Məhkəmə qərarları › İş №e-2(004)-2201/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2201/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2201/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7 may 2021-ci il tarixli, № 226 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 5834 (beş min səkkiz yüz otuz dörd) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 346,53 (üç yüz qırx altı manat əlli üç qəpik) manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,80 ( səksən bir manat səksən qəpik) manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 7 may 2021-ci il tarixdə, 226 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissəhissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 2000 manat ilkin ödəniş, 11 ay müddətinə hər ay 583, sonuncu ay isə 587 manat olmaqla, ümumilikdə 9000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən yalnız 3166 manat ödənilmişdir. Cavabdehin iddiaçıya 5834 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 arasında 7 may 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2021-ci il tarixli, № 226 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 qiymətlərin razılaşdırılma protokollarında əks olunan texniki avadanlıqlara görə 2000 manat ilkin ödəniş, 12 ay müddətinə ümumilikdə 9000 manat məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.02% həcmində satıcıya cərimə ödəyir. 07 may 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh hər ay 583 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 07 may 2021-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 7 may 2021-ci il tarixli, № 226 saylı zaminlik müqaviləsindən görünür ki zamin Cavabdeh2 7 may 2021-ci il tarixli, № 226 saylı alqı-satqı müqaviləsi Cavabdeh1 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tariində ünvanlanmış xəbərdarlıqdan görünür ki, müqavilələr üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 7 may 2021-ci il tarixli, № 226 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilə üzrə ödənilmiş məbləğ 3166 manat təşkil edir, son ödəniş tarixi xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixə qədər 5834 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 7 may 2021-ci il tarixli, № 226 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə hər ay 583, sonuncu ay isə 587 manat olmaqla, ümumilikdə 9000 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 226 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair öz üzərinə öhdəlik götürmüşdür. Cavabdehlər alqı-satqı və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmişlər. Hazırda 5834 (beş min səkkiz yüz otuz dörd) manat ödənilməmiş borc vardır. Odur ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı iddiasının müqavilələr üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləğləri azaldılmalı, 7 may 2021-ci il tarixli, № 226 saylı alğı-satqı müqaviləsi üzrə 5834 (beş min səkkiz yüz otuz dörd) manat ödənilməmiş hissəyə hesablanmış 346,53 (üç yüz qırx altı manat əlli üç qəpik) manat cərimə, 200 (iki yüz) manat məbləğində müəyyən edilərək, Cavabdeh1 və Cavabdeh2ndan müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7 may 2021-ci il tarixli, № 226 saylı alğı-satqı müqavilə üzrə 5834 (beş min səkkiz yüz otuz dörd) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 6034 (altı min otuz dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,80 (səksən bir manat səksən qəpik) manat pul tutularaq İddiaçı MMC-ə tutularaq ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7 may 2021-ci il tarixli, 226 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 5834 (beş min səkkiz yüz otuz dörd) manat borc, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 6034 (altı min otuz dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,80 (səksən bir manat səksən qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar