Məhkəmə qərarları › İş №e-2(004)-2708/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2708/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2708/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı “Mətanət A” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı “borcun və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28327,99 (iyirmi səkkiz min üç yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) manat əsas borc, 20 gündə gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 2832,79 (iki min səkkiz yüz otuz iki manat yetmiş doqquz qəpik) manat penya olmaqla cəmi 31160,78 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 183,48 (yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “Mətanət A” şirkətinə ödənilməsi barəsində məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə “Mətanət A” şirkəti arasında bağlanmış 158/21 saylı 15.07.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 15 (on beş) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 17.11.2021-ci il tarixində imzalanmış "Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsədə, lakin indiyədək 28327,99 (iyirmi səkkiz min yüz iyirmi yeddi manat, 99 qəp) manat borc qalığını ödəməmişdir. İddiaçı “Mətanət A” şirkətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Mətanət A” şirkəti ilə Cavabdeh arasında bağlanmış 15.07.2021-ci il tarixli 158/2021 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqavilə ilə tərəflər növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapacaq məhsulların, mallarının qəbul edilməsindən sonra 15 gündən gec olmayaraq dəyərinin ödənilməsi şərtilə alqı-satqısı barədə razılığa gəlmişlər. Müqavilənin 1.3-cü yarımbəndinə əsasən, alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanan “öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. Müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı gecikdirmənin müddəti 15 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya ödəyir. İş materiallarında olan 17.11.2021-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, Cavabdeh “Mətanət A” şirkətinə aktın imzalanması tarixinə borcu 28327,99 manat təşkil etmişdir. İş materiallarında olan 14.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Mətanət A” şirkəti tərəfindən 78830,03 manat məbləğində mal satılmış və onun tərəfindən 50502,04 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən son ödəmə 13.11.2021-ci il tarixdə 21110 manat məbləğində olmuşdur. Cavabdeh 14.04.2022-ci il tarixə “Mətanət A” şirkətinə borcu 28327,99 manat təşkil edir. İş materiallarında olan “Mətanət A” şirkəti tərəfindən borclu Cavabdeh ünvanlanmış 16 mart 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun şirkətə ödənilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, əks halda şirkət tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 20.04.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “Mətanət A” şirkəti tərəfindən 183,48 (yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh aldığı malların dəyərini müqavilə ilə müəyyyən edilmiş vaxtda ödəməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi mülların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 15.07.2021-ci il tarixli, müqavilədə göstərilmişdir ki, cavabdeh, gecikdirmənin müddəti 15 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, tərəflər arasında bağlanmış 158/21 saylı 15.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə hesablanmış 2832,79 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, cərimənin 1000 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Mətanət A” şirkəti ilə Cavabdeh arasında bağlanmış 158/21 saylı 15.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 28327,99 manat borc və 1000 manat dəbbə pulu, ümumilikdə 29327,99 (iyirmi doqquz min üç yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq “Mətanət A” şirkətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 183,48 manat dövlət rüsumu alınaraq iddiaçı “Mətanət A” şirkətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.07.2021-ci il tarixli 158/21 saylı müqavilə üzrə 28327,99 (iyirmi səkkiz min üç yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) manat əsas borc və 1000 (bir min) manat cərimə olmaqla, cəmi 29327,99 (iyirmi doqquz min üç yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 183,48 (bir yüz səksən üç manat qırx səkkiz qəpik) manat pul tutularaq “Mətanət A” şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar