Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2551/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən birgə qaydada 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun, cəmi 480,40 (dörd yüz səksən manat, 40 qəpik) manat pul məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14.02.2021-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, H.Abbasov küçəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, Cavabdeh1 MMC-yə məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “DAEWOO GENTRA MİNİK” markalı, 90PF968 d.q.n.-lı avtomobillə “FORD FUSİON MİNİK” markalı, 99UJ694 d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında 14.02.2021-ci il tarixli, TP4201817 nömrəli Qərarına əsasən, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrini pozmaqda təqsirli bilinmiş və inzibati cərimə edilmişdir. Şirkət tərəfindən tərtib edilmiş 17.02.2021-ci il tarixli qüsur aktına əsasən, “FORD FUSİON MİNİK” markalı, 99UJ694 d.q.n.-lı avtomobilə dəymiş zərər 450 (dörd yüz əlli) manat müəyyən edilmişdir. Bununla əlaqədar iş üzrə 1820 nörməli sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən “FORD FUSİON MİNİK” markalı, 99UJ694 d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdü. Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən (sahibliyində olan avtomobilin etibarnamə olmadan idarə etməyə verməsi səbəbindən) həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 450 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz, 40 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən Şirkətin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün Şirkət tərəfindən məhkəməyə müraciət etmək edilməsinə əsas yaranmışdır Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X8 iddia tələbinin Cavabdeh1 MMC-yə aid olan hissədə rədd olunmasını xahiş edərək bildirdi ki, Cavabdeh1 MMC ilə X11 arasında 13 sentyabr 2019-cu il tarixli LİZ-1426 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil E.Əliyevin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 13 sentyabr 2019-cu il tarixli LİZ-1426 saylı “Daxili Lizinq” müqaviləsinin 2.7-cı bəndinə əsasən X6 xahişi əsasında Cavabdeh1 MMC-nin mülkiyyətində olan, “Daewoo Gentra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh2 etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 13.02.2021-ci il tarixdə bitmişdir. Cavabdeh1 MMC tərəfindən X9 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Xəbərdarlıq məktubu göndərildikdən sonra 16.02.2021-ci il tarixdə müqavilə üzrə ödəniş olunmuş və avtomobilin idarə olunmasına dair etibarnamə alınmışdır. X11 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Həmçinin daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil X6 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh1 MMC-nin sahibliyindən çıxmışdır. İddiaçı 10.05.2022-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın tam təmin edilərək, yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AC seriyalı 692009 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 MMC ilə X11 arasında bağlanan 13.09.2019-cu il tarixli, LİZ-1426 seriyalı X5 surətindən görünür ki, “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil E.Əliyevin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, E.Əliyev bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 13.09.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh1 MMC mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili X9 vermişdir. İş materiallarında olan 03.10.2020-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, X11 “Daewoo Gentra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 5000 manat sığorta məbləğində sığorta etdirmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 “13.09.2019-cu il tarixli, LİZ-1426 seriyalı X5 əsasında lizinqə verilmiş 1 ədəd “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti verilmişdir. Etibarnamənin müddəti 13.02.2021-ci il tarixdə bitmişdir. İş materiallarında olan 12.02.2021-ci il tarixli, 055/1 saylı bildirişin surətindən görünür ki, Cavabdeh1 MMC X9 və Cavabdeh2 etibarnamənin müddətinin 13.02.2021ci il tarixədək olması barədə məlumat verilmiş, 13.02.2021-ci il tarixdən gec olmayaraq lizinq obyektini istifadə hüququ verən etibarnamənin alınmasını tələb edir, əks təqdirdə X5 5.2-ci bəndinə əsasən lizinq obyektindən heç bir hüquqi əsaslar olmadan istifadə müddətində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıyacaqları barədə xəbərdar etmişdir. İş materiallarında olan AD seriyalı 630231 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ford Fuision markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan ƏN-V 455257 saylı etibarnamənin surətindən görünür ki, X10 mülkiyyətində olan Ford Fuision markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili X7 idarə etməyə vermişdir. İş materiallarında olan Cavabdeh2 Bakı şəhəri BPİ-nin DYPİ-ə yazmış olduğu izahatında bildirmişdir ki, idarə etdiyi **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla H.Abbasov küçəsi ilə hərəkət etdiyi zaman qarşısında maneə olduğu üçün sağa manevr edib yerdəyişmə aparan zaman sağla hərəkət edən Ford Fusion markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan Bakı şəhər DYPİ Yol polis xidmətinin ******* TP seriyalı qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələri ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Ford Fusion markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan və təmir xərci cəmi 450 manat təşkil edir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı 1820 saylı aktın surətindən görünür ki, “Azərsığorta” DSKŞ şirkəti tərəfindən X7 450 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 5997 saylı ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxs X4 hesabına 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh1 MMC-nin və Cavabdeh2 ünvanladığı 14.11.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan sığorta ödənişi şəklində faydalanan şəxsə ödənildiyindən, həmin məbləğin subroqasiya qaydasında ödənişinin qaytarılması xahiş edilmiş, əks təqdirdə müvafiq məbləğin qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 12 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Daewoo Gentra” markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta müqaviləsinə əsasən sığorta etdirilmişdir. 13.09.2019-cu il tarixli, LİZ-1426 seriyalı Daxili Lizinq müqaviləsinə əsasən Cavabdeh1 MMC tərəfindən “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daha sonra 22.01.2021-ci il tarixli etibarnamə əsasında həmin lizinq müqaviləsi əsasında “Daewoo Gentra” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti verilmişdir. Etibarnamənin müddəti 13.02.2021-ci il tarixdə bitmişdir. Cavabdeh2 14.02.2021-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus “DAEWOO GENTRA MİNİK” markalı, 90PF968 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “FORD FUSİON MİNİK” markalı, 99UJ694 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında 14.02.2021-ci il tarixli, TP4201817 nömrəli Qərarına əsasən, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrini pozmaqda təqsirli bilinmiş və inzibati cərimə edilmişdir. Sığorta aktına əsasən “FORD FUSİON MİNİK” markalı, 99UJ694 d.q.n.-lı avtomobilə dəymiş zərər 450 (dörd yüz əlli) manat müəyyən edilmiş və iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmişdir. Törədilmiş hüquqa zidd hərəkət nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə keçmişdir. Məhkəmə qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hal ondan ibarətdir ki, Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərar ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, vurulan zərərə görə Cavabdeh1 MMC məsuliyyət daşımır. Belə ki, yolnəqliyyat hadisəsindən əvvəl Cavabdeh1 MMC “Daewoo Gentra” markalı avtomobilə dair Cavabdeh2 adına 22.01.2021-ci il tarixli etibarnamənin hadisə baş verənə qədər müddəti bitmişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq olunmalıdır. Həmin maddədə qeyd olunub: “Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar”. Etibarnamənin müddəti bitdikdən sonra Cavabdeh2 avtomobili geri – Cavabdeh1 MMC -yə qaytarmalı idi, lakin o, bunu etməmiş, avtomobili idarə etməyə davam etmişdir. Etibarnamə bitdikdən sonra Cavabdeh2 yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxs sayılır və hüquqazidd yiyələnmədə Cavabdeh1 MMC təqsirli hesab olunmur. Əgər MMC avtomobili ümumiyyətlə etibarnaməsiz Cavabdeh2 versəyidi, belə halda o, Cavabdeh2la birgə məsuliyyət daşımalı idi. Lakin MMC avtomobili qanuni əsasla - etibarnamə ilə Cavabdeh2 verib, ona görə də etibarnamənin müddəti bitdikdən sonra avtomobili geri qaytarmaq Cavabdeh2 vəzifəsi idi. İddia tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərər çəkmiş “FORD FUSİON MİNİK” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə -faydalanan şəxsə 450 manat sığorta ödənişi edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, həmin məbləğ Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2551/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2551/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver