Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2600/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satılaraq verməyi, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcunu satıcıya ödəməyi öhdəsinə götürür.
2. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən müqavilənin predmeti “Prance” markalı qaz sobasıdır.
3. Əlavənin 3-cü bəndinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir)% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.
4. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin satıcı qarşısında xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürür.
5. Ödəniş cədvəli ilə müəyyən olunur ki, əşyanın dəyəri 289,99 manat, qaytarılma müddəti 18 ay, aylıq ödəniş 17 manat, sonuncu ay 0,99 manat olaraq razılaşdırılmışdır.
6. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
7. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satılaraq verməyi, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcunu satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən müqavilənin predmeti "Samsung" markalı mobil telefon və 1 ədəd aksesuardır.
9. Əlavənin 3-cü bəndinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir)% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.
10. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin satıcı qarşısında xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürür.
11. Ödəniş cədvəli ilə müəyyən olunur ki, əşyanın dəyəri 381,57 manat, qaytarılma müddəti 18 ay, aylıq ödəniş 22 manat, sonuncu ay 7,57 manat olaraq razılaşdırılmışdır.
12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
13. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 289,90 manat, ilkin ödəniş olmadan aylıq 17 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 65,90 manat, cərimə 98 manat məbləğdə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 381,50 manat, ilkin ödəniş olmadan aylıq 22 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 249,50 manat, cərimə 374 manat məbləğdədir.
14. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla hər iki müqavilə üzrə əsas borc və cərimə məbləğinin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
15. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 65,9 manat əsas, 9,8 manat cərimə borcu olmaqla, cəmi 75,7 manat borc, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 249,5 manat əsas 37,4 manat cərimə borcu olmaqla, cəmi 286,9 manat borc ümumilikdə iki müqavilə üzrə 315,4 manat əsas, 47,2 manat cərimə, 362,6 manat cəmi borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddianın əsaslarına görə, cavandehin müddətli (nisyə) alqı-satqı müqavilələrinin şərtlərini pozması nəticəsində iddiaçı qarşısında 315,40 manat əsas, 47,20 manat cərimə borcu öhdəliyi yaranmış, cərimə məbləğlərinə 90% güzəşt edilmişdir.
b) iddiaya etiraz
17. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilələr ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
22. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
23. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqaviləyə əlavə olan ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları və maliyyə arayışlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən cavabdeh “Prance” markalı qaz sobası və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Samsung” markalı mobil telefon və 1 ədəd aksesuar almış, əşyaların qiyməti müvafiq olaraq 289,99 manat, aylıq ödəniş 17 manat və 381,57 manat, aylıq ödəniş 22 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
24. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq hər iki müqavilə üzrə 65,9 manat və 249,5 manat olmaqla, cəmi 315,40 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehlərdən tutulmalıdır.
25. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 9,80 manat və 37,40 manat cərimə borcları hesablanmışdır.
26. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi əsaslıdır.
27. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
28. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbətini nəzərə alan məhkəmə müqavilələr üzrə hesablanmış 9,80 manat və 37,40 manat cərimə məbləğlərini ədalətli və məqsədə müvafiq sayır.
29. İddia eyni zamanda zamin qismində Cavabdeh2 yönəldiyindən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından, zaminin məsuliyyəti aradan qaldıran hər hansı hal aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia zaminə münasibətdə də təmin edilməlidir.
30. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 315,40 manat əsas borc, 47,20 manat cərimə və və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 392,60 manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə