Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2856/2025 07.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18684263 nömrəli müqaviləyə əsasən, satıcı **********06506 İmei kodlu X2 13 markalı telefon, Paket XL xidməti, X1 3 il xidməti markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
3. Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda ABC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
4. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 680,04 manat, qaytarılma müddəti 12 ay, ilkin ödəniş olmadan aylıq ödəniş 56,67 manat müəyyənləşdirilmişdir.
5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
6. xx.xx.2025-ci il tarixli arayışa əsasən “**********06506 İmei kodlu X2 13” markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir.
7. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02628420 nömrəli müqaviləyə əsasən, satıcı 2 ədəd trend yataq tumba, parma yataq trumo, fıona yataq carpayı bazasız, parma yataq 4 qapılı dolab, trend yataq 5 qapılı dolab, 2 ədəd parmayataq tumba, trend yataqtermo, trend yataq carpayi, 10 ədəd zəmanət + 3 il xidməti markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
8. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
9. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 680,04 manat, qaytarılma müddəti 24 ay, ilkin ödəniş olmadan aylıq ödəniş 170,34 manat müəyyənləşdirilmişdir.
10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
11. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18556455 nömrəli müqaviləyə əsasən, satıcı kosova yataq 6 qapılı dolab, kosova yataq termo, kosova yataq carpayı, 2 ədəd kosova yataq tumba, 5 ədəd zəmanət + 3 il xidməti markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
12. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
13. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 3808,16 manat, qaytarılma müddəti 24 ay, 800 manat ilkin ödəniş etməklə aylıq ödəniş 125,34 manat müəyyənləşdirilmişdir.
14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
15. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 680,04 manat ilkin ödəniş olmadan aylıq 56,67 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 4088,16 manat ilkin ödəniş olmadan aylıq 170,34 manat ödəmək şərti ilə 24 aylıq ödəniş müddəti və xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 3808,16 manat 800 manat ilkin ödəniş etməklə aylıq 125,34 manat ödəmək şərti ilə 24 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 7776,30 manat, cərimə 777,63 manat məbləğdədir.
16. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 680,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 68 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə, 4088,16 manat ödənilməmiş hissə, 408,82 manat dəbbə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3008,10 manat ödənilməmiş hissə, 300,81 manat dəbbə olmaqla, ümumilikdə 8577,53 manat borc, 105,78 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddianın əsaslarına görə, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, **********06506 İmei kodlu X2 13 markalı telefon almış və nəticədə 8577,53 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 680,04 manat olan telefon üçün ümumilikdə, nəticədə 771,64 manat olmaqla ondan 680,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 68 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4088,16 manat olan 2 ədəd trend yataq tumba, parma yataq trumo, fıona yataq carpayı bazasız, parma yataq 4 qapılı dolab, trend yataq 5 qapılı dolab, 2 ədəd parmayataq tumba, trend yataqtermo, trend yataq carpayı, 10 ədəd zəmanət + 3 il xidməti üçün ümumilikdə, 4496,98 manat olmaqla ondan, 4088,16 manat ödənilməmiş hissə, 408,82 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3808,16 manat olan kosova yataq 6 qapılı dolab, kosova yataq termo, kosova yataq carpayı, 2 ədəd kosova yataq tumba, 5 ədəd zəmanət + 3 il xidməti üçün ümumilikdə, 3308,91 manat olmaqla ondan, 3008,10 manat ödənilməmiş hissə, 300,81 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 800,06 manat təşkil edir.
b) iddiaya etiraz
19. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
20. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
25. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
26. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
27. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh müvafiq olaraq **********06506 İmei kodlu X2 13 markalı telefon, Paket XL xidməti, X1 3 il xidməti, 2 ədəd trend yataq tumba, parma yataq trumo, fıona yataq carpayı bazasız, parma yataq 4 qapılı dolab, trend yataq 5 qapılı dolab, 2 ədəd parmayataq tumba, trend yataqtermo, trend yataq carpayi, 10 ədəd zəmanət + 3 il xidməti və kosova yataq 6 qapılı dolab, kosova yataq termo, kosova yataq carpayı, 2 ədəd kosova yataq tumba, 5 ədəd zəmanət + 3 il xidməti almış, əşyaların qiyməti müvafiq olaraq 680,04 manat, 4088,16 manat və 3808,16 manat olmaqla razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
28. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 7776,30 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
29. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 68 manat, 408,82 manat və 300,81 manat cərimə borcları hesablanmışdır.
30. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
31. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
32. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 68 manat dəbbə pulunun məbləğinin azaldılaraq 30 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 408,82 manat dəbbə pulunun məbləğinin azaldılaraq 250 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 300,81 manat dəbbə pulunun məbləğinin azaldılaraq 200 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
33. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.
34. İddiaçı tərəfindən bu hissədə tələbin əsası kimi İnnovativ Layihələr Mərkəzi və "xxxx" MMC arasında bağlanmış təhvlil təslim aktı, iddiaçı tərəfindən rüsumun ödənildiyi ilə bağlı arayış təqdim edilmişdir.
35. Məhkəmə qeyd edir ki, müqavilə şərti olaraq İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq ediləcəyi razılaşdırılsa da, iddiaçı tərəfindən təqdim edilən nə təhviltəslim aktı, nə də birtərəfli qaydada tərtib edilmiş arayışla belə bir xidmətdən istifadə edildiyi, istifadə edilmişsə qiymətin hansı tariflər əsasında hesablandığı müəyyən olunmur.
36. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 102,56 manat hisssəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 680,04 manat ödənilməmiş hissə, 30 manat manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4088,16 manat ödənilməmiş hissə, 250 manat manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3008,10 manat ödənilməmiş hissə, 200 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,56 manat olmaqla, cəmi 8358,86 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 680,04 manat ödənilməmiş hissə, 30 manat manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4088,16 manat ödənilməmiş hissə, 250 manat manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3008,10 manat ödənilməmiş hissə, 200 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,56 manat olmaqla, cəmi 8358,86 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə