Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2326/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə əsasən, FASİON KOMPUTER MASASİ üçün 396,5 manat ödənilməmiş hissə, 97,2 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********61073 XİAOMİ POCO M3 PRO markalı telefon üçün 227,9 manat ödənilməmiş hissə, 70,5 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, QULAQLİQ PANASONİC üçün 48 manat ödənilməmiş hissə, 14,7 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********98199 İPHONE 11 markalı telefon üçün 1019,04 manat ödənilməmiş hissə, 289,8 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK PRO 16 üçün 6606 manat ödənilməmiş hissə, 1431,3 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, QAZAN DƏSTİ SHOSMAN, NEVRESİM TAKİMİ - TEKSTİL, PAKRİVAL – TEKSTİL üçün 385,99 manat ödənilməmiş hissə, 127,2 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, NEVRESİM TAKİMİ - TEKSTİL, CAYDAN BİANCO, BLENDER GORENJE, HOFFMANN PARTY BOX üçün 575,97 manat ödənilməmiş hissə, 171,9 manat dəbbə olmaqla, ümumilikdə, 11462 manat borcun və 124,39 manat ödənilmiş dövlət rüsumunun cavabdeh İsmayılova (Salamova) Fatimə Habil qızından tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh yuxarıda qeyd olunmuş malları almış və aldığı malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə arayışı və bildirişdən görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən müqavilələrinin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi əsas borc hissəsində təmin edilməli və cavabdehdən 9259,40 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının cərimə borclarının tutulması tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən alınmış əşyaların məbləğinin miqdarını, dəbbə pulunun alqı-satqı edilmiş əşyaların dəyərinə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq 648,16 manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 124,39 manat məbləğində dövlət rüsumunun 107 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 396,50 manat əsas borc, 27,76 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 227,90 manat əsas borc, 15,95 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 48 manat əsas borc, 3,36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1019,04 manat əsas borc, 71,33 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 6606 manat əsas, 462,42 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 385,99 manat əsas borc, 27,02 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 575,97 manat əsas borc, 40,32 manat cərimə borcu olmaqla, ümumilikdə 9907,56 (doqquz min doqquz yüz yeddi manat əlli altı qəpik) manat borc və 107 (yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2326/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2326/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver