Məhkəmə qərarları › İş №e-2(004)-2822/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2822/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2822/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-4773 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə yaranmış 299,36 manat əsas borc, 104,77 manat mükafat və həmin günə hesablanmış 329,48 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 955,21 manat olmaqla, cəmi 1.688,82 manat borcun və ödənilmiş 36,89 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4773 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC mülkiyyətində olan “Khazar LX” minik markalı, 2021-ci il buraxılışlı, ** PK *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili ilə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 % mükafat məbləği hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 345,01 manat, ümumilikdə isə 19.660 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 19.660 manatın 14.950 manatını əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçıMMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtomobilin təmirinə 955,21 manat vəsait tələb olunur. Cavabdeh müqavilə üzrə lizinq obyektindən müvəqqəti istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə ümumilikdə 733,61 manat gecikmə borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC xx.xx.2024-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müfafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4773 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC mülkiyyətində olan “Khazar LX” minik markalı, 2021-ci il buraxılışlı, ** PK *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili ilə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 % mükafat məbləği hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 345,01 manat, ümumilikdə isə 19.660 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 19.660 manatın 14.950 manatını əsas məbləğ təşkil edir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göründüyü kimi, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin lizinq alan müqavilə üzrə lizinq şirkətinin müəyyən etdiyi aylıq ödənişləri vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçıMMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 1010 nömrəli arayışından müəyyən edilir ki, lizinq alan X1 xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 299,36 manat əsas borcu, hesablanmış 104,77 manat mükafat borcu, 329,48 manat cərimə olmaqla, cəmi 733,61 manat borcu vardır. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 329,48 manat cərimə azaldılaraq 30 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. X2 Mərkəzi MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilir ki, “Samand LX” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 955,21 manat vəsait tələb olunur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4773 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 299,36 manat əsas, 104,77 manat gecikdirilmiş mükafat, 30 manat cərimə borcu və ödənilmiş 36,89 manat dövlət rüsumu olmaqla, cəmi 471,02 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə, 299,48 manat dəbbə pulunun tutulması və “Khazar LX” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 955,21 manat pul tutulması hissəsində rədd edilməlidir. Çünki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda avtomobilə maddi zərər vurulması, onun əzilməsi, nasaz olması barədə heç bir qeyd aparılmamışdır. Avtomobilin İddiaçı MMC-yə təhvil verilməsindən 2 aya yaxın müddət keçəndən sonra tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən nasazlıqların avtomobilin cavabdehin istifadəsində olduğu zaman yaranması və iddiaçıya maddi ziyan vurulmasını təsdiq etmək üçün yetərli mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4773 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 299,36 manat əsas, 104,77 manat gecikdirilmiş mükafat, 30 manat cərimə borcu və ödənilmiş 36,89 manat dövlət rüsumu olmaqla, cəmi 471,02 (dörd yüz yetmiş bir manat iki qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar