Məhkəmə qərarları › İş №e-2(004)-2533/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2533/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2533/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsinin və öhdəliklərin ötürülməsinə dair razılaşmanın ləğv edilməsi, lizinq öhdəlikləri üzrə hesablanmış 27.949 ABŞ dolları məbləğində borcun və 8582 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla cəmi 36.531 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manat ekvivalentinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 “Faktor Lizinq" MMC-yə müraciət edərək X3 məxsus olmuş marka-modeli- Mercedes-Benz S500 minik, tip - sedan, rəngi - ağ, buraxılış ili - 2014, ban nömrəsi- WDDUG8CBXEA063297 olan avtomobili (lizinq obyekti) lizinqə almaq istədiyini bildirmişdir. Bundan sonra, həmin avtomobil “Faktor Lizinq" MMC ilə X4 arasında 22 noyabr 2018-ci il tarixdə bağlanmış A491 saylı Lizinq obyektinin alqısatqı müqaviləsinə əsasən 136.000 (bir yüz otuz altın min) manata alınmışdır. Alqısatqıdan sonra avtomobilə **-PB-*** qeydiyyat nişanı verilmişdir. Lizinq obyekti “Faktor Lizinq" MMC ilə X2 arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli A491 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq öhdəliyi 63.700 (altmış üç min yeddi yüz) ABŞ dolları, lizinq mükafatı illik 24 faiz dərəcəsi ilə olamaqla 24 ay müddətinə lizinqə verilmişdir. Bir müddət sonra lizinq alan X2 “Faktor Lizinq" MMC-yə müraciət edərək lizinq predmeti olan avtomobili qarşılıqlı razılaşma ilə başqa şəxsə vermək istədiyini bildirmişdir. Beləliklə də lizinq predmeti olan qeyd olunan avtomobil lizinq verən Faktor Lizinq MMC, öhdəlik ötürən X2 və öhdəlik götürən Cavabdeh1 arasında 02 sentyabr 2019-cu il tarixdə bağlanmış üçtərəfli razılaşmaya əsasən sonuncuya verilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli aktla lizinq predmetini istifadəsinə qəbul etmişdir. Bundan sonra, lizinq münasibətləri üzrə öhdəlikləri qəbul edən çavabdeh Cavabdeh1 öhdəliklərinin icrasını pozmuş, lizinq ödənişlərini həyata keçirməkdən yayınmışdır. Lizinq müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında 22 noyabr 2018-ci il tarixli A491 saylı Zaminlik müqaviləsi də bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 lizinq müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına zamin durmuş, lizinq alanla birlikdə və tam olaraq məsuliyyəti üzərinə götürmüşdür. Cavabdeh1 lizinq müqaviləsinin şərtlərini pozaraq aylıq ödənişlərini qrafiklə müəyyən olunmuş vaxtda və məbləğdə ödəməmişdir. Bundan başqa, o, lizinq predmetini qaytarmaq tələbinə məhəl qoymayaraq avtomobili buna razılıq və müvafiq etibarnamə olmadan idarə etmiş və gizlətmişdir. Öhdəliklərin icrası tələbi ilə bağlı dəfələrlə cavabdehlərə müraciətlər olunsa da əhəmiyyəti olmamışdır, iddiaçının tərtib etdiyi 21 fevral 2022-ci il tarixli 0077/22 saylı maliyyə arayışı ilə də müəyyən olunur ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən etibarən 52.479 ABŞ dollarının hər ay 2500 ABŞ dolları məbləğində ödəniş etməklə ödəməyi öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixdə lizinq müqaviləsinin vaxtı bitmiş və lizinq alana (öhdəliyi qəbul edənə) yeni müddət verilərək aylıq ödəniş məbləği 2635 ABŞ dolları müəyyən edilmişdir. Lizinq obyekti müqavilə müddəti artırıldıqdan sonra 14 aydan çox müddətə istifadədə olmuş və bu müddət ərzində yeni ödəniş qrafikinə əsasən 36.890 ABŞ dolları borc hesablanmışdır və bu məbləğdən indiyə qədər 8.941 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Hazırda müqavilə üzrə 27.949 ABŞ dolları aylıq ödənişlər üzrə borc və 8.582 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 36.531 ABŞ dolları məbləğində borc hesablanmışdır. Lizinq predmeti olan avtomobil iddiaçının əməkdaşları tərəfindən 14 yanvar 2022-ci il tarixində aşkarlanaraq geri alınmışdır. Bu zaman cavabdeh lizinq predmetinin geri alınması və lizinq verənə təhvil verilməsi barədə aktın tərtib olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Faktor Lizinq" MMC (lizinq verən) ilə X2 (lizinq alan) arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli A491 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən Mercedes Benz S500-minik, tip-sedan, rəngi-ağ mirvari, buraxılış ili- 2014, BAN-WDDUG8CBXEA063297 avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin öhdəliyi 63700 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin müddəti 24 ay müəyyən edilmişdir. İş materiallarında olan “Faktor Lizinq" MMC (lizinq verən) ilə öhdəlik götürən Cavabdeh1 arasında bağlanmış Öhdəliyin ötürülməsi haqqında 02 sentyabr 2019-cu il tarixli A491 saylı Daxili Lizinq müqaviləsinə Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A491 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Bu razılaşma imzalandığı anda A491 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlik götürənin qalıq borcu 52479,32 ABŞ dolları təşkil edir və öhdəlik götürən həmin məbləği aşağıdakı şərtlərlə öhdəsinə götürmüşdür: lizinq müddəti – xx.xx.2020, lizinq verənin mükafatımaliyyələşdirilən məbləğin illik 24 faizi. İş materiallarında olan “Faktor Lizinq" MMC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2021ci il tarixli Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “Faktor Lizinq" MMC (lizinq verən) və öhdəlik götürən Cavabdeh1 arasında bağlanmış Öhdəliyin ötürülməsi haqqında 02 sentyabr 2019-cu il tarixli A491 saylı Daxili Lizinq müqaviləsinə Əlavə razılaşmaya əsasən o, 52479,32 ABŞ dolları məbləğində ödənişin aparılmasına dair öhdəlik götürmüşdür. Lakin bu öhdəlik üzrə ödənişlər vaxtında və tam yerinə yetirilməməkdədir. Belə ki, öhdəliklər vaxtında icra olunmadıqda lizinq müqaviləsi ləğv oluna bilər. Ondan xəbərdarlığı qəbul etməyi və 3 gün ərzində müqavilə üzrə öhdəliklərin tam ödənilməsi tələb olunur. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli Arayışda qeyd edilmişdir ki, “Faktor Lizinq" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli A491 saylı Daxili Lizinq müqaviləsinə əsasən **-PB-*** d.q.n-lı Mercedez Benz S500 avtomobilinin alınması üçün 52479 ABŞ dolları ekvivalenti həcmində vəsait ayrılmışdır. Aylıq ödəniş 2500 ABŞ dolları müəyyən olunmuşdur. xx.xx.2020-ci ildə Lizinq müqaviləsinin vaxtı bitmiş və müştəriyə yenidən vaxt verilmişdir. Lizinq obyekti müddət artırılandan sonra 14 aydan çox istifadədə olmuş və bu müddət ərzində yeni ödəniş qrafikinə əsasən 36890 ABŞ dolları borc hesablanmışdır. Bu məbləğdən indiyə qədər 8941 ABŞ dolları ödəniş olmuşdur. Hazırda A491 saylı Daxili Lizinq müqaviləsi üzrə aylıq ödənişlərdən 27949 ABŞ dolları və 8582 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 36531 ABŞ dolları öhdəlik mövcuddur. İş materiallarında olan “Faktor Lizinq" MMC (lizinq verən), X2 (lizinq alan), Cavabdeh2 (zamin) arasında bağlanmış 22 noyabr 2018-ci i tarixli Zaminlik müqaviləsinə əsasən lizinq verən ilə lizinq alan arasında 22 noyabr 2018-ci il tarixdə bağlanmış A491 saylı daxili lizinq müqaviləsi ilə əlaqədar olraaq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Faktor Lizinq" MMC (lizinq verən) ilə X2 (lizinq alan) arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli A491 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən Mercedes Benz S500-minik, tipsedan, rəngi-ağ mirvari, buraxılış ili-2014, BAN-WDDUG8CBXEA063297 avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin öhdəliyi 63700 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin müddəti 24 ay müəyyən edilmişdir. Daha sonra “Faktor Lizinq" MMC (lizinq verən) ilə və öhdəlik götürən Cavabdeh1 arasında bağlanmış Öhdəliyin ötürülməsi haqqında 02 sentyabr 2019-cu il tarixli A491 saylı Daxili Lizinq müqaviləsinə Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A491 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə vermiş və öhdəlik götürən də bütünlüklə qəbul etmişdir. Bu razılaşma imzalandığı anda A491 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlik götürənin qalıq borcu 52479,32 ABŞ dolları təşkil edir. Bundan sonra, lizinq münasibətləri üzrə öhdəlikləri qəbul edən çavabdeh Cavabdeh1 öhdəliklərinin icrasını pozmuş, lizinq ödənişlərini həyata keçirməkdən yayınmışdır. Habelə iş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli Arayışdan görünür ki, hazırda Cavabdeh1 A491 saylı Daxili Lizinq müqaviləsi üzrə aylıq ödənişlərdən 27949 ABŞ dolları və 8582 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 36531 ABŞ dolları öhdəliyi mövcuddur. Bundan əlavə iş materiallarında olan “Faktor Lizinq" MMC (lizinq verən), X2 (lizinq alan), Cavabdeh2 (zamin) arasında bağlanmış 22 noyabr 2018-ci i tarixli Zaminlik müqaviləsinə əsasən lizinq verən ilə lizinq alan arasında 22 noyabr 2018-ci il tarixdə bağlanmış A491 saylı daxili lizinq müqaviləsi ilə əlaqədar olraaq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarında olan “Faktor Lizinq" MMC (lizinq verən) ilə öhdəlik götürən Cavabdeh1 arasında bağlanmış Öhdəliyin ötürülməsi haqqında 02 sentyabr 2019-cu il tarixli A491 saylı Daxili Lizinq müqaviləsinə Əlavə razılaşmadan görünür ki, öhdəlik ötürən lizinq verənin razılığı ilə A491 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Buradan da görünür ki, Cavabdeh2 Cavabdeh1 deyil X1 öhdəliklərinin təminatçısı kimi zamin olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsində qanuni və əsaslı deyildir. Çünki Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin təminatçısı olmasına dair müqavilə bağlamamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 lizinq öhdəlikləri üzrə hesablanmış 27.949 (iyirmi yeddi min doqquz yüz qırx doqquz) ABŞ dolları əsas və 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28.449 (iyirmi səkkiz min dörd yüz qırx doqquz) ABŞ dolları pul və ödənilmiş 235.09 (iki yüz otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, lizinq öhdəlikləri üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 8582 ABŞ dolları məbləğində deyil 500 ABŞ dolları məbləğində, müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Habelə məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsinin və öhdəliklərin ötürülməsinə dair razılaşmanın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarına olan “Faktor Lizinq" MMC (lizinq verən) ilə X2 (lizinq alan) arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli A491 nömrəli daxili lizinq müqaviləsi ilə müqavilənin müddəti 24 ay nəzərdə tutulmuşdur. Bu müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. Həmçinin iş materiallarında olan “Faktor Lizinq" MMC (lizinq verən) ilə öhdəlik götürən Cavabdeh1 arasında bağlanmış Öhdəliyin ötürülməsi haqqında 02 sentyabr 2019-cu il tarixli A491 saylı Daxili Lizinq müqaviləsinə Əlavə razılaşma ilə lizinq müddəti xx.xx.2020-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən 28.449 ABŞ dolları məbləğində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş rüsum 235.09 manat məbləğində məbləğində cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 lizinq öhdəlikləri üzrə hesablanmış 27.949 (iyirmi yeddi min doqquz yüz qırx doqquz) ABŞ dolları əsas və 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28.449 (iyirmi səkkiz min dörd yüz qırx doqquz) ABŞ dolları pul və ödənilmiş 235.09 ( iki yüz otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar