Məhkəmə qərarları › İş №e-2(004)-2441/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2441/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2441/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 may 2021-cu tarixli, MMTK00679 nömrəli müqavilə üzrə 248.30(iki yüz qırx səkkiz) manat qalıq borcu, 75.03(yetmiş beş manat üç qəpik) manat cərimə olmaqla, cəmi 323.33 (üç yüz iyirmi üç manat otuz üç qəpik) manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 30(otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «X1 Olmayan Kredit Təşkilatı» MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 may 2021-ci tarixli, MMTK00679 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 may 2021-cu tarixli, MMTK00679 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh bir ədəd “Rahat künc 2 yerli qəhvəyi” məişət avadanlığı üçün 12 ay ərzində hər ay 112 manat, sonuncu ay isə 108,99 manat olmaqla, cəmi 1340,99 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 28 may 2021-cu tarixli, MMTK00679 saylı alğı-satqı müqaviləsi üzrə 248.30(iki yüz qırx səkkiz manat otuz qəpik) manat qalıq borcu, 75.03 (yetmiş beş manat üç qəpik) manat cərimə olmaqla, cəmi 323,33 (üç yüz iyirmi üç manat otuz üç qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, müştəri 28 may 2021-cu tarixli, MMTK00679 saylı alğı-satqı müqaviləsi üzrə əmələ gələn pul tələbini faktor «X1 Olmayan Kredit Təşkilatı» MMC-nə güzəşt edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30(otuz) manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 15 (on beş) manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 28 may 2021-ci tarixli, MMTK00679 saylı nisyə alğı-satğı müqaviləsi üzrə «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 248.30 (iki yüz qırx səkkiz manat otuz qəpik) manat qalıq borcu, 15(on beş) manat cərimə olmaqla, ümumilikdə 263.30 (iki yüz altmış üç manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 293.30 (iki yüz doxsan üç manat otuz qəpik) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 may 2021-ci tarixli, MMTK00679 saylı alğı-satqı müqaviləsi üzrə 248,30 (iki yüz qırx səkkiz manat otuz qəpik) manat qalıq borc, 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə 263.30 (iki yüz altmış üç manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, cəmi 293.30 (iki yüz doxsan üç manat otuz qəpik) manat pul tutularaq «X1 Olmayan Kredit Təşkilatı» MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar