Məhkəmə qərarları › İş №e-2(004)-2031/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2031/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2031/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maliyyə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maliyyə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən ümumi sahəsi 75,4 kv. m qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması məqsədi ilə maliyyə arayışının və digər zəruri sənədlərin verilməsi öhdəliyinin cavabdeh ”Şevi MTK”-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən ümumi sahəsi 75,4 kv.m qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması məqsədi ilə maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh ”Şevi MTK”-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən “MTK” adlanacaq Cavabdeh Mənzil Tikinti Kooperativinin direktoru X1 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı ilə 16 iyul 2018-ci il tarixdə bağlanmış, №000000197 saylı Payçı müqaviləsinə əsasən, ”Şevi” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən ümumi sahəsi 75,4 kv. m və dəyəri 375 000 manat təşkil edən, yaşayış evlərinin A binasında, 5 blok, 1 mərtəbədə Obyektin-1-in tikintisi başa çatdıqdan sonra “Payçı”ya təhvil verməyi öz öhdəsinə götürüb. 3 iyul 2019-ci il tarixinə kimi qeyd olunan müqavilə üzrə onun tərəfindən bütün öhdəliklər tam icra olunub. 3 iyul 2019-cu il tarixdə onun tərəfindən öhdəliyin tam icra olunmasını nəzərə alaraq, ”Şevi MTK” tərfindən inşa edimiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanda yerləşən ümumi sahəsi 75,4 kv. m olan yaşayış evlərinin A binasında, 5 blok, 1 mərtəbədə yerləşən obyektə payçı kimi üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, ”MTK” isə tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetiməmiş və qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması məqsədilə maliyyə arayışının və digər zəruri sənədləri təqdim etməmişdir. Qeyd edilən "xxxx" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinə şifahi qaydada məlumat versə də, yenə də müqavilə ilə üzərlərinə düşən öhdəliklərini yerinə yetirməmişlər. Bundan sonra 15.02.2022ci tarixdə yazılı qaydada da cavabdeh təşkilatın ünvanına (həm hüquqi ünvana, həm də faktiki ünvana) göndərdiyi məktubda bildirmişdir. Payçı müqavilənin 8.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün, “MTK” tərəfindən qanunla məcburi olan sənədlə (müqavilə qiymətinin tam ödənişi halında) “Payçı”- ya müvafiq qeydiyyat əsasında təqdim edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan Cavabdeh Mənzil Tikinti Kooperativinin direktoru X1 ilə payçı adlanacaq İddiaçı arasında bağlanmış 16.07.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı ünvanda tikilməkdə olan yaşayış evlərinin A binasında, 5 blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,4 kv. m olan Obyekt-1-in tikintisi başa çatdıqdan sonra payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 8.4-cü bəndinə əsasən obyektə mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün, “MTK” tərəfindən qanunla məcburi olan sənəd (müqavilə qiymətinin tam ödənişi halında) “Payçı”ya müvafiq qeydiyyat əsasında təqdim edilir. İşin materiallarında olan 03.07.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilən 20 mərtəbəli A yaşayış binasının 5 blokunda 1-ci mətəbədəki 1 saylı obyektin dəyəri olan 375000 manat məbləğində pul vəsaiti ödənilmişdir və borcu yoxdur. İşin materiallarında olan 14.02.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı 03.07.2019-cu il tarixdə onun tərəfindən öhdəliyin tam icra olunması nəzərə alınaraq, Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilən 20 mərtəbəli A yaşayış binasının 5 blokunda 1-ci mətəbədəki 1 saylı obyektin borcun olmaması barədə maliyyə arayışının 24.02.2022-ci il tarixinə kimi ona təqdim edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağanmış müqavilə üzrə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş dəyəri tam şəkildə ödənilsə də, cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün pay haqqının tam ödənilməsini təsdiq edən sənəd iddiaçıya verilməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığından və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün qanunla məcburi olan sənədin verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 20 mərtəbəli A yaşayış binasında, 5 blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan Obyekt-1 saylı dəyərinin İddiaçı tərəfindən tam şəkildə ödənilməsi barədə maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 20 mərtəbəli A yaşayış binasında, 5 blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan Obyekt-1 saylı dəyərinin İddiaçı tərəfindən tam şəkildə ödənilməsi barədə maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar