Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2879/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 2202 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 612 manat dəbbə pulu, “Changan UNİ-T” markalı, 77- YG-320 d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 1193,19 manat və avtomobilin dəyərdən düşməsinə görə hesablanmış 6789 manat pul vəsaiti olmaqla, ümumilikdə 10.796,19 (on min yeddi yüz doxsan altı manat, 19 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 143,45 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 14.313 manat, “Changan UNİ-T” markalı, **-YG-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 1193,19 manat pul vəsaiti olmaqla, ümumilikdə 15.506,19 manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2024cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 206,04 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-T” markalı, **-YG-*** d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2025-ci il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bildiririk ki, tərəfimizdən “Changan UNİ-T” markalı, **-YG-*** d.q.n.-lı d.q.n.-lı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 1193,19 təşkil etmiş, eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6769 manat zərər hesablanmışdır. Eyni zamanda, B-022-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2024-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 2202 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 612 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
İİ.Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, onlar qeyd edilən müqavilə üzrə 17262 manat ödəniş etmişlər. Nəqliyyat vasitəsinin dəyəri cavabdeh onu aldığı zaman 47900 manat olmuşdur. Cavabdeh nəqliyyat vasitəsini iddiaçıya qaytarmışdır. Qanunvericiliyin tələbinə əsasən cavabdeh müqavilə üzrə malı geri qaytardığı andan qarşılıqlı öhdəliklərə xitam verilmiş hesab edilir. İddiaçı tərəf 2 ay sonra onlara bildiriş göndərsin ki, gəlin müqaviləni ləğv edək, belə bir anlayış yoxdur. İddiaçı nəqliyyat vasitəsini fevral ayında 40000 manata satmışdır. Burada heç bir zərərdən söhbət gedə bilməz. İddiaçı tərəfindən oktyabr ayında nəqliyyat vasitəsi təhvil alındığı andan 5 ay sonra müayinədən keçirilmişdir. Avtomobil iddiaçı tərəfindən təhvil alındığı andan əgər avtomobildə hər hansı bir qüsur, çatışmazlıq olsaydı, avtomobil iddiaçı tərəfindən qəbul edilməzdi və akt tərtib edilərdi. Nəqliyyat vasitəsini satıb qazanc əldə etmək üçün onun vəziyyətinin yaxşılaşdırılması, təmizliyə göndərilməsi və ya hər hansısa bir formada onun yaxşı görünməyi üçün çəkilən xərclər heç bir halda zərər hesab edilə bilməz. Zərərin anlayışı mülki qanunvericilikdə dəqiq şəkildə öz əksini tapmışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən cavabdeh 1044 manat məbləğində əsasən borc, 261 manat məbləğində cərimə borcunun xx.xx.2024-cü ilədək ödənilməsi ilə bağlı xəbərdar edilmişdir.
8. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən cavabdeh xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2024-cü il tarixli, B-022-AAE- 24 №-li “Avtomobil alqı-satqısı” üzrə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı xəbərdar edilmişdir.
9. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavadehin 2202 manat məbləğində əsas, 612 manat məbləğində dəbbə borcu mövcuddur
10. Avtomobil alqı-satqısı üzrə xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli müqaviləyə əsasən iddiaçı “Changan Uni T” markalı, buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilmənədək texniki saz halda cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra cavabdehin öhdəliyinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 77387 manat məbləğində müəyyən edilmişdir.
11. Həmin Müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndinə əsasən alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxun satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda Avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin maddənin “b” bəndinə əsasən tərəflər təsdiq edir ki, hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman satıcı yalnız avtomobil, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləği bu müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə həmin məbləğin ödənilməsini tələb edəcəkdir. Həmin maddənin “d” bəndinə əsasən müqaviləyə xitam verildiyi təqdirdə yuxarıda göstərilənlərdən başqa alıcıya hər hansı vəsait qaytarılmır.
12. 23.01.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir.
13. İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, B-029-AAE 25 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Changan Uni T” markalı, buraxılış ili 2023-cü il olan tünd boz metalik rəngli avtomobil iddiaçı tərəfindən X2 istifadəsinə, lizinq ödənişləri tam həyata keçirildikdən sonra isə mülkiyyətinə verilməsi, X3 tərəfindən isə hazırki müqaviləsi və müvafiq əlavə razılaşmaları ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin həyata keçirilməsi üzrə münasibətlər tənzimlənmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 40191 manat təşkil edir.
14. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “Changan Uni-T” markalı avtomobillərin 2024-cü ilin yanvar ayı üçün qiymət təklifi nağd alqı-satqı üzrə 47900 manat, 12 ay ərzində 54510 manat, 24 ay ərzində 59801 manat, 36 ay ərzində 65304 manat, 48 ay ərzində 70851 manat, 60 ay ərzində 77387 manat müəyyən edilmişdir.
15. İcra edilmiş xidmətlərə dair xx.xx.2025-ci il tarixli akta əsasən müəyyən edilir ki, “Changan Uni-T” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərclərin miqdarı cəmi 762,17 manat təşkil edir.
16. İcra edilmiş xidmətlərə dair xx.xx.2025-ci il tarixli akta əsasən müəyyən edilir ki, “Changan Uni-T” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərclərin miqdarı cəmi 431,02 manat təşkil edir.
17. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
20. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
21. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
22. Həmin Məcəllənin 420.1-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır.
23. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
27. Həmin Məcəllənin 420.3-cü maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb);420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar;
28. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
29. Belə ki, iddiaçı iddia tələbində avtomobillərin sonradan digər şəxslərə satılarakən daha aşağı qiymətə satılmasına istinad edərək avtomobilin dəyərdən düşməsinə görə yaranmış fərqin və cavabdeh tərəfindən avtomobilə vurulmuş zərərə görə pulun ödənilməsini tələb edir.
30. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
33. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
34. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
35. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
36. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
39. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
40. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
41. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.
43. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndi, yəni müqavilə cavabdeh tərəfindən ləğv olunarsa, həmin avtomobil qaytarıldıqdan sonra avtomobilin dəyərdən düşməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb etməyə əsas verən razılaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
44. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.2.5-ci bəndi müqavilənin standart şərti olmaqla etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olduğu üçün etibarsızdır.
45. Digər tərəfdən məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunan arayışdan görünür ki, cavabdehə satılmış “Changan Uni T” markalı, buraxılış ili 2023-cü il olan avtomobilin nağd satış qiyməti 47900 manat, 60 aylıq hissəli ödənişlə satıldıqda isə qiyməti 77387 manat təşkil edir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında avtomobil 60 aylıq hissəvi ödənişlə 77387 manat məbləğə cavabdehə satılmış, avtomobil cavabdehin istifadəsində olan müddət ərzində cavabdeh tərəfindən 6467 manat ilkin ödəniş olmaqla, ümumilikdə 17267 manat məbləğində ödəniş edilmişdir. Həmin avtomobil növbəti dəfə lizinq müqaviləsi əsasında digər şəxsə 40191 manat məbləğə satılmışdır. Göründüyü kimi, avtomobilin nağd satış qiymətinin 47900 manat olduğu və cavabdeh tərəfindən edilmiş 17267 manat ödənişlər nəzərə alınsa, avtomobilin digər şəxsə satılması ilə bağlı iddiaçının hər hansı ziyana düşməsi sübut olunmur.
46. Məhkəmə qeyd edir ki, avtomobilin müəyyən müddət istismar olunması nəticəsində bazar dəyərinin azalması onun təbii köhnəlməsi və normal istifadəsi nəticəsində yaranan qaçınılmaz haldır. Belə azalma avtomobilin adi istismar müddəti ərzində baş verən texniki xarakterli dəyişikliklərdən qaynaqlandığından və cavabdehin hər hansı qanunsuz hərəkəti ilə bağlı olmadığından ziyanın əvəzinin ödənilməsi öhdəliyinə səbəb olmur.
47. Bundan başqa iddiaçı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətdə onun tərəfindən avtomobilə 1193,19 manat məbləğində zərər dəydiyini iddia etsə də, məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması zamanı iddiaçı tərəfindən təhvil-təslim aktının tərtib edilmədiyi müəyyən edilmişdir. Belə olan halda avtomobilə məhz cavabdeh tərəfindən həmin məbləğdə ziyanın dəyməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə həmin tələbinin əsası kimi icra edilmiş xidmətlərə dair aktları təqdim etmişdir. Məhkəmə qeyd edir ki, həmin akt birtərəfli qaydada iddiaçı tərəfindən tərtib olunduğundan cavabdehdən maddi zərərin tutulması ilə bağlı iddianın əsaslılığını təsdiq edən sübut qismində nəzərdən keçirilə bilməz. Odur ki, məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir.
48. Bundan başqa iddiaçı 15.506,19 manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 206,04 manat pul vəsaitinin tələb edilməsi hissəsində də iddianı əsaslı hesab etmir.
49. Belə ki, müqavilə ləğv edildiyi tarixədək cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş, iddia avtomobilin dəyərdən düşməsi və maddi zərərin ödənilməsi hissəsində isə əsaslı hesab edilməmişdir. Belə olan halda həmin pul vəsaitinin gecikdirilməsi ilə bağlı illik 5 % pul tələbinin tələb edilməsi hissəsində də iddia təmin oluna bilməz.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil