Məhkəmə qərarları › İş №e-2(004)-2375/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2375/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2375/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1141 manat məbləğində sığorta ödənişi və 31,41 manat məbləğində ödənilmiş dövlət rüsumunu və 0,40 manat xidmət haqqının, cəmi 1172,81 manat alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh “ Qedeon Rixter A.O” X1 Nümayəndəliyi arasında bağlanmış 15 mart 2021-ci il tarixli AS-H 118/21_3 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortlanmış “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “X2 Rover” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 6141 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati təbneh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “X2 Rover” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmş "xxxx" MMC-nin 389/21 nömrəli xx.xx.2021-ci il tarixli qüsur aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6141 manat müəyyən edilmişdir. Subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, “X2 Rover” markalı **-RD-*** avtonəqliyyat vasitəsinin mülk məsuliyyəti, avtonəqliyyat vasitəsinin sahiblərinin mülk məsuliyyətinin icbari sığortası növü üzrə “Xalq Sığorta “ ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi iddiaçının hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1571/23 nömrəli geriyə tələb məktubundan görünür ki, sığorta hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 1141 manat məbləğində pulun iddiaçının hesabına ödənilməsi tələn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan TP4601467 nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsində Cavabdeh tərəfindən idarə olunan “X2 Rover” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq olunmuşdur. İş materiallarında "xxxx" MMC-nin 389/21 nömrəli xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6141 manat müəyyən edilmişdir. İş materiallarında olan Subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, “X2 Rover” markalı **-RD-*** avtonəqliyyat vasitəsinin mülk məsuliyyəti avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə “Xalq Sığorta“ ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi iddiaçının hesabına ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli bank çıxarışından görünür ki, 6141 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx"xxxx"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 26 oktyabr 2023-cü il tarixli 1571/23 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 1141 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına 7 iş günü müddətinə ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə görə onun zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" ASC “Chevrolet Aveo” markalı H019326 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 1141 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 1141 (bir min bir yüz qırx bir) manat sığorta ödənişi və ödənilmiş 31,41 (otuz bir manat qırx bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1172,81 ( bir min bir yüz yetmiş iki manat səksən bir qəpik) manat pul mələği tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1141 (bir min yüz qırx bir) manat sığorta ödənişi və ödənilmiş 31,41 (otuz bir manat qırx bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1172,81 (bir min yüz yetmiş iki manat səksən bir qəpik) manat pul mələği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar