Məhkəmə qərarları › İş №e-2(004)-2351/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2351/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2351/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K5740236 saylı müqavilə üzrə 3360 manat əsas borc, 1008 manat faiz borcu, Y20K5740450 saylı müqavilə üzrə 5842 manat əsas borc, 1753 manat faiz borcu və 140 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 12103 manat məbləğində pulun onun xeyrinə tutulması və müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K5740236 saylı, 06 iyun 2019-cu il tarixli müqavilə üzrə 3360 manat əsas borc, 1008 manat dəbbə pulu, Y20K5740450 saylı 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 5842 manat əsas borc, 1753 dəbbə pulu olmaqla ümumilikdə 12103 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 06 iyun 2019-cu il və 30 iyun 2019-cu il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 06 iyun 2019-cu il tarixli Y20K5740236 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 4040 manat olan 2 ədəd "LG" markalı kondisioner, "LG" pipe big və "LG" pipe mid almış, ilkin ödəniş olaraq 200 manat ödəniş etmiş, nəticədə 3840 manat borc yaranmışdır. 30 iyun 2019-cu il tarixli Y20K5740450 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 6396 manat olan 1 ədəd "Веко" markalı mebel içi soba, 1 ədəd "LG" markalı televizor almış, ilkin ödəniş olaraq 300 manat ödəniş elmiş, nəticədə 6096 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 06 iyun 2019-cu il tarixli Y20K5740236 saylı müqavilə üzrə sonuncu dəfə 04.09.2019-cu il tarixdə 160 manat və 30 iyun 2019-cu il tarixli Y20K5740450 saylı müqavilə üzrə sonuncu dəfə 01.08.2019cu il tarixdə 254 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və Y20K5740236 saylı müqavilə iizrə alqı-satqı qiyməti 4040 manat olan 2 ədəd “LG” markalı kondisioner və “LG”pipe big və “LG” pipe mid üçün ümumilikdə manat ödənilməmiş hissə, 1008 manat cərimə borcu və Y20K574045Ü saylı müqavilə üzrə alqı-satqı qiyməti 6396 manat olan 1 ədəd “Веко” markalı mebel içi soba, 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə 5842 manat ödənilməmiş hissə, 1753 manat cərimə borcu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olumasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.06.2019-cu il tarixli Y20K5740236 nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı özünə məxsus ümumi dəyəri 4040 manat olan əşyaları (2 ədəd AC "LG" 1 12CGH-İC/DİS, AC PİPE LG MİD-12 və AC PİPE LG BİG-24) 200 manat ilkin ödəniş olmaqla 24 ay müddətində hər ay 160 manat ödəmək şərtilə Cavabdeh satmışdır. İş materiallarında olan 06.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya hesablanır. İş materiallarında olan 30.06.2019-cu il tarixli Y20K5740450 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı özünə məxsus ümumi dəyəri 6396 manat olan əşyaları (BUİLT-İN BEKO OİM 27201C, TV OLED LG 55B8 SLB, HOME HEATRE LG LHD657, LG32İL6190) 300 manat ilkin ödəniş olmaqla 24 ay müddətində hər ay 254 manat ödəmək şərtilə Cavabdeh satmışdır. İş materiallarında olan 30.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya hesablanır. İş materiallarında olan 11 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 06.06.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh 3360 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 1008 manat cərimə hesablanmışdır. Cavabdeh 30.06.2019-cu il tarixli müqavilə üzrə 5842 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 1753 manat cərimə hesablanmışdır. Ümumilikdə, hər iki müqavilə üzrə Cavabdeh 12103 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 06.06.2019-cu il tarixli və 30.06.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 06.06.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 1008 manat cərimənin və 30.06.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 1753 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, hesablanmış cərimənin məbləğinin azaldılaraq 06.06.2019-cu il tarixli müqavilə üzrə 170 manat məbləğində, 30.06.2019-cu il tarixli müqavilə üzrə isə 300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 iyun 2019-cu il tarixli Y20K5740236 nömrəli müqavilə üzrə 3360 (üç min üç yüz altmış) manat əsas borc və 170 (bir yüz yetmiş) manat dəbbə pulu, 30.06.2019-cu il tarixli Y20K5740450 nömrəli müqavilə üzrə 5842 (beş min səkkiz yüz qırx iki) manat əsas borc və 300 (üç yüz) manat dəbbə pulu olmaqla, ümumilikdə 9672 (doqquz min altı yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 (bir yüz qırx) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 140 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2019-cu il tarixli Y20K5740236 nömrəli müqavilə üzrə 3360 (üç min üç yüz altmış) manat əsas borc və 170 (bir yüz yetmiş) manat dəbbə pulu, 30.06.2019-cu il tarixli Y20K5740450 nömrəli müqavilə üzrə 5842 (beş min səkkiz yüz qırx iki) manat əsas borc və 300 (üç yüz) manat dəbbə pulu olmaqla, ümumilikdə 9672 (doqquz min altı yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 (bir yüz qırx) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar