Məhkəmə qərarları › İş №e-2(004)-2710/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2710/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2710/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 18 oktyabr 2018-ci il tarixli M- 4454 saylıalqı-satqı müqaviləsi üzrə borcuna görə 350 (üç yüz əlli) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 350 (üç yüz əlli) manat pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X1 ilə “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh-Cavabdeh arasında 18 oktyabr 2018-ci il tarixli M-4454 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “SİNTRA” firmasının istehsalı olan 1500 (min beş yüz) manat məbləğində olan “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhviltəslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 18 oktyabr 2018-ci il tarixli M-4454 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan - Cavabdeh “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında 18 oktyabr 2018-ci il tarixli M-4454 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 100 (yüz) manat ilkin ödəniş edərək , 2.4-cü bəndinə göstərilən qaydada 13 ay müddətinə olmaqla hər ayın 30-dən gec olmayaraq, hər ay 100 (yüz) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 18 oktyabr 2018-ci il tarixli M-4454 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 350 (üç yüz əlli) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 350 (üç yüz əlli) manat təşkil edir. Fiziki şəxs əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Qeyd olunanlara əsasən, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdeh – Cavabdeh 18 oktyabr 2018-ci il tarixli M-4454 saylıalqı-satqı müqaviləsi üzrə kredit borcuna 350 (üç yüz əlli ) manat,cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 350 (üç yüz əlli ) manat pul tutulmalıdır.

3. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onların arasında 1500 manat məbləğ barədə sövdləşmə olmamış, onunla 1100 manat məbləğində müqavilə bağlanmış, 2019-cu ilin sentyabr ayına kimi mütəmadi olaraq ödəmə etmiş və ümumilikdə 1100 manat məbləği tam ödəmişdir. 2021-ci ildə isə ona zəng gəlmiş və 350 manat borcunun olduğunu bildirmişlər, o isə müqavilə üzrə heç bir borcunun olmadığını, bütün məbləği ödədiyini bildirmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. X1 və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli M-4454 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (X1) “Sintra” markalı yalnız bir rəngdə,modeldə,formada və ölçüdə buraxılan Sintra modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları alıcıya verməyi, alıcı (Cavabdeh) isə bunun müqabilində 100 manat ilkin ödəniş etməklə qalan 1300 manatı hər ay 100 manat olmaqla,13 ay ərzində hər ayın 30-də ödəməyi öz öhdəsinə götürmüşdür.

8. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

9. X1 və İddiaçı MMC arasında bağlanan 30 iyul 2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən razılaşdırılmış müqavilələrə əsasən Borcalana qarşı bütün hüquqları,həmçinin olummuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları,o cümlədən,tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri,cərimə sanksiyalarını Hüquq sahibi güzəşt edir, Hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir.

10. 30 iyul 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki,tərəflər arasında bağlanmış 30 iyul 2019-cu il tarixli,N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə uyğun olaraq Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq qeyd edilən hüquqları Hüquq sahibi Hüquq əldə edənə güzəşt edir,Hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir.

11. 01.03.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 350 manat əsas borcu vardır.

12. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 350 manat məbləğində yaranmış borcu 7 təqvim günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. - 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. - 194.4-cü maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Daha sonra satıcı tələb hüququnu hazırki iddiaçıya güzəşt etmiş və alqı-satqı müqaviləsi üzrə bütün hüquqlar iddiaçıya keçmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Lakin Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

19. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

20. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

21. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

23. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

24. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

26. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

27. Məhkəmə qeyd edir ki, hazırki tələbin əsası olan alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı müqavilə üzrə pul tələbi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə müyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür.

28. Ona görə də iddia tələbi üzrə müddət ötürüldüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar