Məhkəmə qərarları › İş №e-2(004)-2274/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2274/2025

13.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2274/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Zülfiqar oğlunun cavabdeh "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə qarşı son haqqhesabın, dəbbə pulunun, maddi və mənəvi ziyanın, gecikdirilmiş vaxt üçün faizin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmək haqqı, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün faizin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Zülfiqar oğlunun cavabdeh "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə qarşı son haqq-hesabın, dəbbə pulunun, maddi və mənəvi ziyanın, gecikdirilmiş vaxt üçün faizin ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Azərbaycan Əməliyyat Şirkəti ilə İddiaçı Zülfiqar oğlu arasında bağlanmış 5FLHAY000600 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Zülfiqar oğlu qonaqla xidmət sektorunun meneceri vəzifəsinə işə götürülmüşdür. Müqavilə xx.xx.2024-cü il tarixədək bağlanmış və əmək haqqı 6080 manat müəyyən edilmişdir.

2. KM1 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Azərbaycan Əməliyyat Şirkəti tərəfindən 4034,48 manat məbləğdə əmək haqqı ödənilmişdir.

3. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı Zülfiqar oğlunun xx.xx.2024-cü il tarixdən əmək fəaliyyətinə xitam verildiyini və iddia ərizəsinin məhkəməyə xx.xx.2025-ci il tarixdə verildiyini nəzərə alınsa gecikdirilmiş günlərin sayı 188 təqvim günü (xx.xx.2024xx.xx.2025) təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin hesablanması: 5409,33*188*1%=10169,54 - 1% üzrə qanunvericliklə müəyyən edilmiş vergi və yığımlar çıxıldıqdan sonra net məbləğ 7375,36 manat. Yol verildiyi halda hər gecikdirilmiş gün üçün əmək haqqının 2% dəbbə pulunun hesablanması: 5409,33*188*2%=20339,09 – 2% üzrə qanunvericliklə müəyyən edilmiş vergi və yığımlar çıxıldıqdan sonra net məbləğ 14595,75 manat.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən son haqq-hesabın (əmək haqqının və onun tərkib hissəsi olan ödənişlərin) verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən xx.xx.2024-cü il tarixindən iddia ərizəsinin verildiyi tarixədək olan müddət ərzində hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində hesablanmış pul vəsaiti, yəni 10169 manat, mediasiya xərcləri qismində 60 manat pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, xx.xx.2024-cü il tarixli, xxxxxxx000600 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı Zülfiqar oğlu ilə işəgötürən "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin qanuni təmsilçisi Nümayəndə arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh müəssisədə müddətli əsaslarla xx.xx.2024-cü il tarixədək Qonaqlara xidmət sektorunun meneceri vəzifəsinə işə götürülmüş və işçinin əmək haqqı 6080 manat olmuşdur. Əmək müqaviləsi bildirişi şərtlərinə və Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq əmək müqaviləsində müəyyən edilmiş müddətin başa çatması ərəfəsində heç bir tərəf bir-birini ona xitam verməsi barədə xəbərdarlıq etmədiyindən əmək müqaviləsi növbəti müddətə, yəni 4 sentyabr 2024-cü il tarixədək uzanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya ilk ayın maaşı qismində əmək haqqından müvafiq məcburi tutulmalar aparıldıqdan sonra əmək haqqı kartına 3949 manat əmək haqqı ödənilmişdir. Yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsi növbəti müddətə - yəni, 04 avqust tarixindən xx.xx.2024-cü il tarixədək uzanmış, lakin xx.xx.2024-cü il tarixdə İddiaçı Zülfiqar oğlunun xarici ölkədə başqa layihədə fəaliyyətə başlaması ilə bağlı işdənçıxma ərizəsi əsasında cavabdeh şirkət əmək müqaviləsinə xitam verilmiş, lakin buna baxmayaraq, bu günə kimi xx.xx.2024-cü il tarixdə onunla son haqq-hesab aparılmamış, xx.xx.2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək əmək haqqı, məzuniyyət haqqı və digər ödənilşlər ödənilməmiş, iddiaçı bununla bağlı cavabdeh şirkətin kadr inzibatçılığını həyata keçirən məsul şəxslərinə öz iradını bildirdikdə ona şifahi olaraq izah olunmuşdur ki, təqvim ayı başa çatmadığından və öz ərizəsi ilə işdən çıxdığından, layihənin son müddətinə kimi fəaliyyətini şirkətdə davam etdirmədiyindən ona son haqq hesab ödənilməyəcək. "xxxx" ASC əmək haqqı debet kartından çıxarışdan görünür ki, iddiaçıya yalnız 1 dəfə, yəni xx.xx.2024-cü il tarixdə 3949 manat məbləğində ödəniş təyinatı - əmək haqqı ödənilmiş, bundan qeyri hər hansı bir məbləğ ödənilməmişdir. Bundan sonra iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı 3-17-5/1-T- 56260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ünvanlamış, həmin Nazirliyin yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində müraciətinə baxılmış, DƏMX-in Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Müraciətinizdə qeyd etdiyiniz pozuntuların dəqiqləşdirilməsi, izahatınızın alınması və Sizdə olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağınızla bağlı ünvanınıza 3-17-5/2-T-79324/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Siz araşdırmaya izahatınızı və sübutlarınızı təqdim etmisiniz. Tərəfinizdən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından müraciətinizdə qeyd edilən məsələlərə aydınlıq gətirilməsi mümkün olmamışdır. Bildiririk ki, müraciətinizlə əlaqədar Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəfimizdən Cavabdeh (ünvan 2 ünvanına 3-17-5/2-79320/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsisteminə baxış keçirilərkən Cavabdeh tərəfindən Sizə aid əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində qeydiyyata alındığı və həmin əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir. Cavabdeh tərəfindən müvafiq sənədlər X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq nəticəsi barədə Sizə məlumat veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” Mediasiya Şurası Bakı 18 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, iddiaçının cavabdehə qarşı əmək haqqı tələbi və bununla bağlı digər pul tələbi üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməkdən imtna etmişdir. İddia ərizəsinə əlavə edilmiş müvafiq ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya rüsumu və xidmət haqqı ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Hüquqi yardım göstərilməsi haqqında” EM-2713VK-4620/25 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən hüquqi yardıma görə 400 manat məbləğində xidmət haqqı ödənilmişdir.

b) iddiaya qarşı etiraz

6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ... b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;; Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

10. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir; Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı: “Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.”

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. İşin mübahisəsiz hallarından da aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı qonaqlara xidmət sektrounun meneceri vəzifəsinə işə qəbul olunmuşdur.

17. Daha sonra əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək uzanmışdır. xx.xx.2025ci il tarixdə isə iddiaçı ərizə ilə işdən çıxmışdır. Hazırda isə iddiaçı son haqq-hesabın ödənilmədiyini bildirərək Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən son haqq-hesabın (əmək haqqının və onun tərkib hissəsi olan ödənişlərin) verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən xx.xx.2024-cü il tarixindən iddia ərizəsinin verildiyi tarixədək olan müddət ərzində hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 faizi məbləğində hesablanmış pul vəsaitinin, yəni 10169 manatın ödənilməsini xahiş edir.

18. Məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi halları ilə bu hissədə iddia tələbinin əsaslılığı ümumən öz təsdiqini tapır.

19. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli müstəqil auditor hesabatına əsasən xx.xx.2024-cü il tarixdən əmək fəaliyyətinə xitam verildiyini və iddia ərizəsinin məhkəməyə xx.xx.2025-ci il tarixdə verildiyini nəzərə alınsa gecikdirilmiş günlərin sayı 188 təqvim günü (xx.xx.2024-xx.xx.2025) təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc (hesablanması: 5409,33*188*1%) 10169,54 manat, qanunvericliklə müəyyən edilmiş vergi və yığımlar çıxıldıqdan sonra net məbləğ 7375,36 manat təşkil edir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olmaqla, qismən təmin edilməlidir. Belə ki, iddiaçı gecikdirilmiş günlər üçün hesablanmış ödənc məbləğini tam formada tələb etsə də, qanunvericiliklə müəyyən edilmiş vergi və yığımlar çıxıldıqdan sonra qalıq məbləğ iddiaçıya ödənilməlidir.

21. Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir.

22. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək haqqının gecikdirilməsinə görə işəgötürən tərəfindən ödənilməli olan əmək haqqının müəyyən faizi həcmində ödənclər nəzərdə tutulmamışdır.

23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğdə mediasiya xərci və vəkil xidməti ilə bağlı ödənilmiş 400 manat məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Belə ki, iş materiallarında olan Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli arayışı və Ruslan Vəliyev və partnyorları Vəkil bürosuna 400 manat məbləğdə ödənişi təsdiq edən 777619 nömrəli qəbz iddiaçı tərəfindən sözügedən xərclərin çəkildiyini təsdiq edir.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixindən iddia ərizəsinin verildiyi tarixədək olan müddət ərzində hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğinə uyğun hesablanmış 7375,36 manat, mediasiya xərcləri qismində 60 manat pul vəsaiti və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdeh "xxxx" Azərbaycan Əməliyyat Şirkətindən tutularaq İddiaçı Zülfiqar oğlunun xeyrinə ödənilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 7375,36 manat məbləğdə ödənc, mediasiya xərcləri qismində 60 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində xidmət haqqının əvəzi, cəmi 7835,36 manat məbləğdə pul "xxxx" Azərbaycan Əməliyyat Şirkətindən tutularaq İddiaçı Zülfiqar oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar