Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2625/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" MTK-ya ödənilmiş məbləğin öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 10672 manat pul məbləğinin, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə iddiaçı arasında imzalanmış 22 may 2018-ci il tarixli 0955 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1də yerləşən, ümumi sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzilin hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100 004 manat müqabilində iddiaçıya təhvil verilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmiş və 18 iyun 2020-ci il tarixli təhvil aktına əsasən mənzil ona təhvil verilmişdir. İddiaçı mənzil sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci tarixli, **********26-05301-093237 reyestr, ********** qeydiyyat nömrəli çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 93.40 kv.m-dir. Mənzil sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən mənzilin ümumi sahəsi aşağıdakı qaydada müəyyən edilmişdir: Dəhliz – 11.4 kv.m, Yaşayış otağı – 24.4 kv.m, Mətbəx – 15.0 kv.m, Sanitar qovşağı – 2.5 kv.m, Sanitar qovşağı – 3.4 kv.m, Yaşayış otağı – 17.3 kv.m, Yaşayış otağı – 15.5 kv.m, Lociya – Əmsalsız 3.7 kv.m, 0.5 əmsalla 1.9 kv.m, Lociya – Əmsalsız 3.9 kv.m, 0.5 əmsalla 2.0 kv.m. Beləliklə, mənzilin sahəsi əmsallar tətbiq edilmədən hesablandıqda texniki pasporta olan sahələrin cəmi 11.4+24.4+15.0+2.5+3.4+17.3+15.5+3.7+15.5+3.7+3.9=97.1 kv.m təşkil edir. Cavabdeh tərəfindən faktiki olaraq müqavilə üzrə öhdəliklər düzgün icra edilməmiş, faktiki olaraq 97.1 kv.m mənzil sahəsi təqdim edilmişdir. Bu isə o deməkdir ki, müqavilədə qeyd olunan sahə ilə faktiki təqdim edilmiş sahə arasında 108.7-97.1= 11.6 kv.m fərq mövcuddur. Nəzərə alınsa ki, mənzilin hər bir kvadratmetri üzrə tərəfindən 920 manat cavabdehə ödənilmişdir, bu halda həmin fərqin dəyərini təşkil edən 11.6 x 920 = 10672 manat məbləğ geri ödənilməlidir. Bununla bağlı müqavilənin 5.1-ci bəndinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli məktubla cavabdehə yazılı müraciət edərək, 10672 manat məbləğin ona geri ödənilməsini tələb etsə də, məktub müqavilədə və vergi orqanın uçot məlumatlarında qeyd olunan ünvana çatmadan həmin ünvanda olmaması əsası ilə geri qayıtmışdır. Həmçinin eyni məzmunda xx.xx.2024-cü il tarixində e-mehkeme portalı vasitəsilə pretenziya bölməsi vasitəsilə cavabdehə məktub təqdim edilsə də, məktublarına geri dönüş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında imzalanmış 22 may 2018-ci il tarixli 0955 nömrəli müqaviləyə əsasən kooperativ Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binasının B bloku, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzili üzvə verməyi, üzv isə hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100 004 manat məbləğində mənzilin dəyərini kooperativə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK-nın “mənzil açarının təqdim olunması” barədə xx.xx.2020-ci il tarixli Aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəllədə inşa edilmiş “Xətai Park” yaşayış kompleksində B (52) saylı binanın, 15-ci mərtəbə, 3 otaqlı, 3 saylı mənzili istifadəsinə və sahibliyinə qəbul etməsi üçün mənzilin açarı xx.xx.2020-ci il tarixdə İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən 93,40 kv.metr mənzil xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3914 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında imzalanmış 22 may 2018-ci il tarixli 0955 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, kooperativ Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binasının B bloku, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzili üzvə verməyi, üzv isə hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100 004 manat məbləğində mənzilin dəyərini kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən inşa ediləcək binada iddiaçıya təhvil verilməli olan mənzilin tam sahəsinin 108,70 kvadratmetr olduğu göstərilmişdir. Çıxarışda isə mənzilin sahəsi 93,40 kv.metr göstərilmişdir. Hazırda iddiaçı mövcud olmayan 11,6 (108.7-97.1 (əmsallar tətbiq edilmədən texniki pasporta olan sahələrin cəmi) = 11.6 kv.m) kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan artıq alınmış 10672 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3914 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3914 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 10,9 kv.m (108,7-97,8=10,9 kv.m) olması və hər kvadrat metri üçün 920 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 10028 (10,9x920) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 10028 (on min iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93,96 (doxsan üç manat doxsan altı qəpik) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,04 (altı manat dörd qəpik) manat (100-93,96=6,04) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul da Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 10028 (on min iyirmi səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93,96 (doxsan üç manat doxsan altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,04 (altı manat dörd qəpik) manat (100- 93,96=6,04) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev