Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2089/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, dövlət rüsumu) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödənilmiş 70.000 ABŞ dolları, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 499 manat, cəmi 109499 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğdə dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən ödənilmiş rüsum e-2(004)-3402/2024 nömrəli iş üzrə artıq istifadə olunmuşdur.
6. Eyni zamanda artıq istifadə olunmuş qəbz üzrə 100 manat məbləğdə rüsum ödənişinin həyata keçirildiyi görünür.
7. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir.
8. Qanunun sadalanan maddəsinin tələbindən göründüyü kimi, qiymətləndirilən iddia növündə ərizənin verilməsi üçün göstərilən qaydada hesablama aparmaqla dövlət rüsumu ödənilməlidir. Hazırkı iddia ərizəsi ilə cavabdehdən cəmi 109499 manat məbləğdə pulun tutulması xahiş olunur. Bu halda isə 399,50 manat məbləğdə (390 manat + (9.499 x 0,1%) rüsum ödənilməli idi.
9. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz artıq başqa mülki iş üzrə istifadə olunmuşdur, yəni iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödənilməmişdir.
10. Odur ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ödənilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
11. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə