Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2985/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: xidmət müqaviləsi, faktorinq müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X2 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, SBE000050 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, icraçı sifarişçiyə siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən dəyəri 158 manat olan xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərə görə ilkin ödəniş etmədən xidmətləri qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 2.4.2-ci bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür.
3. xx.xx.2023-cü il tarixli, SBE000050 nömrəli müqaviləyə əlavəyə əsasən müqavilə üzrə 158 manat dəyəri olan xidməti cavabdeh tərəfindən ilkin ödənişsiz 6 ay müddətinə, aylıq 27 manat, sonuncu ay isə 23 manat olmaqla ödənilməsi razılaşdırılmışdır.
4. İddiaçı (faktor) ilə X2 (müştəri) arasında bağlanan xx.xx.2023-cü il tarixli, R- 2618/23 nömrəli faktorinq müqaviləsinə əsasən X1 tələb hüququ İddiaçı QSC-yə keçmişdir.
5. xx.xx.2023-cü il tarixli, R-2618/23 nömrəli faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, SBE000050 nömrəli xidmət müqaviləsi üzrə X1 cavabdehə qarşı 73 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.
6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, borcun icra edilməsini tələb etmiş, əks təqdirdə 3 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli, SBE000050 nömrəli xidmət müqaviləsi üzrə 73 manat əsas, 10,95 manat faiz borcu vardır.
İddia tələbinin və ona etirazın dəlilləri
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 73 manat əsas, 10,95 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SBE000050 nömrəli xidmət müqaviləsinə əsasən cavabdeh 158 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X4 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X3 Cavabdeh qarşı olan 73 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə xidmət müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir.
b) iddiaya etiraz
10. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; Maddə 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
16. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
17. Belə ki, borcun əsası olan X2 ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, cavabdeh 158 manat dəyərində xidmət göstərmiş, aylıq ödəniş 27 manat, sonuncu ay 23 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.
18. İddiaçı QSC X2 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, R-2618/23 nömrəli faktorinq müqaviləsi ilə xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb hüququnu əldə etmişdir.
19. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq 73 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
20. Bundan əlavə, müqavilə üzrə 10,95 manat məbləğdə cərimə hesablanmışdır.
21. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.
22. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10,95 dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.
23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və rüsumun ödənilməsi üçün 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi və rüsumun ödənilməsi üçün xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 73 manat əsas, 10,95 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı 0,40 manat olmaqla, ümumilikdə 114,35 manat pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə