Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-255/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "əmlak və pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "əmlak və pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektləri olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsinin və 2398 saylı bağ evinin geri qaytarılması və 16461,16 manat əsas borc, 15424,4 manat faiz borcu olmaqla ümumilikdə 31.885,56 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında 27 noyabr 2014-cü il tarixdə NV-485/14 saylı daxili lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan və lizinq obyekti sayılan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsi və 2398 saylı bağ evi Cavabdeh istifadəsinə və sahibliyinə verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh lizinq ödənişləri cədvəlinə uyğun olaraq "xxxx" ASC-yə hər ay 1.615 manat 60 ay müddətinə məbləğində pul ödəməlidir. Daxili lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi tələbi barədə cavabdeh - Cavabdeh rəsmi xəbərdarlıq və pretenziya məktubları göndərilsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu hal isə sözügedən müqavilənin birtərəfli qaydada ləğv edilməsi və lizinq obyektinin geri götürülməsi üçün əsasdır. 27 noyabr 2014-cü il tarixli NV-485/14 saylı daxili lizinq müqaviləsinin 13.1.4-ci bəndinə əsasən lizinq alan cari (aylıq) lizinq ödənişlərini ödəmirsə, monitorinq aparılması üçün şərait yaratmırsa və ya monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə lizinq verən tərəfindən birtərəfli qaydada müqavilənin ləğv edilməsi və lizinq obyektinin geri götürülməsi üçün əsasdır. Sözügedən müqavilənin 12.2.2-ci bəndinə görə “Lizinqalan” lizinq ödənişlərini bu müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişinin məbləğinin 0,2% həcmində dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək 2020-ci ıl ərzində fevral ayında 1000 manat, sentyabr ayında 300 manat olmaqla hazırkı vaxtadək cəmi 1300 manat ödəmişdir. Hazırda cavabdehin 16.461,16 manat məbləğində əsas borcu və 15.424,4 manat faiz borcu olmaqla cəmi 31.885,56 manat borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə obyektin qaytarılması və pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbi pul vəsaitinin ödənilməsi, bağ evi və bağ sahəsinin geri qaytarılmasıdır. Verilmiş suallara əsasən bildirmişdir ki, Cəmiyyət tərəfindən 55.000 manat məbləğində pul vəsaiti faiz müqabilində Cavabdeh kredit kimi verilmişdir. Verilən kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan bağ evi və torpaq sahəsi girov qoyulmuşdur. Lakin aralarında rəsmiləşdirməni daxili linzinq, daşınmaz əmlakın girovla təminatı kimi isə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan alqısatqı müqaviləsinə daşınmaz əmlkaın mülkiyyətçisi kimi İddiaçı ASC qeydə alınsa da, hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. Qısacası əmlak hazırda iddiaçının mülkiyyətində, cavabdehin isə istifadəsindədir. Müqavilənin şərtlərinə əsasən iddiaçı bağ evi və torpaq sahəsini alır, cavabdeh isə qrafiklə ödənişi edib bitirdikdən sonra bağ evi və torpaq sahəsi onun, yəni cavabdehin mülkiyyətinə qaytarılmalıdır. Müqavilə üzrə öhdəlik götürməsinə baxmayaraq cavabdeh götürdüyü pul vəsaitini tam şəkildə geri qaytarmamış və nəticədə onun 16461,16 manat əsas borc, 15424,4 manat faiz borcu olmaqla ümumilikdə 31.885,56 manat məbləğində pul borcu yaranmışdır. Cavabdeh sonuncu ödənişi 2021-ci ilin noyabr ayında ödəmiş və 200 manat ödəniş etmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsində olarkən hər ay 500 manat ödəniş edə biləcəyini bildirmişdir. Bu cür ödənişə isə razı deyildir. Hazırda daşınmaz əmlak cavabdehin istifadəsində olduğundan onun geri qaytarılmasını və ya borc məbləğinin ödənilməsini tələb edir. İddiaçı həm pulu, həm də əmlakı istəyir. Əmlak alğı-satqı müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. Lakin əgər pul qaytarılarsa, əmlakı istəmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Belə ki, 5 ilə ödəmək şərti ilə 55.000 manat məbləğində kredit götürmüşdür. Lakin pandemiya ilə əlaqədar olaraq ödənişləri həyata keçirə bilməmişdir. Həmçinin onun əsassız olaraq 15.000 manat məbləğində əlavə borcu yaranmışdır. Faiz borcu ilə razı deyildir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - lizinq şirkəti qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 485/14 nömrəli daxili lizinq müqaviləsinə əsasən müəyyən edilir ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddət və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin şərtlərində linzinqin obyekti konkret olaraq müəyyən edilməmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödənişlər üzrə çıxarışa əsasən müəyyən edilir ki, müştəri Cavabdeh xx.xx.2014-cü il tarixdə illik 25% ödəmək şərti ilə verilmiş 55.000 manat məbləğində kreditə aylıq ödənişlər edilmişdir. Sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 200 manat olmuşdur. - alıcı qismində "xxxx" ASC ilə satıcı qismində Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsini 15.000 manat qarşılığında alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 6-cı bəndinə əsasən müəyyən olunur ki, alıcı həmin əmlakı Cavabdeh lizinqə vermək üçün almışdır. - alıcı qismində "xxxx" ASC ilə satıcı qismində Cavabdeh arasında notarial qayadada bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2398 saylı bağ evini 40.000 manat qarşılığında alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 6-cı bəndinə əsasən müəyyən olunur ki, alıcı həmin əmlakı Cavabdeh lizinqə vermək üçün almışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsi tam paylı mülkiyyət hüququ üzrə "xxxx" ASCnin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2398 saylı ev tam paylı mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2014-cü il tarixli, 485 nömrəli əmlakın qəbulu və lizinqə verilməsi barədə aktlara əsasən müəyyən olunur ki, lizinq alan Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsini və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2398 saylı evi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qəbul etmişdir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9723 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 485/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-yə iddia tələbinin tarixinə, cəmi xx.xx.2023-cü il tarixə olan borcu 14.205,76 manat əsas, 16.690,75 manat faiz borcu olmaqla, cəmi 30.896,52 manat təşkil edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlansa da, həmin müqavilədən irəli gələn münasibətlər alğı-satqı və kredit münasibətləridir. Belə ki, işin faktiki halarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı tərəfindən 60 ay müddətinə illik 25% dərəcəsilə 55.000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı eyni tarixdə tərəflər arasında bağlanmış 2 müxtəlif alğı-satqı müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan iki ayrı əmlak (bağ evi və bağ sahəsi) 40.000 manat və 15.000 manat olmaqla, cəmi 55.000 manata iddiaçıya satılmış və cavabdehin istifadəsinə vermişdir. Hazırda əmlak (bağ evi və bağ sahəsi) iddiaçının mülkiyyətində olmaqla cavabdehin istifadəsindədir. Hazırda iddiaçı lizinq kimi adlandırılan müqaviləsindən irəli gələn 31.885,56 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması və onun mülkiyyətində olan əmlakın geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçı ilə aralarında kredit münasibətləri yarandığını bildirərək faiz borcu ilə razılaşmadığını, pul borcunu qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız oluduğundan təmin edilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli ödənişlər üzrə çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixdə 55.000 manat məbləğində kredit verildiyi qeyd edilsə də, iş materiallarına həmin tarixli kredit müqaviləsi əlavə edilməmiş və ya iddiaçı tərəfindən sonradan belə bir kredit müqaviləsi təqdim edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi formal xarakterli olmaqla, əslində özündə kredit müqaviləsinin şərtlərini əks etdirir. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan əmlakı (bağ evi və bağ sahəsi) iddiaçıya verməklə ondan 55.000 manat məbləğində pul almışdır. Deməli onlar arasında müqavilənin mahiyyəti lizinq münasibətlərinə deyil, kredit və alğı-satqı müqaviləsinin məzmununa uyğun gəlməklə həmin müqavilələrdən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə qeyd edir ki, bir müqaviləyə ad qoymaqla müqavilə mütləq olaraq həmin kateqoriyada olmur. Müqavilənin növünü və mahiyyətini müəyyənləşdirilən müqavilədən irəli gələn öhdəliklərdir. Tərəflərin razılaşma şərtləri onların öhdəliklərini və müqavilənin mahiyyətini müəyyən edir. Dolayısı ilə hazırkı iş üzrə tərəflər aralarında bağlanmış müqavilənin adını lizinq müqaviləsi qoysa da, faktiki olaraq onlar arasında lizinq münasibətləri yoxdur, ümumiyyətlə linzinqin obyekti də yoxdur. İşin hallarından görünür ki, bir tərəf digər tərəfə pul verməyi, digər tərəf isə pulu müəyyən edilmiş faizlərlə geri qaytarmaq öhdəliyini götürmüşdür. Hazırda iddia tələbinin təmin edilməsi üçün onun qanuni və hüquqi əsası olmalı, cavabdehin isə müəyyən öhdəliyi olmalıdır. Hazırda tərəflər öz aralarında faktiki olaraq alqı-satqı müqaviləsi bağlamış, müqavilə əsasında daşınmaz əmlaklar iddiaçının mülkiyyətinə keçmiş, razılaşmaya uyğun olaraq kredit məbləği tam şəkildə ödənildikdə iddiaçı mülkiyyətində olan mənzili cavabdehə geri qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi faktiki olaraq tərəflər öz aralarında ləğv edici şərtə bağlı müqavilə bağlamışlar. Nə qədər ki, cavabdeh pul öhdəliyini yerinə yetirməmişdir onun iddiaçının mülkiyyətində olan əmlakı geri tələb edə bilməz. İddiaçı isə borc müqabilində verdiyi pulun müqabilində cavabdehə məxsus bağ evini və torpaq sahəsini öz mülkiyyətinə keçirdiyindən onun hazırda borc məbləğini və ya əmlakın geri qaytarılmasını tələb etməyə haqqını yaradan hüquqi əsası mövcud deyildir. Bu halda iddiaçı həm əmlakı, həm də kredit müqaviləsindən irəli gələn borcu tələb etməkdə haqlı ola bilməz. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi pulun tutulması və əmlakın qaytarılması tələbinə dair hissədə təmin edilmədiyindən mediasiya xərcinin cavabdehdən tutulması hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı "əmlak və pul" tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-255/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-255/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver