Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2426/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat sığorta ödənişi əvəzinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən idarə olunan “Karsan Atak” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli PAZ********** saylı sığorta şəhadətnaməsi ilə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və “Changan Alsvin” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Cavabdehin təqsiri Sabunçu rayon DYPŞnın ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiq edilmişdir. Cavabdehin avtomobili əks hərəkət zolağına çıxarması və hadisə yerindən yayınması müəyyən edilmişdir. Zərərçəkmiş avtomobilə dəymiş zərərin ümumi məbləği 500 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən həmin məbləğdə sığorta ödənişi zərərçəkmiş şəxslərə ödənilmişdir. Cavabdehə sığorta məbləğinin şirkətə ödənilməsi barədə təkliflər nəticəsiz qalmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2426/2022 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, "xxxx" MMC-də sürücü işləyir, 40 nömrəli marşrut üzrə avtobus sürür. Həmin marşrut Günəşli qəsəbəsindən Sabunçu qəsəbəsi arasında işləyir. Onun iş vaxtı təxminən gecə saat on ikidə bitir. Sonuncu dayanacaq Sabunçu qəsəbəsində yerləşir. Həmin dayanacaqdan sonra o, avtobusu Binəqədi qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus qaraja aparır. Təxminin saat 01.00-dək qaraja çatır. Hadisə günü o yol vərəqəsi əsasında avtobusu idarə etmiş, saat 00.00-da işi bitmiş, lakin avtobusda olan müəyyən nasazlığa görə Sabunçu qəsəbsində yubanmışdır. Hadisə saat 01.30-da törədilmişdir. Ekspert rəyi ilə razı deyil. Hesab edir ki, “Changan Alsvin” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 250 manat kifayət edərdi. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş sübutlarla təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Mülki Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114.1.-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2.-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4652 saylı rəyi ilə aşağıdakı müəyyən edilmişdir: Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Toyota Bakı Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Changan Alsvin” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin noyabr ayına təmir bərpa xərci təxminən 500 manat müəyyən edilir. Cavabdeh onun hadisə günü iş vaxtından sonra idarə etdiyi avtobusda baş vermiş nasazlıqlarla əlaqədar Sabunçu qəsəbəsində qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun tərəfindən törətdiyi zərər əmək vəzifələrinin icrası zamanı törədilmiş zərər kimi qiymətləndirilə bilməz. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, hadisə törətdiyi anda əmək vəzifələrini icra etməməsi, törətdiyi hadisə nəticəsində zərərçəkmişə zərər vurması və həmin zərərin sığorta müqaviləsinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilmişdir. Göstərilənləri və ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 500 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 100 manat məbləğində məhkəmə ekspertizasının dəyəri cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu tutulsun. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2426/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2426/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver