Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2724/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən iddiaçıya “Kuppersberg” NRB17761/T939B07Bronz markalı yeni mikrodalğalı soba verilməsi və mənəvi zərərə görə 200 manat pulun, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 111 manat xidmət haqqının Cavabdeh MMC-dən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08.01.2018-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti 78 ünvandakı mağazadan “Kuppersberg” NRB17761/T939B07Bronz markalı mikrodalğalı soba sifariş edərək sobanın dəyərini təşkil edən 2489 manatı cavabdehə ödəmiş, cihaz 26.09.2019-cu il tarixdə onun ünvanında quraşdırılmış və cavabdeh tərəfindən həmin cihaza dair 2 il müddətinə, yəni 26.09.2021-ci il tarixədək zəmanət verilmişdir. 2021-ci ilin avqust ayında cihaz işləmədiyindən, iddiaçı, zəmanət talonunda qeyd olunmuş “***-***-**-**” mobil nömrəsi vasitəsilə əlaqə saxlayaraq, zəmanətin icra olunmasını xahiş etmişdir. 05.09.2021-ci il tarixdə cavabdehin göndərdiyi əməkdaş cihazı götürmüş, 15.09.2021-ci il tarixdə yenidən iddiaçının ünvanına quraşdırarkən yerində yoxlamış və cihazın işlək vəziyyətdə olmadığı təkrar məlum olmuşdur. Bundan sonra cihaz cavabdehin əməkdaşı tərəfindən təkrar götürülmüş, 23.09.2021-ci ildə iddiaçı ilə əlaqə saxlanılaraq, zəmanət müddəti bitdiyi üçün cihazı təmir etmək öhdəliyinin olmadığı bildirilmişdir. İddiaçı, zəmanət talonunu “WhatsApp” mobil tətbiqi vasitəsilə həmin nömrəyə göndərmiş və zəmanətin hələ 26.09.2021-ci il tarixdə bitəcəyini, cihazın işlək vəziyyətdə olmadığı barədə məlumatın isə avqust ayında verildiyini bildirmişdir. “WhatsApp” tətbiqi üzərindən talonun 23.09.2021-ci il tarixdə göndərildiyi, ərizəyə əlavə edilmiş fotoşəkildən görünür. Mikrodalğalı sobanın cavabdeh tərəfindən qarantiya müddəti daxilində götürülmüş olması, iddiaçının cavabdehin nümayəndəsinə “WhatsApp” mobil tətbiqi üzərindən qarantiya talonunun şəklinin göndərilməsi ilə təsdiq olunur. Həmin cihaz hal-hazırda da cavabdehdədir. Cavabdeh, iddiaçının ərizəsi əsasında aparılmış araşdırma ilə bağlı AR İN-nin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı məktubunda, həmin cihazın təmir edilməsi, yəni cihazın platasının dəyişdirilməsi üçün 490 manat vəsait tələb olunduğunu və həmin vəsaitin iddiaçı tərəfindən ödənilməli olduğunu bildirmişdir. İşin hallarına və Mülki Məcəllənin qeyd olunan normalarına görə, cavabdeh iddiaçıya eyni marka və modeldən yeni əşya verməlidir. Cavabdeh, öhdəliyinin icrasından boyun qaçırıldığı və bir neçə ay müddətində iddiaçını zəruri məişət cihazından məhrum etdiyi, bununla da iddiaçının gərginlik və iztirab keçirməsinə səbəbkar olduğu üçün, ona mənəvi zərərlə bağlı kompensasiya ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş qaimənin 2-ci sətirindən görünür ki, mübahisə predmetini təşkil edən əmlakın bazar qiyməti 2489 manat manat təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı servisə müraciət edib. Servisin ustaları əşyaya baxıb və araşdırılma nəticəsində müəyyən edilmişdir ki, məhsulun yanmasının səbəbi elektrikin sabit olmamasıdır. Zəmanət məhsulun istehsal xarakterli qüsurları üçün verilir. Enerjinin sabit olmaması səbəbindən əşyanın platası yanmışdır. İddiaçı platanın dəyişdirilməsi və ya platanın təmir edilməsi təklif edilmişdir. O, platanın 150 manata təmir edilməsi ilə razılaşmışdır. Problemin aradan qaldırılması üçün müəyyən vaxt tələb olunur. Servisin əməkdaşı da həmin əşyanın üzərində işləyir və müştəri də həmin problemin 150 manat müqabilində aradan qaldırılması ilə razılaşmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan satış qaiməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-dən qiyməti 2489 manat olan “Kuppersberg” NRB17761/T939B07 Bronz markalı mikrodalğalı sobanı almışdır. İş materiallarında olan 26.09.2019-cu il tarixli zəmanət talonunun surətindən görünür ki, əşya istehlakçıya ötürüldüyü gündən 2 illik zəmanət müddəti müəyən edilmişdir. Zəmanət talonun məzmunundan görünür ki, elektrik, qaz və ya su təchizatı parametrlərinin nominal dəyərlərindən normativdən artıq kənara çıxmaları səbəbindən texnikanın zədələnməsi və ya onun normal işinin pozulması halına zəmanət şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27.01.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı mikrodalğalı sobanın qüsurlu olması haqqında müraciətinə əsasən aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış 20.01,2022-ci il tarixli məktubda məhsulun daha öncə təmirdə olmadığı və 27.10.2021-ci il tarixdə zəmanət müddəti bitdikdən sonra servisə müraciət edildiyi qeyd olunmuşdur. Sobada aşkar edilmiş qüsurun istehsal xarakterli deyil, enerjinin sabit olmamasından qaynaqlandığı, bu səbəbdən 490 manat ödəniş müqabilində İddiaçı yeni plata təklif olunsa da, bununla razılaşmadığı bildirilmişdir. Daha sonra isə İddiaçı 150 manat ödəniş müqabilində platanın təmirinə razılıq verdiyi və platanın hazırda təmirdə olduğu, 14 gün müddətində isə təmirin yekunlaşacağı barədə məlumat verilmiş, həmçinin müayinə sənədinin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Həmin məktubla mübahisə ilə bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Mülki Məcəllənin 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Mülki Məcəllənin 589.3-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, əvvəla iddiaçı cihazda qüsurunun qarantiya müddətində aşkar edildiyini və bu müddətdə cavabdehə müraciət edildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Zəmanət talonun isə “WhatsApp” vasitəsilə 23.09.2021-ci il tarixdə satıcıya göndərilməsi isə cihazda qüsurun qarantiya müddətində aşkar edilməsini və bununla bağlı istehsalçıya müraciət edildiyini təsdiq etmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən zəmanət talonunun cavabdehin nümayəndəsinə nə məqsədlə göndərildiyi müəyyən edilmir. Bundan başqa, iş materiallarında olan sənədlərə və cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı sobanın işləməməsi səbəbindən Cavabdeh MMCyə müraciət etmiş, servis tərəfindən cihaza baxış keçirilmiş, cihazın plata və aşkar edilmiş problemin istehsal xarakterli deyil, enerjinin sabit olmamasından qaynaqlandığı müəyyən edilmişdir. Müayinə sənədinin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. İddiaçı 150 manat ödəniş müqabilində platanın təmirinə razılıq vermiş və plata hazırda təmirdədir. Zəmanət talonunda isə elektrik, qaz və ya su təchizatı parametrlərinin nominal dəyərlərindən normativdən artıq kənara çıxmaları səbəbindən texnikanın zədələnməsi və ya onun normal işinin pozulması halına zəmanət şamil edilmədiyi göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisə predimeti olan əşyada zəmanət müddəti ərzində qüsurun aşkar edilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin cihazda əmələ gəlmiş problem istehsal xarakterli qüsur səbəbindən yaranmadığından iddia tələbi cavabdeh tərəfindən zəmanət öhdəliyinin icra edilməsi ilə bağlı hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Çünki, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” hissəsində təmin təmin edilmədiyindən hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin tutulması hissəsində də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2724/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2724/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver