Məhkəmə qərarları › İş №e-2(004)-242/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-242/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-242/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2nın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1112,99 manat borc və ödənilmiş 31,13 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair 2(004)-5094/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixə 1112.99 (bir min yüz on iki manat, doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana “Abseron-2” markalı, 41527 nömrəli sayğac xx.xx.2015-ci il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1mə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, qeyd olunan evə kənar xətt ilk dəfə 2015-ci ildə aşkar edilmişdir. Sonradan isə bir neçə dəfə bununla bağlı aktlar tərtib edilmişdir. Kənar xətt həyətyanı sahədə çəkilmişdir. Sayğac isə həyətdən kənarda quraşdırılmışdır. Kənar xəttin görüntüsü ilə bağlı disk mövcuddur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, sayğac düzgün quraşdırılmadığından işləmir və bununla bağlı İddiaçı ASC-yə müraciət etmişdir. ASC-nin 4 nəfər əməkdaşı gəlib sayğaca baxış keçirmiş və kənar xəttin olmadığını, problemin səbəbinin sayğacın iddiaçının əməkdaşları tərəfindən düzgün quraşdırılmamasının olduğunu bildirmişdir. Hətta onun müraciətinə əsasən ASC-nin əməkdaşı sayğaca baxış keçirərkən özü plombu qırmışdır. Hazırda da sayğacın plombu qırıq vəziyyətdir. Plombu İddiaçı ASC-nin əməkdaşı qırmasına baxmayaraq təmir etdirməmişdir. Qeyd olunan ünvanda kənar xətt və ya sayğaca hər hansı digər müdaxilə olmamışdır. Həyətdə əvvəldən, yəni 8 ildir ki, iki su xətti mövcud olmuşdur və bu barədə ASC-nin əməkdaşlarına məlumat verilmişdir ki, sayğac quraşdırılanda onlardan biri bağlanmalı idi. Hazırda həmin ünvanda sudan istifadə edilsə də, sayğac işləmir, bunun günahı isə onda deyildir. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. Sudan istifadə ilə bağlı yaranmış 194 manat məbləğində borcu ödəməyə razıdır. Lakin cərimə məbləğlərini ödəməyəcəkdir. İddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli abonent kartına əsasən müəyyən edilir ki, Cavabdeh ilə (abonent kodu **********000) İddiaçı ASC arasında bağlanmış xx.xx.2000-ci il tarixli, 10712632 nömrəli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 157 saylı ev su təchizatı və çirkab sularının axıdılması xidmətləri ilə təmin edilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2014-cü ildən başlayaraq 2023-cü ilin mart ayına 1.112,99 manat borcu yaranmışdır. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən 1.112,99 manat borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. - İddiaçı ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlara əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün quraşdırılmış sayğaca baxış keçirilərkən kənar xəttin mövcud olduğu aşkar edilmişdir. Həmin aktlara əsasən müəyyən edilir ki, abonent və ya onun nümayəndəsi aktı imzalamaqdan və təhvil almaqdan imtina etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi su ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Həmçinin ünvanda quraşdırılmış sayğaca müxtəlif tarixlərdə baxış keçirilərək kənar xəttin olması barədə akt tərtib edilmiş və həmin aktlara əsasən cavabdehə cərimə hesablanmışdır. Hazırda iddiaçı su təchizatı və tullantı sularının axıdılmasına görə 2014-cü ildən 2023-cü il tarixədək hesablanmış 1.112,99 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək xx.xx.2023-cü il tarixədək hesablanmış borca iddia müddətinin tətbiq edilərək rədd edilməsi və sudan istifadə ilə bağlı yaranmış 194 məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə isə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir, 5.1.2-ci bəndə görə müqavilənin bağlanmasını tələb etmək isə onun hüququdur. Həmin Qaydaların 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydaların 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat; Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat; Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, borcun tutulması ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxmaq üçün ilk öncə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı 2014-cü ildən 2023-cü ilədək olan dövr üzrə cavabdeh tərəfindən vaxtaşırı icra edilməli olan öhdəliklərin icrasını tələb edir. Onun məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli abonent kartı ilə müəyyən olunur ki, cavabdehə 2014-cü il üzrə 420,12 manat, 2015-ci il üzrə -1,44 manat, 2016-cı il üzrə -220,36 manat, 2017-ci il üzrə 116 manat, 2018-ci il üzrə 118,5 manat, 2019-cu il üzrə 102,5 manat, 2021-ci il üzrə 303,67 manat, 2022-ci il üzrə 236 manat və 2023-cü il üzrə 38 manat borc hesablanmışdır. Həmçinin iddiaçı cavabdehə aylar üzrə borcuna dair bildirişlərin, barəsində tərtib edilmiş aktların verilməsini, yəni onun borclar barədə xəbərdar edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi İddiaçı ASC xx.xx.2023-cü ildə cavabdehdən 2014-cü ildən başlayaraq 2023-cü ilin mart ayına qədər mövcud olan borcların ödənilməsini tələb etmişdir. Lakin həmin vaxtdan daha əvvəl borcların ödənilməsi İddiaçı ASC tərəfindən iddiaçıdan tələb edilməmişdir. Belə ki, daha əvvəlki tarixdə iddiaçıya belə bir tələbin irəli sürülməsinə dair xəbərdarlıq məktubunun cavabdehə nə vaxt təqdim edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddianı 194,32 manat hissədə etiraf edərək həmin məbləğdə borcu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də həmin hissədə etirafı qəbul edərək razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 194,32 (yüz doxsan dörd manat otuz iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 194,32 (yüz doxsan dörd manat otuz iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar