Məhkəmə qərarları › İş №e-2(004)-2650/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2650/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2650/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq obyekti olan mənzilə olan istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq obyekti olan mənzilə olan istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarxli D090 saylı X10 və xx.xx.2022-ci il tarxli, D090 saylı X9 Əlavə Razılaşma üzrə yaranmış 33 666 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 49 551 manat olmaqla, cəmi 83 217 manat lizinq borcunun və 339,65 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, Cavabdeh1, X4, X2, Cavabdeh2 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3141, Mirəli Seyidov küçəsi, ev 10 ünvanında yerləşən 35 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X8 arasında 08 oktyabr 2021-ci il tarixli D090 saylı X10 bağlanmış və həmin lizinq müqaviləsinin predmeti olan mənzilin alınması ilə əlaqədar (Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3141, Mirəli Seyidov küçəsi, ev 10, mənzil 35) Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzili mülkiyyətçi Cavabdeh1 alaraq X5 lizinqə vermişdir. İddiaçı MMC ilə Məmmədov Elvin və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, D090 saylı X9 Əlavə Razılaşma bağlanılmışdır. Bu razılaşma ilə də lizinq üzrə öhdəliklər X6 Emilə ötürülmüşdür. Müqavilə şərtlərinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 tərəfindən İddiaçı MMC qarşısında lizinq müqaviləsi üzrə götürülmüş öhdəliklər 12 ay müddətində, 11 ay 10073 manat, sonuncu ay isə 197 033 manat ödəməklə tam icra edib başa çatdırmalı idi. Lakin, müqavilə bağlandığı tarixdən cəmi 31 500 manat ödəniş edilmiş, həmin məbləğin 31334 manatı faiz, 166 manatı isə əsas borca silinmişdir. Hazırda, cavabdehin xx.xx.2021-ci il tarixli D090 saylı X10 üzrə lizinq predmetindən istifadə edildiyi dövr üçün hesablanmış (200 gün) 33 666 manat izinq mükafatı və gecikdirilmiş günlər üçün müqavilə bitən günə qədər 49 551 manat həcmində cərimə olmaqla, ümumilikdə 83217 manat borcu mövcuddur. Cabadehə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yeriə yetirməkdən imtina etmişdirlər. Məhkəmə mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X7 mülki işin aidiyyatı üzrə Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. Bundan başqa, iddiaçı “Faktor Lizinq" MMC (VÖEN **********) kommersiya hüquqi şəxsidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Hazırki iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə hüquqi şəxslə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasındadır. Belə ki, iddiaçı “Faktor Lizinq" MMC ilə X8 arasında bağlanmış X10 və X8 ilə Cavabdeh1 arasında bağlanmış X9 Əlavə Razılaşma üzrə yaranmış borcun tutulmasını tələb edir. İş materiallarında olan X3 ərizəsindən görünür ki, lizinq obyekti olan mənzil icarəyə verilmək məqsədilə lizinqə götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq obyekti olan mənzilə olan istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar