Məhkəmə qərarları › İş №e-2(004)-2625/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2625/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2625/2022 18.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 79,47 manat əsas, 24,36 manat cərimə borcu, cəmi 103,83 manat, 25.01.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 208,55 manat əsas, 55,08 manat cərimə borcu, cəmi 263,63 manat, hər iki müqavilə üzrə ümumi 367,46 manat, həmçinin 30 manat dövlətrüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında 21.12.2020-ci il tarixdə bağlanmış 126642 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 378.52 manata nisyə mobil telefon satmışdır. Alıcı həmin məbləği hər ay 42.06 manat ödəmək şərti ilə 9 ay müddətinə, hər ayın 21-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 7 ay toplam olaraq 299 manat ödəniş etmiş və qalıq 79.47 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh ilə "xxxx" MMC arasında 25.01.2021-ci il tarixdə bağlanmış 127288 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 427.14 manata nisyə mobil telefon satmışdır. Alıcı həmin məbləği hər ay 35.6 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 25-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 6 ay toplam olaraq 218.56 manat ödəniş etmiş və qalıq 208.55 manat borcu ödəməkdən yayınmışdır. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 21.12.2020-ci il tarixli müqavilə üzrə 24.36 manat və 25.01.2021-ci il tarixli müqavilə üzrə 55.08 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 21.12.2020-ci il tarixli müqavilə üzrə 8 manat və 25.01.2021-ci il tarixli müqavilə üzrə 20 manat məbləğinədək azaldılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21.12.2020-ci il tarixli müqavilə üzrə 79 (yetmiş doqquz) manat 47 (qırx yeddi) qəpik əsas, 8 (səkkiz) manat cərimə borcu, cəmi 87 (səksən yeddi) manat 47 (qırx yeddi) qəpik; 25.01.2021-ci il tarixli müqavilə üzrə 208 (iki yüz səkkiz) manat 55 (əlli beş) qəpik əsas, 20 (iyirmi) manat cərimə borcu, cəmi 228 (iki yüz iyirmi səkkiz) manat 55 (əlli beş) qəpik, ümumilikdə 316 (üç yüz on altı) manat 02 (iki) qəpik məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14% yəni, 4 (dörd) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilsin, qalan 86% yəni, 25 (iyirmi beş) manat 80 (səksən) qəpiyi isə Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.12.2020-ci il tarixli müqavilə üzrə 79 (yetmiş doqquz) manat 47 (qırx yeddi) qəpik əsas, 8 (səkkiz) manat cərimə borcu, cəmi 87 (səksən yeddi) manat 47 (qırx yeddi) qəpik; 25.01.2021-ci il tarixli müqavilə üzrə 208 (iki yüz səkkiz) manat 55 (əlli beş) qəpik əsas, 20 (iyirmi) manat cərimə borcu, cəmi 228 (iki yüz iyirmi səkkiz) manat 55 (əlli beş) qəpik, ümumilikdə 316 (üç yüz on altı) manat 02 (iki) qəpik məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14% yəni, 4 (dörd) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilsin, qalan 86% yəni, 25 (iyirmi beş) manat 80 (səksən) qəpiyi isə Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar