi qaydada sərf etdiyi qazın dəyərini ödəməkdə davam etmişdir. Lakin 2024-cü ilin oktyabrında növbəti ödəniş edərkən görmüşdür ki, onun borcu haqqında qeyd yazılıb. Həmin vaxtadək bu borc yox idi. cavabdehin aidiyyəti qurumuna getmiş və ona deyilmişdir ki, adına iri məbləğdə borc yazılıb. Ərizə ilə cavabdehə müraciət edib, borca aid sənədləri əldə etmişdir. Sənədləri birlikdə toplayıb təhlil edəndə başa düşmüşdür ki, Əkrəm adlı əməkdaşın ona boş blank kimi imzalatdırdığı və sonradan istədiyi kimi doldurduğu “Qaz sayğacının çıxarılması haqqında” 5057048№-li Aktda yazılıb ki, onun mənzilində İTRON tipli, G-4 markalı, 1402Az**********65 nömrəli sayğac çıxarılır, əvəzində ZENNER tipli, G-4 markalı, **********908 nömrəli sayğac quraşdırılır, guya çıxarılan sayğac göstəricisi 24828,3 m, “quraşdırılan” sayğac göstəricisi isə 0,002 m olmuşdur. Halbuki çıxarılan sayğac əvəzinə heç bir sayğac quraşdırılmamışdır. Onun aldadılıb imzaladığı boş blank sonradan istənilən kimi doldurulmuşdur. Ona arxa, yəni xx.xx.2023-cü il tarixlə əslində xx.xx.2024-cü il tarixdə imzaladılan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2/6479 №-li Müqavilədə də G-4 markalı, **********908 nömrəli sayğacın olduğu göstərilmişdir, halbuki yazdığı kimi, heçvaxt onun mənzilində belə sayğac qoyulmayıb. Ona verilmiş sənədlərdən o da məlum olmuşdur ki, cavabdehin üç əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə dron vasitəsilə onun eyvanının şəkli gizli çəklmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “Ünvana kənardan baxış keçirilib və aşkar olunub ki, sayğacın qutusu boşdur,abonent qazdan sayğacsız istifadə edir”. Sözügedən “kənardan baxış” niyəsə abonentin, yəni onun iştirakı olmadan keçirilmişdir, halbuki onun evində həmişə adam olur (uşaqlar, yoldaşı işləmir), xüsusilə də, xx.xx.2023-cü il qeyri-iş (şənbə) günü olduğundan evdə mütləq adam olacaqdı (o da evdə olmuş). Aktda nə baxışın saatı qeyd edilib, nə də evdə kiminsə olmadığı yazılıb. Abonentin imza yeri boş saxlanmışdır. Əgər qapını döyüb müraciət etsəydilər və canlı baxış keçirsəydilər, bu “sayğac dələduzluğunu” o, onlara da bildirəcəkdi, Aktda da qeyd edəcəydi. O, nə üçün sayğacı çıxarmalı idi ki?? Məntiqə görə, qazdan ödənişsiz istifadə etmək istəyən sayğaca hansısa müdaxilə edərdi, daha onu yerli-dibli niyə çıxarmalıdır ki? Axı ilk baxış zamanı bu fakt mütləq üzə çıxır?! Burada birmənalı olaraq əlbir olub, onun adına iri məbləğdə borc yazdırmaq və bunun üçün özlərinin qaz israfçılığını abonentin boynuna qoymaq cəhdi açıq görünür. xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamədə “itirilmiş qazın bərpası”nın hesablamasıaparılıb: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombi-nin maksimal saatlıq qaz sərfi 2.6 m³/saat ortagünlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1. 2x12x360 = 5.184m³ 2. 6x12x360 = 11.232m³ Cəmi: 16.416m³ Buradan da suallayaranır: 1. Əgər cavabdehin nümayəndəsi sayğac xx.xx.2023-cü il tarixində çıxarıbsa, nəyə görə qazın dəyəri xx.xx.2023 – xx.xx.2023 (guya müqavilənin bağlandığı) tarixləri arası deyil, 1 illik hesablanır? 2. O, uzun illər boyu istifadə etdiyi qazın dəyəri sayğac əsasında ödəmişsə, nəyə görə analoji müddətlərin orta sərfiyyatı deyil, digər metodikadan istifadə edib, şişirdilmiş borcməbləği hesablanır (qaz piltəsi və kombidən il ərzində hərgün 12 saat eyni səviyyəli istifadə kimi absurd bir qeyd)? Axı bu hesablamalar abunəçini cəzalandırmağa deyil, yalnız “itirilmiş qazın bərpası”na, başqa sözlə, istehlak olunmuş qazın dəyərinin müəyyən edilmsinə yönəlməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Oktay oğlu izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sayğac çıxarılan zaman sayğacın mexaniki və elektron göstərici arasında olan fərq olan 810 manat abonentin saldosuna əlavə edilmişdir. İddiaçı özü də iddia ərizəsində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsini etiraf etmişdir. Sistem məlumatlarından görünür ki, sayğac əməkdaşları tərəfindən elə iyun ayında da quraşdırılmışdır. Cavabdehin nümayəndəsi izahatına əlavə olaraq qeyd etmişdir ki, Əkrəm adlı şəxs Cavabdeh İB-nin əməkdaşı deyildir ki, belə ki, o, “X3” MMC-nin işçisi olmuş və Cavabdeh İB-yə təhkim edilmişdir. Həmin şəxs 2024-cü ilin avqust ayında işdən azad edilmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin, iş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, aktın məzmunu boşdur. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı Oktay oğluna məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə kənardan baxış keçirilən zamanı, sayğac qutusunun boş olduğu, abonentin qazdan sayğacsiz qyeri-qanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 16416 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilə akt əsasında 16416 m3 qaz sərfinə görə 1969,92 manat hesablanmışdır. İş materiallarında olan whatsapp yazışmalarından müəyyən edilir ki, iddiaçı cavabdeh orqanın əməkdaşı olan Əkrəm adlı şəxsə çıxarılmış sayğacın nə vaxt quraşdırılması ilə bağlı dəfələrlə müraciət etmişdir. İş materiallarında olan Bakı Regional Qazın satışı Departamentinin QBS və MXŞ-nin məktubundan müəyyən edilir ki, X1 “X3” MMC-də QT nəzarətçisi yanında yardımçı fəhlə işləyir və Bakı regional Qazın Satışı Departamentinə təhkim olunmuşdur. İş materiallarında olan QBS və MXŞ-nin rəis müavini Orxan Qədirzadə, QBS və MXŞ-nin böyük mühəndisi Akşin Rəsulzadə və , QBS və MXŞ-nin böyük mühəndisi Naib Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, QT nəzarətçisi yanında yardımçı fəhlə X1 abonentə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi üçün şərait yaratmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə bildirişişdən görünür ki, “X3” MMC-də işləyən X1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə ƏM-nin 68-ci maddəsiinin a bəndinə əsasən xitam verilmişdir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, İddiaçı Oktay oğlunun Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2023-cü il tarixli, ******* saylı Akta əsasən 16416 m3 qaz sərfinə görə hesablanmış borc adına olan **********0016 nömrəli abonent koduna hesablanmışdır. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı Oktay oğlunun mülkiyyətində və istifadəsindədir. Faktiki olaraq həmin mənzil üzrə qazın istehlakçısı İddiaçı Oktay oğludur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Oktay oğlu qazın faktiki istehlakçısı kimi onun mülkiyyətində, sahibliyində və istifadəsində olan mənzil üzrə abonent koduna əsassız hesablanmış borcun silinməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. İddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1969,92 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, iddiaçnın mənzilində sayğac olmadan qazdan istifadə həyata keçirilsə də, sayğac cavabdeh orqanın əməkdaşı tərəfindən çıxarılmış, müəyyən müddət sonra quraşdırılacağı bildirilmişdir. Hətta iddiaçı sayğacın quraşdırılması üçün dəfələrlə ona müraciət etmişdir (whats up yazışmaları iş materiallarına əlavə edilmişdir), yəni sayğacın çıxarılması və vaxtında quraşdırılmamasında iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə hesab edir ki, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilməsi və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 16416 m3 həcmində, 1969,92 manat məbləğində borc daxil edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcısının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda məhz istehlakçı - İddiaçı Oktay oğlu tərəfindən həmin sayğacın sökülməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin 16416 m3 qaz sərfi üçün hesabladığı 1969,92 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayınadək müddət üçün hesablanmış 810 manat borcun azaldılaraq, 608.25 manat müəyyən edilməsi, arada olan 201.75 manat pulun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri, ünvan 2 ünvanı üzrə İddiaçı Oktay oğuna (abonent kodu: 1**********0016 olan) əsassız hesablanmış 1969,92 (bir min doqquz yüz altmış doqquz manat doxsan iki qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanı üzrə İddiaçı Oktay oğuna (abonent kodu: 1**********0016 olan) əsassız hesablanmış 1969,92 (bir min doqquz yüz altmış doqquz manat doxsan iki qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar