Məhkəmə qərarları › İş №e-2(004)-2954/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2954/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2954/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, . cavabdehdən ona məxsus yaşayış sahəsində 20 sentyabr 2022-ci il tarixdə yanğın nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta haqqı olaraq 10.000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun alınması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2022-ci il tarixdə saat 02:55də Ağcabədi rayonunun, Sarıcalı kəndində yerləşən ona məxsus fərdi yaşayış evində yanğın baş vermiş, nəticədə ev içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğın zamanı 10000 (on min) manat maddi ziyan dəymişdir. Onunla Cavabdeh ASC ilə xx.xx.2022-ci il tarixli, RAZ********** saylı , BB seriyalı 652008 blank nömrəsi ilə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığorta müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və BB seriyalı, 652008 blank nömrəli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsinə uyğun olaraq sığorta müqaviləsi bağlanarkən Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən yaşayış obyektinə sığorta təminatı verilmişdir. Siğorta agenti yaşayış sahəsinə baxış keçirən zaman mənə məxsus fərdi yaşayış evinin şəkillərini çəkmiş, bunu siğorta işinə əlavə etmişdir. Lakin cavabdeh baş vermiş hadisə nəticəsində zərərə məruz qaldığı bildirilən fərdi yaşayış evinin sığorta təminatına daxil olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab etmədiyi üçün sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. O, cavabdeh ilə əqd bağlayan zaman niyyəti fərdi yaşayış evini siğorta etdirmək olmuşdur. Cavabdeh ilə aralarında olan müqaviləyə nə yazılmasından məlumat yoxdur. Cavabdeh ona aralarında olan müqavilənin bir nüsxəsini təqdim etməmişdir. Lakin hadisə baş verəndən sonra görmüşdür ki, siğorta şəhadətnaməsinə müqavilədə nəzərdə tutulmuş iradə ifadəsi təhrif olunmuş qaydada yazılaraq “qeyri yaşayış sahəsi (ferma)”-nin siğortalanması kimi qeyd edilib. Cavabdehin səlahiyyətli nümayəndəsi yəni sığorta agenti ilə bu barədə dəqiqləşdirmə apardıqda həmin siğorta agentidə təsdiq etmişdir ki, ona məxsus yaşayış sahəsi siğortalanmışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh ona məxsus fərdi yaşayış evinə yanğın nəticəsində maddi ziyan dəydiyini qəbul edir, həmçinin həmin ziyanın 10000 manat olmasını təkzib etmir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o öz fermasını sığorta etdirmişdir, həmçinin aktiv VÖEN sahibidir. Mülki işin baxılması üçün işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, həm sığorta müqaviləsinin şərtlərindən, həm də sığorta məbləğlərindən göründüyü kimi sığorta obyekti qeyri-yaşayış sahəsi olan fermadır. Mülki işin baxılması üçün işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı ilə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında sığortalıya məxsus qeyri-yaşayış sahəsinin, yəni Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən fermanın sığorta haqqı 160 manat olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixinədək sığorta edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs İddiaçı (VÖEN: **********) ilə hüquqi şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) arasında yaranmışdır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və hüquqi şəxs olmaları, habelə hazırki mübahisənin də qeyri-yaşayış sahəsinin sığorta edilməsi ilə bağlı müqavilə münasibətlərindən, sahibkarlıq fəaliyyətindən doğan kommersiya mübahisəsi olması işin faktiki hallarından görünür. Odur ki, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13 və 14-cü bəndlərində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin qərarın 25-ci bəndində qeyd edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2954/2023 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar