Məhkəmə qərarları › İş №e-2(004)-2840/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2840/2025

01.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2840/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X19 məhkəmə iclasının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X11, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X27 və X13 cəlb edilməklə, Cavabdeh qarşı “miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X27 və X13 cəlb edilməklə, Cavabdeh qarşı “miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, mərhum X3ndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16-a dair payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Anası X2 da vəfat etmişdir. Onların vəfatından sonra mülkiyyətində olmuş Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16 miras qalmışdır. Atasının ölümündən sonra onun 3,7,40 ilində iştirak etmiş, ondan miras qalmış əmlakın bir hissəsini faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Cavabdeh atasından miras almış mənzildən istifadə etməyə imkan vermir. Həmin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 19 saylı xüsusi notariusa müraciət etmişdir. Lakin, Bakı şəhəri 19 saylı xüsusi notariusu H.H.Hacızadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ilə vərəsələr arasında mübahisə olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddia tələbinin təmin olunması, mərhum X3ndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16 dair payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 30 aprel 2025-ci il tarixdə ərizə məhkəməyə təqdim edərək bildirmişdir ki, bu iş üzrə iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, İddiaçı 12 ilə yaxın müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O zamandan iddiaçı mirası faktiki və ya notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Onun iddia ərizəsində göstərdikəri isə həqiqət deyil və hər hansı sübuta da söykənmir. Bunun əksinə olaraq miras əmlakı faktiki qəbul edən cavabdeh Fəxriyyə Zülfüqarova atasının ölümündən sonra həmin əmlaka sahiblik etmiş, bu əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə də, İddiaçı Mülki Məcəllənin 1243.1, 1243.2, 1246, 1248-ci maddələrinə əsasən vərəsə kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməyə yönələn heç bir hərəkət etməmiş, bununla müddəti ötürmüşdür. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47, 74-cü maddələrinə əsasən məhkəmədən xahiş etmişdir ki, İddiaçı cavabdeh X1 qarşı miras payının müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti tətbiq olunsun və iddiadan imtina barədə qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Anası X2 da vəfat etmişdir. Onların vəfatından sonra mülkiyyətində olmuş Bakı şəhəri Mirəli Seyidov küçəsi ev 21,mənzil 16 miras qalmışdır. Atasının ölümündən sonra onun 3,7,40 ilində iştirak etmiş, ondan miras qalmış əmlakın bir hissəsini faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Cavabdeh atasından miras almış mənzildən istifadə etməyə imkan vermir. Valideynlərindən miras qalmış əmlaklardan bir ədəd xalça və digər bir neçə məişət əşyasını faktiki olaraq əldə edərək əşyalara sahiblik və həmin əşyalardan istifadə edir. Həmin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 19 saylı xüsusi notariusa müraciət etmiş, lakin, Bakı şəhəri 19 saylı xüsusi notariusu H.H.Hacızadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ilə vərəsələr arasında mübahisə olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, atasının başqa mirası yoxdur. Yoldaşı isə onunla qalmır, 2013-cü ildən anasıgildə qalırdı. Atası rəhmətə getdiyi vaxtdan 2015-ci ilədək o da, o evdə yaşamışdır. 2015-ci ildə həyat yoldaşı ilə qardaşı arasında mübahisə olduğuna görə onlar o evdən çıxıb kirayədə yaşamağa başlamışlar. Ailəsi kirayədə yaşasa da, o, atasının evində tək yaşamışdır. Lakin ailəsini görməyə gedirdi. Atası vəfat edən günü o, işi ilə əlaqədar rayonda idi. Yük maşını sürücüsü işləyirdi. O evdə yaşadığı dövrdə evin müəyyən xərclərini də o ödəyirdi. İndiyədək iddia qaldırmamağının səbəbi qardaşının ona hədə-qorxu gəlməsi olmuşdur. Hədə-qorxu ilə bağlı polisə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X24 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, vəsiyyətnaməyə münasibətdə hesab edir ki, iddiaçı mirasa sahiblənib. Belə ki, fikrincə, onun evi təmir etdirməsi, evə əşyalar alması onun evə sahiblənməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəf miras əmlakına heç bir formada sahib çıxmamışdır. Belə ki, 2011-ci ildə iddiaçı ailə həyatı quraraq başqa ünvana köçmüşdür. Həmin ünvanda bacısı cavabdeh mərhumun xəstə olduğu vaxtdan yaşamış və indiyədək yaşayıb faktiki əmin mirası qəbule tmişdir. Üçüncü şəxs kimi cəlb edilmiş digər qardaşlar da iddiaçının və özlərinin də atalarının ölümündən əvvəl həmin evdən çıxıb getdiklərini bildirmişlər. Həmin evdə cavabdeh nikahı pozulduqdan sonra birdəfəlik köçüb yaşamağa başlamışdır. Atası xəstəlikdən əziyyət çəkirdi. Atasına o qulluq etmişdir. 2013-cü ildə atası vəfat etmişdir. Həmin tarixdən bu günədək mirasın qəbulu üçün notariusu müraciət etməməmişdir. Atasının ölümündən sonra faktiki olaraq həmin mənzildə yaşamamış, mirası qəbul etməmişdir. Hətta qonaq kimi gəlib bir neçə gün qalmış olsa belə bu mirası qəbul etmək deyildir. Əmək alətlərinin guya miras əmlak kimi qəbul etdiyini bildirir, həmin əşyaların mərhuma məxsus olması, miras əmlak olması sübut edilmir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ataları 2013-cü ildə rəhmətə getsə də, iddiaçı atası vəfat etdikdən sonra, evlənəndən 2011-ci ildən o evdə yaşamayıb. Onların hamısı evləndikdən sonra o evi bacılarına vermişlər və valideynlərinə də bacıları baxıb. 2013-cü ildə o, orada yaşamamış və həmin evə heç bir pay tələbi də yoxdur. Qardaşı iddiaçı 2011-ci ildə evlənib köçüb getmişdir. Həmin evdə ancaq atası və bacısı yaşamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X8 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 izahatında bildirmişdir ki, o, 2013-cü ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra o evdən çıxıb kirayədə yaşamağa başlamışdır. Atası vəfat etdikdən sonra o evdən yenicə çıxmışdır. O evdən ən gec çıxan o olmuşdur. O, çıxanadək orada bacısı yaşamışdır. Həmin vaxtı iddiaçı öz ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən evlərində qalırdılar. Atası vəfat etməmişdən qabaq bacısı boşanıb və ondan sonra həmin evə gəlib. Atasının yas mərasimlərində iddiaçı iştirak edib. Atasının vəfatından sonra iddiaçı həmin evdə yaşamamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirmişdir ki, iddia tələbində göstərilənlər düzgün deyil. İddiaçı 2011-ci ildə ailə qurduqdan sonra o evdən çıxıb gedib, 2012-ci ilədək həmin evə gəlib-gedib. Lakin ailə qurduqdan sonra həmin evdə yaşamayıb. Atası ilə yalnız bacısı qalıb və bacısı atasına baxıb. Balaca qardaşı Elvin də evləndikdən sonra həmin evdən çıxıb gedib. Atası vəfat edərkən iddiaçı onun yanında olmayıb. Lakin yas mərasimində iştirak edib. Atası iddiaçının ailəsini qəbul etməyib və daim aralarında soyuqluq olub. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ 300889 saylı, xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X4r. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin həmin mənzildə digər şəxslər qeydiyyatdadır: Cavabdeh, X15, X20, X13, X23, X16, X21 və X29. - İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 21 ünvanında yerləşən 16 saylı mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Bakı şəhəri 19 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərara əsasən miras qoyanın adına hər hansı daşınar və ya daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsələr arasında mübahisə olduğundan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab olaraq göndərilmiş 14 fevral 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 21 ünvanında yerləşən 16 saylı mənzil qeydiyyata alınmışdır və hazırda adındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 izahatında bildirmişdir ki, o, Kənanın sinifyoldaşı olmuşdur. Evin içində olmamışdır. Kənan o evdə yaşayıb, məktəb vaxtında da məktəbdən sonrakı vaxtlarda da daimi o, onu həyətdə görmüşdür. Toyunda iştirak etmişdir. Toydan sonra pandemiya dövrünə kimi Kənanla görüşmüşlər. Təxminən toydan 1 il ya da 2 il sonra Biləcəriyə Kənan köçmüşdü, ancaq atası rəhmətə gedəndən sonra 2015 ya da 2016-ci ildə Kənanı görürdü və soruşurdu ki, ailəsi ilə qalır yoxsa yox, o da tək qaldığını söyləmişdi. Kənan atası evində, ailəsi isə ata(qızın) evində qalırdı. Onlar Kənanla məhlədə görüşürdülər. Tək Kənanla yox sinif yoldaşları ilə birlikdə məhlədə görüşürdülər. Orada tək Kənan yox, 1-2 sinif yoldaşı da, həmin binada qalırdı və onlar məktəbi bitirəndən sonra pandemiya dövrünə kimi bir görüşürdülər. 2013-cü ildən sonra Kənangilin binasının qabağındakı məhlədə görüşmüşlər. Onların əsas yeri həmişə bura olmuşdur. Qardaşlarından tək Elvinlə ünsiyyəti olub, o biriləri ilə qeyri-münasibəti olub. Elvin ondan 1 yaş böyük olub, onu məktəbdə belə görürdülər. Onlar o vaxt onun evdə valideynləri, 4 qardaş, 1 bacı qaldığını bilirdilər. Evdə çox adam olurdu. Ona verilən suallara cavab olaraq bildirdi ki, o, 10-cu sinifdə məktəbdən çıxmışdır. 2004-cü ildə kollecə getmişdir. Hamı orada qalırdı deyə o məhləyə gəlirdi, hansı ki, 4 sinif yoldaşı orada qalırdı deyə oraya gəlirdi, həm də məktəbin həyətinə yaxın idi deyə. Kənanın atasını tanımış, atasının yas yerində iştirak etmiş, Kənan da yas yerində iştirak etmişdir. Atasının mühəndis kimi işlədiyini bilirdi. Toyundan təxminən 1-2 il sonra Biləcəridə qaldığını bilirdi, az-az görürdülər. Kənan Biləcəridə qaldığını telefonla bildirmiş, görüşəndə də onlara bildirmişdir. Biləcəridə niyə qaldığına səbəbi maraqlanmırdı deyə, belə bilirdi ki, ailəsi ilə münasibəti yaxşı deyildi. O, Kənanla o məhlədə görüşəndə, o, onun həmin binadan evdən çıxdığını görürdü. Toyunda ailə üzvlərinin iştirak etməsi yadında deyil. Onlar 2013-2015-ci ilədək məhlədə görüşürdülər, 2015-ci ildən sonra ümumi Yasamal, İnşaatçılara gəlib elə görüşürdülər, az-az görüşürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 izahatında bildirmişdir ki, Kənan onun həm sinif yoldaşı, həm əsgər yoldaşı, həm də iş yoldaşı olub. Onu 1994-cü ildən bəri tanıyır. Toyunda iştirak etməmişdir. 2011-ci ildə toyunun olduğunu bilir, sadəcə onu dəvət etməyib deyə toyunda iştirak etməmişdir. Onun ev 21, mənzil 16, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində ünvanında qaldığını bilir. Məktəb vaxtı da o evdə yaşadığını görmüş, işləyəndə də o evdən bir-birini çağırıb işə bir gedirdilər. Təxminən 2013-2014-cü illər görüşüb işə gedirdilər. 166 nömrəli şirkətdə onun yanında işləyirdi. Atası Rafiqin 2013-cü ildə rəhmətə getdiyini bilir, ancaq atasının yas yerində iştirak etməmişdir. Kənanın özünün o evdə olduğunu görmüş, həyat yoldaşını yox. 2 il bir işləmişlər. Ora qonaq kimi gəlibgetmirdi, oranın onun evi olduğunu deyirdi. Kənanın başqa evinin olduğunu bilmir, tək o evdə yaşadığını bilir. İndi Biləcəridə yaşadığını bilir. Əvvəllər Biləcəridə qaldığını bilmirdi, o haqda məlumatı olmayıb, soruşmayıb da. Ona verilən suallara cavab olaraq bildirdi ki, mənzilin qabağında gözləyirdi onu, bir işə gedirdilər. Həmin mənzildən çıxdığını görürdü. Evdən narazı olduğunu bildirirdi, atasının payının olduğunu deyirdi. Nə işlədiyini dəqiq bilmir, amma son zamanlar xəstə olduğunu bilirdi. İşləyən müddət ərzində bir görüşüb gedirdilər işə, təxminən 15 dəfə bir yerdə görüşüb getmişlər. Belə bilirdi ki, valideynləri, 4 qardaş, 1 bacı qalırdılar. Evində olmamış, evinin içini bilmir. Sadəcə o evdə yaşadığını bilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, Kənangili tanıyır, çox yaxşı ailə olublar. Kənanın nə vaxt evləndiyini bilmir. Kənanın toyunda iştirak etməmişdir. Atasının rəhmətə getdiyi yadındadı. Onlar beşinci mərtəbədə olurlar, Kənangil də 1-ci mərtəbədə. Atası rəhmətə gedəndən sonra həmin evdə bacısı qalırdı. Kənan əvvəl atası sağ ikən qalırdı, atası öləndən sonra orada yaşamasını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, 1961-ci ildən o binada yaşayır. O, 1-ci mərtəbədə 3-cü blokda yaşayırdı, onlar isə 2-ci blokda. Ailə çoxdan o binada yaşayıb. Valideynləri, 4 qardaş, 1 bacı qalırdılar. Kənanın toyunda iştirak etmişdir. Ancaq eşitmişdi ki, Kənan haradasa ev götürüb, qalması üçün ev tikir. Onu bilirdi ki, atası bir neçə il xəstə idi. Bacısı atasına baxırdı. Bacısı boşanıb, atası ilə o evdə uşağı ilə qalırdı. Belə bəlkə də, atası xəstə olan dönəmdə Kənan gəlib-gedirdi, ancaq daimi orada qalmırdı. Ancaq qızının orada qaldığını bilir. İndi o evdə Fəxriyyə xanımı, gəlni, nəvəsi qalır. O biri qardaşların da hərəsinin ayrı evi var. Kənanın anası atasından əvvəl rəhmətə gedib. Yas mərasimdə də olmuş, ancaq yas mərasiminə gec gəldiyi üçün Kənanın orda olduğuna fikir verməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, atası rəhmətə gedəndən sonra Kənanın orada qaldığını görməmişdir. Bacısından başqa kiminsə qaldığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 izahatında bildirmişdir ki, 35 ilə yaxındır ki bu ailəni tanıyır, qonşudur. 21-ci binada, 3-cü blok 5-ci mərtəbə qalır. 1991-ci ildən bəri, gəldiyi gündən bu binada qalır. 4 qardaş, 1 bacı qalırdılar. Evləndilər sonra başqa evə köçdülər. Orada Elvin, bacısı, rəhmətlik Rafiq qalırdı. Daimi bacısı qalırdı, Elvin də evlənəndən sonra o evdən getdi. Hazırda bacıları, uşaqları o evdə qalır. Yas mərasimində iştirak etmişdir. Kənanla Elvin onun işçisi olub. Ona verilən suallara cavab olaraq bildirdi ki, atası öləndən sonra Kənan daimi o evdə qalmırdı. Kənanın hara getdiyini bilmir, heç birinin harada qaldığını bilmir. Həyətə, aşağı düşəndə, işdən gələndə gedəndə Kənanın bacısı həmin mənzildə qaldığını görürdü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X14 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 21 saylı evin, 16 saylı mənzili mərhum Rafiq Həsənovun mülkiyyətindədir. X7 oğlan övladları İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X27 və X10r, qızı isə Cavabdehdır. X14 vəfat etməmişdən qabaq onun qızı Cavabdeh ona baxmış, vəfat etdikdən sonra da mübahisəli ünvan 1 ünvanında yaşamış və bu günə kimi də orada yaşayır. Hazırda İddiaçı mərhum X3ndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16 dair vərəsəlik payının müəyyən olunmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. İş materialları ilə və şahid ifadələri ilə təsdiq olunmuşdur ki, İddiaçı X3 xx.xx.2013-cü il tarixdə vəfat etdikdən sonra onun heç bir övladı qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etməmiş və faktiki olaraq müddəti ötürmüşlər. Belə ki, iddiaçı yalnız 28 avqust 2024-cü il tarixdə notariat ofisinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində mirasın bir hissəsini qəbul etdiyini qeyd etmişdir. Belə ki, o atasından qalan əmək alətlərinin onda olmasını əsas gətirərək mirasın bir hissəsini qəbul etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, fotoşəkilləri elektron sistemə əlavə edilmiş alətlərin mərhuma məxsus olması, eləcə də mərhuma aid olsa belə həmin əşyaların miras əmlak olması iddiaçı tərəfindən sübuta yetirilə bilmədi. Belə ki, əşyanın miras əmlak olması üçün ölümündən sonra iddiaçı tərəfindən qəbulu müəyyən edilməlidir. Belə ki, həmin əşyalar mərhumun sağlığında iddiaçıya verilmiş ola da bilərdi. Göründüyü kimi, iddiaçı bu barədə sübutetməni həyata keçirə bilmədi. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Lakin məhkəmə araşdırması zamanı tərəflərin, eləcə də cəlb edilmiş üçüncü şəxslərin izahatları ilə, qonşu şahidlərin ifadələri ilə müəyyən edildi ki, iddiaçı atasının ölümündən qabaq evlənib evdən daimi çıxıb getmişdir. Cavabdeh atasının vəfatından əvvəl və vəfat etdiyi gündən sonra bugünədək mübahisəli mənzildə yaşadığından o miras əmlaka şəksiz sahiblik etmiş, faktiki olaraq mirası qəbul etmiş və istifadə etmişdir. İddiaçı tərəfdən çıxış edən şahid ifadələrinə münasibətdə qeyd olunur ki, ilk növbədə şahidlər mərhumun vəfatından sonra iddiaçının daimi orada yaşaması ilə bağlı dəqiq məlumat verə bilməmişlər. Hətta atasının vəfatından sonra şahidin iddiaçının həmin mənzildən çıxıb bir neçə dəfə işə getdiyini görməsi - daimi olaraq onun həmin mənzilə sahiblik etməsi və faktiki olaraq mirası qəbul etməsi anlamına gəlmir. Əmlaka daimi olaraq sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı miras üçün müəyyən edilmiş müddət ərzində notariat qaydasında rəsmiləşdirilməsi üçün müraciət etməmiş və bununla da həmin müddəti ötürülmüş sayılır. Eləcə də mirası faktiki olaraq qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə görə Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Məhkəmə bildirir ki, vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından əvvələ aid edildiyindən və həmin müddətdə iş məhkəmənin icraatında olmadığından, sözügedən qərar hazırki işə şamil edilməməlidir. Belə olan halda MM-nin 1246-cı maddəsi hazırki iş üzrə tətbiq edilməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X27 və X13 cəlb edilməklə Cavabdeh qarşı mərhum X3ndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16-ya dair payın müəyyən olunması tələbinə dair iddiası əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X27 və X13 cəlb edilməklə Cavabdeh qarşı mərhum X3ndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16-ya dair payın müəyyən olunması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar