Məhkəmə qərarları › İş №e-2(004)-2280/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2280/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2280/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020cu il tarixli BNK07811 saylı müqavilə üzrə 2695 manat qalıq borcu, 736,08 manat cərimə borcu olmaqla, cəmi 3431,08 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54,31 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1.-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin sübutlarla təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 600.1-ci maddələrinə əsasən əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli BNK07811 saylı nisyə alqı-satqı müqaviləsi və müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh1 (alıcı) "xxxx" MMC-dən (satıcı) 4398 manat dəyərində mallar almış və aldığı malların dəyərini 18 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 5.6-cı bəndinə əsasən, borclu borcun ödənilməsinin gecikdirildiyi hər gün üçün borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsinə əsasən, sonuncu ödənişin tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli BNK07811-Z saylı zaminlik müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli BNK07811 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öz üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Cavabdeh2 (zamin) Cavabdeh1 ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 saylı faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC (müştəri) xx.xx.2020-ci il tarixli BNK07811 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini iddiaçı "xxxx" MMC-yə (faktor) güzəşt etmişdir. Təqdim olunmuş maliyyə arayışı və bildirişdən görünür ki, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun ödənilməmiş 3431,08 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən müqavilənin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən iddia tələbi ona münasibətdə əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfindən alınmış malın məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun alınmış mala münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 188,65 manat məbləğində müəyyən olunmalıdır. İddia tələbi Cavabdeh2 münasibətdə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BNK07811-Z saylı zaminlik müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixində bitdiyindən əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi Cavabdeh1 aid hissədə qismən təmin edildiyindən 45,62 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh1 2695 manat əsas, 188,65 manat cərimə borcu, cəmi 2883,65 (iki min səkkiz yüz səksən üç manat altmış beş qəpik) manat məbləğində pul və 45,62 (qırx beş manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova İş N 2(004)-2280/2023 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 10:20-də başladı. Prosessual hərəkət saat 10:40-da başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar