Məhkəmə qərarları › İş №e-2(004)-2754/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2754/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2754/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı MMC – nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.04.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 386,89 manat əsas, 90,72 manat cərimə borcu, cəmi 477,61 manat; 23.09.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 869 manat əsas, 103,53 manat cərimə, cəmi 972,53 manat, hər iki müqavilə üzrə ümumi 1450,14 manat, həmçinin 34,51 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 aprel 2021-ci ildə bağlanmış 129121 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 970,92 manata nisyə televizor satmışdır. Cavabdeh həmin məbləği hər ay 80,91 manat ödəmək şərti ilə 12 ay müddətinə hər ayın 30-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 7 ay toplam olaraq 583,96 manat ödəniş etmiş və qalıq 386,89 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh ilə 23.09.2021-ci ildə bağlanmış 132047 saylı digər nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1049 manata nisyə televizor satmışdır. Cavabdeh həmin məbləği hər ay 87,42 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ay 23-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan cavabdeh ödəniş cədvəli üzrə 2 ay toplam olaraq 180 manat ödəniş etmiş və qalıq 869 manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə borcların ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilələr üzrə yaranmış borcu ödəməkdən yayınmış 08.04.2022-ci ildə xəbərdarlıq məktubu göndərilərək 30.04.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 386,89 azn əsas, həmin gün üçün hesablanmış 80 (80,91x 1%=0,81x99gün=80,19) manat cərimə borcu, cəmi 467,08 manat borc, 23.09.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 869 azn əsas, həmin gün üçün hesablanmış 92,22 (87,42x 1%=0,87x 106gün=92,22) manat cərimə borcu, cəmi 961,22 manat borc, ümumi 1428,3 manat borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 30.04.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 386,89 manat əsas, 21.04.2022-ci il tarixədək hesablanmış 90,72 (80,91xl%=0,81xll2gün=90,72) manat cərimə borcu, cəmi 477,61 manat borc, 23.09.2021ci tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 869 manat əsas, 21.04.2022-ci il tarixədək hesablanmış 103,53 (87,42x1%=0,87x119gün=103,53) manat cərimə borcu, cəmi 972,53 manat borc, ümumi 1450,14 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 30.04.2021-ci il tarixdə dəyəri 970,92 manat olan 1 ədəd Samsung 43 LED Smart TV-nin alqı-satqısına dair 129121 saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında 23.09.2021-ci il tarixdə dəyəri 1049 manat olan 1 ədəd Samsung UT ******* TV-nin alqı-satqısına dair 132047 saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 30.04.2021-ci il tarixli 129121 saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd Samsung 43 LED Smart TV tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan 23.09.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 23.09.2021-ci il tarixli 132047 saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd Samsung UT ******* TV tam qüsursuz halda alıcıya təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilən əşyaların alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyaların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyaları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyaları ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilələr üzrə iş materiallarında olan maliyyə arayışa əsasən 21.04.2022-ci il tarixədək İddiaçı MMC-yə 30.04.2021-ci il tarixli 129121 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 386,89 manat əsas, 90,72 manat cərimə, cəmi 477,61 manat; 23.09.2021-ci il tarixli 132047 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 869 manat əsas, 103,53 manat cərimə, cəmi 972,53 manat, hər iki müqavilə üzrə ümumilkdə 1450,14 (min dörd yüz əlli manat on dörd qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq 30.04.2021-ci il tarixli müqavilə üzrə cərimənin miqdarı azaldılaraq 20 manat, 23.09.2021-ci il tarixli müqavilə üzrə cərimənin miqdarı azaldılaraq 45 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 30.04.2021-ci il tarixli müqavilə üzrə 386,89 manat əsas borc, 20 manat cərimə borcu, 23.09.2021-ci il tarixli müqavilə üzrə 869 manat əsas borc, 45 manat cərimə olmaqla, ümumilikdə 1320,89 manat məbləğində borc alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 34,51 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 30.04.2021-ci il tarixli müqaviləyə əsasən 386,89 (üç yüz səksən altı manat səksən doqquz) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu; 23.09.2021-ci il tarixli müqaviləyə əsasən 869 (səkkiz yüz altmış doqquz) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu olmaqla, cəmi 1320,89 (bir min üç yüz iyirmi manat səksən doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,51 (otuz dörd manat əlli bir qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar