Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2121/2025 16.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Multistayler Dyson üçün, 1192.7 (min yüz doxsan iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 596.35 (beş yüz doxsan altı manat, 35 qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TCL Led Televizor, TCL Qled Televizor, soba Hoffmann, plitə Hoffmann, paltaryuyan LG üçün, 2859.9 (iki min səkkiz yüz əlli doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 1429.95 (min dörd yüz iyirmi doqquz manat, 95 qəpik) manat dəbbə,ümumilikdə 6078.9 manat borc, 80.79 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Multistayler Dyson, TCL Led Televizor, TCL Qled Televizor, soba Hoffmann, plitə Hoffmann, paltaryuyan LG almış və nəticədə 6078.9 (altı min yetmiş səkkiz manat, 90 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2568.02 (iki min altmış səkkiz manat, 02 qəpik) manat (18 ay x 125.39 manat + 311 manat ilkin ödəniş) olan Multistayler Dyson üçün ümumilikdə, 1789.05 (min yeddi yüz səksən doqquz manat, 05 qəpik) manat olmaqla ondan, 1192.7 (min yüz doxsan iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 596.35 (beş yüz doxsan altı manat, 35 qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4261.8 (dörd min iki yüz altmış bir manat, 80 qəpik) manat (18 ay x 220.1 manat + 300 manat ilkin ödəniş) olan TCL Led Televizor, TCL Qled Televizor, soba Hoffmann, plitə Hoffmann, paltaryuyan LG üçün ümumilikdə, 4289.85 (dörd min iki yüz səksən doqquz manat, 85 qəpik) manat olmaqla ondan, 2859.9 (iki min səkkiz yüz əlli doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1429.95 (min dörd yüz iyirmi doqquz manat, 95 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2777.22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiacı və cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini bildirmiş və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, qeyd olunan əşyaları öz adına, ancaq başqa bir xanım onun adına götürmüşdür. Həmin xanım 6 il boyunca onun adına kredit götürürdü və ödəmələri də vaxtında ödəyirdi. Bu dəfə sadəcə onun maddi vəziyyəti pisləşdi və ödəmə edə bilmədi. Cərimə borcunun azaldılmasını məhkəmədən xahiş edir.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04665455 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 311 manat ilkin ödəniş olmaqla aylıq 125,39 manat olmaqla 18 ay müddətinə alqı-satqı qiyməti 2568,02 manat olan “Multistayler Dyson” satılmışdır.
7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03285620 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 300 manat ilkin ödəniş olmaqla aylıq 220,1 manat olmaqla 18 ay müddətinə alqı-satqı qiyməti 4261,8 manat olan TCL Led Televizor, TCL Qled Televizor, Hoffmann soba, Hoffmann plitə, LG paltaryuyan satılmışdır.
8. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilələr əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
10. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1192,7 manat ödənilməmiş əsas borcu, 596,35 manat cərimə olmaqla, ümumilikdə 1789,05 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2859,9 manat ödənilməmiş əsas borcu, 1429,95 manat cərimə olmaqla, ümumilikdə 4289,85 manat borcu vardır.
11. Əşyaların təhvil-təslim aktına əsasən Multistayler Dyson və TCL Led televizor, TCL Qled televizor, Hoffmann soba, Hoffmann plitə, LG paltaryuyan kompüter çantası Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır.
12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
18. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya 1192,7 manat və 2859,9 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən hesablanmış 596,35 manat və 1429,95 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 83 manat və 200 manat müəyyən edilməlidir.
26. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Multistayler Dyson” üçün 1192,7 manat əsas borc, 83 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TCL Led televizor, TCL Qled televizor, Hoffmann soba, Hoffmann plitə, LG paltaryuyan üçün 2859,9 manat əsas borc, 200 manat cərimə borcu tutularaq, İddiaçınə ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80,79 manat dövlət rüsumunun 63,35 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Multistayler dyson” üçün 1192,7 manat əsas borc, 83 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “TCL” led televizor, “TCL” qled televizor, “Hoffmann” soba, “LG” paltaryuyan üçün 2859,9 manat əsas borc, 200 manat cərimə borcu və ödənilmiş 63,35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4398,95 manat (dörd min üç yüz doxsan səkkiz manat doxsan beş qəpik) məbləğində pul tutularaq, İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil