Məhkəmə qərarları › İş №e-2(004)-2620/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2620/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2620/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 492000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı heç bir yerdə işləmədiyindən qızıl-zinət əşyalarının satışı və ya krediti ilə məşğuldur. Belə ki, o mağazadan əldə etdiyi qızıl-zinət əşyalarını bir illik müddətə kreditə istəyən şəxslərə 30 faizlə, bir aylıq müddətə kreditə istəyən şəxslərə isə 5 faiz əlavə olmaqla verir. İddiaçıya qızıl alış-verişində həyat yoldaşı kömək edir. Cavabdeh iddiaçıyla qonşuluqda yaşayır. Onu və ailə üzvlərini uzun illərdir ki, tanıyır, aralarında münasibətlər həmişə normal olub, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqribən 2022-ci il tarixdə cavabdeh iddiaçının həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Cavabdeh mütəmadi olaraq az miqdarda, 1000-1500 manat məbləğində iddiaçıdan qızıl əşyaları sataraq daha sonra pulunu iddiaçıya ödəyirdi. Bir müddət sonra da bu hal belə davam edirdi. 2023-cü il tarixə cavabdeh ilin tamamında 30 faiz əlavə dəyərini ödəməklə qızıl-zinət əşyalarını kreditə götürmüşdür. 2023-cü il ərzində cavabdeh əlavə faiz dəyəri də hesablanmaqla, iddiaçıdan 266040 (iki yüz almış altı min qırx) manat dəyərində qızıl əşyası almışdır. Cavabdeh aldığı qızılların dəyərini aylıq faizlərini toplamaqla ilin sonunda təhvil verəcəyini bildirmişdir. İddiaçı aralarında olan qonşuluq münasibətinə, həmçinin cavabdehin ondan əvvəllər də al-ver etməyinə etibar edərək qızıl-zinət əşyalarını cavabdehə nisyə vermişdir. Lakin cavabdeh 2023-cü ilin may ayında iddiaçıya artıq borclu olduğu yuxarıda qeyd olunan 266040 (iki yüz almış altı min qırx) manat məbləğində qızıldan əlavə yenə böyük məbləğə kreditə qızıl istəmişdir. İddiaçı cavabdehə artıq ona borclu olduğunu, bu istədiyi qızıllarla birlikdə bu borcu necə ödəyəcəyini soruşduqda, cavabdeh bunu heç bir problem yaratmadığını il sonunda da aldığı bütün qızılların dəyərini iddiaçıya ödəyəcəyini bildirmişdir. Cavabdehin dediyi sözləri təsdiq etmək üçün onun həyat yoldaşı Elnur da cavabdehin pulu qaytaracağına zəmanət vermişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 492000 (dörd yüz doxsan iki min) manat borcu yaranmışdır. Qeyd edir ki, cavadehin iddiaçıdan nisyə qızıl aldığını, aldığı qızılların dəyərini ödəməkdən boyun qaçırdığına dair səs yazıları və Whatsapp danışıqları da mövcuddur. Həmin səs yazıları və yazışmalar məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırdığına görə iddiaçı ərizə ilə Sumqayıt ŞPİ-yə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X3 28 mart 2024-cü il tarixli qərarı ilə iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin işin materiallarından da aydın görünür ki, cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmədiyini etiraf etmişdir. Qərar da iddia ərizəsinə əlavə olunur. İddiaçı cavabdehlə əlaqə saxlayaraq nəyə görə borcunu ödəmədiyini soruşduqda, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu zaman iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. Bu günə qədər də cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbədən də, hazırki ərizə ilə məhkəməyə müraciət edirik. Hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 492000 (dörd yüz doxsan iki min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh həm “Nasosnıy” adlanan ərazidə, həm də Sumqayıtda olan zaman 492000 manat borcu olduğunu etiraf etmişdir. Eləcə də, cavabdehin qızılları verdiyi adam etiraf etmişdir ki, qızılları götürüb. 2023-cü ilə kimi bir neçə dəfə 1 illik müddətə cavabdehə qızıl vermişdir. 492000 manat məbləğində pul vəsaiti həm qızılın maya dəyəri, həm də üstünə qoyduğu puldan, yəni qazancından ibarətdir. Demək olar ki, qızılın maya dəyəri 400000 manat civarında olmuşdur. Cavabdehin ona 1 illik müddətə verdiyi qızıl üzrə 200000 manata yaxın borcu qalmışdı və ona etibar etdiyindən əlavə olaraq 1 aylıq müddətə qızıl verdi. Lakin nə əvvəl götürdüyü qızılın, nə də sonrakının ödənişini etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdehə verilmiş 492000 manat məbləğində malın maya dəyəri 400 000 manat idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, onun iddiaçıya 235000 manat borcu vardır. Qızılları Nuranə adlı şəxsə vermiş, Nuranə də onların dəyərini ona ödəmədiyindən o da iddiaçıya qaytara bilməmişdir. 492000 manat məbləğində qızılı üç nəfərdən götürmüşdür, yəni ümumi borcu üç nəfərə Münirəyə, Ağaşirinə və Ruslanadır. İddiaçıya 235000 manat borcu vardır. Məhkəmə baxış iclasında CD diskə baxış keçirdikdən sonra sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Ruslana illik qızılların pulunu ödəmişdir. O, həcc ziyarətində olan zaman ödənişləri saxlamağı demişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 28 mart 2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, özü heç yerdə işləmir. Həyat yoldaşı X4 hərbiçi olub, hal-hazırda Laçın rayonu ərazisində yerləşən hərbi hissələrdən birində çalışır. İddiaçı və onun arvadı Səriyyə onun həm uzaq qohumu, həm də qonşularıdırlar, onlarla münasibətləri həmişə yaxşı olub. Təxminən 2020-ci ilin sonları, 2021 -ci ilin əvvəllərində o Səriyyənin internet statusunda qızıl-zinət əşyalarının satışı və krediti barədə elanı oxuduqda Səriyyəyə müraciət edərək heç yerdə işləmədiyini bildirib ona da az-az miqdarda nisyə qızıl verməsini xahiş edib özübün də həmin qızılı kreditə verəcəyini və ya satacağını bildirmişdir. Səriyyə əgər ondan aldığı qızılları üzərinə pul qoymadan satarsa ona müəyyən az miqdarda faiz xeyir verəcəyini bildirmişdir. Bundan sonra o ilk əvvəllər az miqdarda Səriyyədən qızıl-zinət əşyalarını bir il müddətinə kreditə götürüb daha sonra illik 30 faiz məbləği ilə tanışlarına kreditə verirmiş və hər ay vaxtı-vaxtında aylıq ödənişləri Səriyyəyə verirmiş, əvəzində isə Səriyyə ona qızıl şəklində mükafat verirmiş. Əlavə olaraq qeyd etmişdir ki, o qızılı Səriyyədən ancaq çəki ilə və çəkinin dəyərinə görə götürürmüş və həmin qızılların əl işi olması və yaxud hansı formada olması heç bir əhəmiyyət kəsb etmirmiş. O ilk əvvəllər qızılı Səriyyədən bir illik müddətinə qramını 120 manatdan, son 4-5 ayda isə qızılın bahalaşması ilə əlaqədar 125-130 manatdan götürmüş, həmin qiymətdə də vətəndaşlara bir illiyinə kreditə vermişdir. Aylıq yığımları qəpiyə qəpik Səriyyəyə verirmiş. Bir daha qeyd etmişdir ki, Səriyyə bunun əvəzində ona yalnız verdiyi pulun müqabilində qızıl formasında mükafat verirmiş. Ona bu işdə həyat yoldaşı Elnur da köməklik edirmiş. Belə ki, vətəndaşlardan aylıq pulların yığılmasında və bəzən də qızılların vətəndaşlara çatdırılmasında Elnur onunla birlikdə işləyirmiş, ilk dövrlərdə o Səriyyədən aldığı qızıl-zinət əşyalarını yalnız ətrafında olan yaxın qohumlarına kreditə verirmiş və onlar da vaxtı-vaxtında pulu ödəyirmişlər. Lakin, təxminən 2022-ci ilin aprel və ya may ayında o Abşeron rayonu, Masazır qəsəbəsində gözəllik salonu işlədən X1 ilə tanış olmuşdur. Onunla tanış olmaqlarına səbəb isə o öz vatsap səhifəsində qızıl-zinət əşyalarının satışı və kreditə verilməsi barədə elan qoyması olmuşdur. Belə ki, Nuranə ona zəng vuraraq özünün də uzun ilərdir qızıl alveri ilə məşğul olduğunu, böyük həcmli qızıl götürən müştərilərinin ‘olduğunu və onun vasitəsi ilə həmin qızılları illik kreditə verə biləcəyini bildirmişdir. Nuranənin bu təklifi onun üçün cəlb edici görünmüş və bu səbəbdən o Səriyyədən götürdüyü qızlların həcmini xeyli artırıb demək olar ki, ayda ortalama 50-60 min manatlıq qızılları ondan götürüb həmin faizlə Nuranəyə verirmiş, Nuranə isə buna müvafiq olaraq aylıq ödənişləri ona çatdırırmış, o da qəpiyə-qəpik Səriyyəyə verirmiş. Artıq 2022-ci ilin aprel ayından başlayaraq Nuranəyə verilən bir illik kreditlərin bağlanma vaxtları çatırmış. Qeyd olunan dövrə qədər aylıq ödənişlər vaxtı-vaxtında verilmişdir. Səriyyə və əri Ruslan onun qızılları kimə verməsi ilə maraqlanmırmış, onların qarşısında o məsuliyyət daşıyırmış, həmçinin Nuranə adlı-müştərinin olmasından xəbərsiz olmuşlar. Nuranə ilə onun arasında olan aylıq ödəniş cədvəli eyni qaydada və məbləğdə onunla Səriyyə arasında qurulmuşdur. O özü isə Nuranənin həmin qızılları kimlərə verməsi ilə maraqlanmırmış, belə ki, onun da qarşısında həmin ödənişlərə görə Nuranə məsuliyyət daşıyırmış. 2023-cü ilin may ayının əvvəllərində Nuranə gözləmədiyi halda ona müraciət edərək yeni qızıl piştaxtalarında işləyən topdan satış müştəriləri tapdığını və bu səbəbdən ona verəcəyi qızl-zinət əşyalarının həcmini artırmaq lazım olduğunu, alacağı qızılları artıq bir illik müddətə yox bir aylıq müddətə götürəcəyini və bir ayın sonunda qızılların pulunu satıb ona verəcəyini, ancaq belə olan halda qızılın aşağı qiymətlə ona verilməsinin lazım olduğunu bildirmişdir. O Nuranənin müraciəti ilə əlaqədar əri Elnurla birlikdə Ruslangilə getmiş və Ruslanla arvadı Səriyyəyə böyük məbləğdə bir ay müddətinə pulu qaytarılmaq şərti ilə qızıl-zinət əşyaları almaq istədiklərini bildirib həmin qızılları hansı məbləğdə onlara biləcəklərini soruşduqda, Ruslan pulunu bir aya qaytaracaqlarını nəzərə alıb qızılın qramını 130 manatdan deyil 95 manatdan onlara verə biləcəyini bildirmişdir. Bu təklif onları qane etdiyindən Ruslan və Səriyyə ilə razılaşmışlar və xx.xx.2023-cü il tarixdə qramını 95 manatdan hesablanılmaqla 108.012 manat dəyərində 1136,97 qram, xx.xx.2023-cü il tarixdə 58.263 manat dəyərində 613,30 qram, xx.xx.2023-cü il tarixdə 26.010 manat dəyərində 273,79 qram və xx.xx.2023-cü il tarixdə 25.224 manat dəyərində 265,41 qram çəkidə qızıl-zinət əşyalarını Ruslangildən götürüb daha sonra elə həmin günlərdə də əri Elnur Sumqayıt şəhər ərazisində Nuranə, onun atası Aqif və ya əri Elməddin ilə görüşüb onlara təhvil vermiş, sonuncu dəfə isə Nuranə 265,41 qram çəkidə qızıl əşyalarını onun yaşadığı ünvan 1 ünvana gələrək evlərinin qarşısında ondan və Elnurdan təhvil almışdır. Lakin, həmin vaxtdan sonra Nuranənin əvvəllər bir illik müddətinə götürmüş olduğu qızıl-zinət əşyalarının aylıq ödənişi və həmçinin may ayında bir aylıq götürmüş olduğu qızılların aylıq ödənişi kəsildi. Belə ki, Nuranə təkcə 2023-cü ilin may ayında əvvəllər bir illik müddətə götürmüş olduğu qızıl-zinət əşyalarına görə 15.186 manat pul ödəməli idi. O Nuranə ilə əlaqə saxladıqda Nuranə yüngül bir problemin çıxdığını və 2- 3 gün ərzində ödənişi edəcəyini bildirmişdir. O Nuranədən may ayında bir aylıq götürdüyü cəmi 226.440 manat məbləğində qızılın pulunun necə olacağını soruşanda Nuranə həmin pulu vaxtında ödəyəcəyini demişdir. Lakin, Nuranənin söz verdiyi 2-3 gün də keçdikdən sonra 15.186 manat pulu ödəmədiyini görüb o və əri Elnur narahat olmuş və bu səbəbdən Nuranə ilə Masazır qəsəbəsi, “Qurtuluş 93” Y/M-nin ərazisində yerləşən restoranlardan birində görüşmüşlər. Onlar öz narahatçılıqlarını Nuranəyə bildirdikdə sonuncu müxtəlif bəhanələr gətirərək guya ona verdikləri qızılların qaçaqmal olduğunu, buna görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşlarının onları məsuliyyətə cəlb etdiyini, buna görə 121.000 manat xərci çıxdığını, verməli olduğu həmin məbləğdən 121.000 manatı çıxıb onlara hissə-hissə 20 ay ərzində cəmi 371.000 manat pul qaytaracağını bildirmişdir. Onlar vəziyyətin çətin olduğunu görüb Ruslana zəng vuraraq ona Nuranə barədə tam danışmışlar və Nuranənin onlara dediklərini Ruslana bildirmişlər. Uzun mübahisədən sonra Ruslan çarəsiz qalıb Nuranənin onlara etdiyi təklif ilə razılaşmış, həmin təklifə görə Nuranə onlara 371.000 manatı hər aylıq 18.550 manat olmaqla 20 ay müddətinə ödəməli imiş. Bu səbəbdən onlar Nuranədən öz xətti ilə xx.xx.2023-cü il tarixdə yazılı qəbz almışlar və Nuranə həmin qəbzdə pulu ödəmək şərtlərini qeyd edib imza etmişdir. Həmin qəbzə əsasən 18.550 manatı Nuranə 2023-cü ilin iyul ayının 6-da ödənişli imiş. Lakin, həmin vaxt da çatdıqda Nuranə pul ödəməkdən imtina etmiş və ümumiyyətlə onların telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş ********* saylı cinayət işi materialında olan X2 izahatında bildirmişdir ki, Mirvarinin verdiyi qızılları Fidan, Nərmin, Məleykə və Gülşən adlı şəxslərə hərəsinə müxtəlif çəkilərdə bir ay müddətinə vermişdir. Lakin həmin vaxtdan sonra qadınlar pulu verməyi yubatmağa başlamışdılar. Həmin qadınlar guya Mirvarinin əri Elnurun onları hədələyərək polisə verəcəyini bildirdiyinə görə ödənişi etməkdən imtina etdilər. Elnur və Mirvari ondan pulu tələb edərkən o, həmin qadınları ələ verməyib onlara guya qızılların qaçaqmal olması ilə əlaqədar DİB BMCMİ-nin əməkdaşlarına 121000 manat pul verdiyini və 371000 manat qaytarmalı olduğunu, həmin pulu da 20 ay müddətinə ayda 18.550 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüş və bu barədə Elnur və Mirvariyə öz xətti ilə yazılı qəbz vermişdir. Qəbzi verərkən arxayın idi ki, Fidan, Nərmin, Məleykə və Gülşən pulları qaytarar, o da Mirvarigilə pulu verər. Lakin onlar da halhazıra kimi vermiş olduğu qızılların pullarını qaytarmaqdan imtina edirlər. Bu səbəbdən o da Mirvarinin qarşısında, Mirvari isə qızılların sahibi Ruslan və arvadı Səriyyənin qarşısında borclu qalmışlar. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısından görünür ki, Cavabdeh səsinin yazıldığından məlumatlı olmuş, İddiaçı ilə aralarında iddiaçının cavabdehə verdiyi qızıllarla bağlı hesablamalar aparılmış və nəticədə Cavabdeh İddiaçı ümumilikdə faizlərlə birlikdə 492480 (dörd yüz doxsan iki min dörd yüz doxsan) manat borcu olduğu cavabdeh tərəfindən bildirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı qızılzinət əşyalarının satışı və ya krediti ilə məşğuldur. 2022-ci il tarixdə Cavabdeh İddiaçı həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Bununla da tərəflər aralarında şifahi razılığa gəlmişlər. Hazırda isə İddiaçı Cavabdeh 492000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsini xahiş edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh məhkəmə iclasında 232.000 manat borcunun olmasını etiraf etsə də, iş materiallarında olan səs yazısından və Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin qərarından görünür ki, Cavabdeh İddiaçı 492.000 manat (faizləri ilə birlikdə) məbləğində borcunun olmasını bildirmişdir. Məhkəmə baxış iclasında iddiaçı bildirmişdir ki, verilmiş qızılların maya dəyəri 400 000 manat, faizləri ilə birlikdə 492 000 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qızılların dəyərinin ödənilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən, iddia 400 000 (dörd yüz min) manat hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh məhkəmə baxış iclasında izahatında 492000 borcun üç nəfər şəxs olduğunu bildirsə də, həmin iclasda CD diskə baxış zamanı yalnız iddiaçı ilə borc barədə danışıqlar aparılmış və 492000 manat borcun olduğu bildirilmiş və sədrlik edənin həmin şəxslərin adının diskdə çəkilməməsi ilə bağlı sualına cavabda isə cavabdeh iddiaçıya ödənişlərin edildiyini və 235000 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi cavabdeh ziddiyyətli izahat vermiş və məhkəmə bunu özünümüdafiə xarakterli izahat olaraq qiymətləndirir. İddia tələbinin tələb olunan qalan 92.000 manat hissəsi isə faiz borcu kimi hesablandığından məhkəmə bu hissədə hesab edir ki, əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, göründüyü kimi 92000 manat əldən çıxmış faydanın nədən ibarət olması, faiz məbləğinin hansı formada hesablanaraq tələb edilməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə dövlət rüsumunun əvəzi olan 782 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 636 (altı yüz otuz altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 (yeddi yüz səksən iki) manat məbləğində pulun 636 (altı yüz otuz altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar