Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-290/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 1000,9 manat əsas, 150,1 manat cərimə borcu olmaqla, ümumilikdə 1151 manat borcun və 31,51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh "Lenovo" markalı noutbuk, "Haylou Solar" markalı saat və aksesuarlar almış, aldığı malların dəyərini 18 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1595 manat keyfiyyətsiz mala görə ödənilmiş pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 35 manat pul vəsatinin iddiaçıdan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə baglanmış (nisyə) alqı-satqı müqaviləsi üzrə 2595,90 manat məbləğində "Lenovo" markalı kompüteri almış, müqavilə qiymətinin 1595 manat hissəsini ödəmişdir. Onun ödənişləri dayandırmaq üçün əsası ondan ibarət olmuşdur ki, aldığı kompüterdə texniki qüsur baş verdiyindən həmin kompüteri İddiaçı servis mərkəzinə təhvil vermişdir. O, nisyə satılmış malı qüsurlu olması səbəbindən geri qaytardığından, ödədiyi pul vəsaitlərini də geri tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək izahatında göstərmişdir ki, alqı-satqı müqaviləsi üzrə satılmış "Lenovo" markalı noutbuk təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, təhviltəslim aktından görünür ki, məhsul təhvil verilərkən onda hər hansı bir qüsur, batıq və əzik olmamışdır. Həmin məhsul köhnə istehsal tarixli məhsul olduğundan outlet məhsul kimi dəyərindən 30 faiz aşağı qiymətə satılmışdır. İli köhnə istehsal olan məhsullara istehsalci tərəfindən zəmanət verilmədiyindən, magazanın özü tərəfindən məhsula 6 ay müddətinə zəmanət verilmişdir. Cavabdeh məhsulu aldıqdan 1 il sonra iddiaçıya müraciət edərək, məhsulda düzgün olmayan istifadə nəticəsində yaranmış qüsurların iddiaçının hesabına aradan qaldırılmasını xahiş etmişdir. Lakin zəmanət müddəti ötdüyündən vg ümumiyyətlə qüsurlar cavabdehin noutbukdan istifadə və onun saxlanması qaydalarının pozulması nəticəsində yarandığından iddiaçı tərəfindən haqlı olaraq məhsulun öz hesabına təmir edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş «X1 Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh ümumi dəyəri 2595 manat olan "Lenovo" markalı noutbuk, "Haylou Solar" markalı saat və aksesuarlar almış, aldığı malların dəyərini 18 ay müddətində hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci tarixli təhvil-təslim aktından görünür ki, "Lenovo" markalı noutbuk iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, noutbukda hər hansı bir qüsurun, mexaniki və ya fiziki zədənin olması göstərilməmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş zəmanət talonundan görünür ki, satış tarixi xx.xx.2022-ci il tarixi olan Lenovo markalı noutbuk üçün satıcı İddiaçı MMC tərəfindən 6 ay müddətinə zəmanət verilmişdir. 000211456 saylı müştəri müraciətindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə «İrşad» Servis Mərkəzinə noutbukda olan qüsurlarla bağlı müraciət etmişdir. Cavabdehin şikayəti «zaryadkaya taxırıq indikator zaryadka yığdığı göstərmir, noutbuk ümumiyyətlə qoşulmur» kimi qeydə alınmışdır. «Məhsulun vəziyyəti» bölməsində «noutbukun künc hissəsində əziyi var.Korpusun alt hissəsində batıq var» qeydə alınmışdır. Cavabdeh «Şərtlərlə tanış oldum və razıyam» bölməsində imza etmişdir. Məhkəmə tərəflər arasında mübahisələrin düzgün həll olunması üçün hesab edir ki, ilk öncə qarşlıqlı iddia həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 583. Qarantiya müddətinin hesablanması 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Lenovo markalı noutubukun iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə satılması, zəmanət müddətinin 6 ay müəyyən edilməsi, satış zamanı noubukun üzərində hər hansı bir mexaniki zədənin olmaması, cavabdehin iddiaçıya məxsus servis mərkəzinə zəmanət müddəti bitdikdən sonra – xx.xx.2023-cü il tarixdə müraciət etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus servis mərkəzinə noutbukun zəmanət müddəti keçdikdən sonra müraciət etdiyindən və noutbukda aşkar edilmiş qüsurlar həmin müddət keçdikdən sonra yarandığından cavabdehin həmin mala görə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə ilk iddia ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı malın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, cavabdehdən müqavilənin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ilkin iddia 1000,9 manat əsas borc tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının cərimə borclarının tutulması tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən alınmış əşyaların məbləğinin miqdarını, dəbbə pulunun alqı-satqı edilmiş əşyaların dəyərinə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 70,06 manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 29,32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,95 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 1000,9 manat əsas, 70,06 manat cərimə borcu olmaqla, ümumilikdə 1070,96 (min yetmiş manat doxsan altı qəpik) manat borc və 29,32 (iyirmi doqquz manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,95 (otuz beş manat doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-290/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-290/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver