Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3034/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi X12 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “artıq iş vaxtına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “artıq iş vaxtına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasının, son haqq-hesab məbləğinin (ödənilməmiş məzuniyyət,əmək haqqı və s.), əmək haqqının verilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və mənəvi zərər olaraq 3000 manat məbləğində pul vəsaitinin Erisen Metindən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 09 iyul 2022-ci il tarixindən fiziki şəxs Erişin Metin yanında satış meneceri vəzifəsində işə başlamış, xx.xx.2024-cü il tarixində fiziki şəxs Erisen Metin arasında bağlanmış əmək müqaviləsinə onun xəbəri və məlumatı olmadan işəgötürən tərəfindən xitam verilmişdir. Qeyd etmişdir ki, o, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə bir ay on beş gün müddətində menecer vəzifəsini də icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, menecer vəzifəsini icra edərkən əmək məzuniyyətindən istifadə etməmiş, yəni 2022-2024-cü il tarixlərində yalnız bir dəfə 6 günlük əmək məzuniyyətindən istifadə etmişdir. Erisen Metinlə əməkdaşlıq etdiyi vaxtlarda ona məzuniyyət verilməmiş, işi davamlı olmuşdur. Bundan başqa işə götürənin tələbi ilə əlavə olaraq menecer vəzifəsini icra etdiyi üçün də ona heç bir əlavə əmək haqqı ödənilməmişdir. Erisen Metinlə əməkdaş olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, işlədiyi müddət ərzində ona 21 təqvim günündə yalnız 6 günlük məzuniyyət verilmiş, əlavə olaraq işə götürənin tələbi ilə icra etdiyi menecer vəzifəsinə görə də heç bir ödəniş olunmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə, bayram və ya digər qeyri-iş günləri işə cəlb olunmaqla əlaqədar) ona ödənilməmişdir. Qeyd etmişdir ki, o, dəfələrlə Erisen Metinə müaricət edərək ona əvvəlcədən təqdim etdiyi əmək kitabçasını və son haqq-hesabının ödənilməsini bildirsə də müraciətləri nəticəsiz qalmışdır. Qeyd etmişdir ki, bununla bağlı qanunvericiliyin tələblərinə əsasən işdən azad olunduğu tarixdən ona son haqq-hesabını və əmək kitabçasını verməli olduğu halda heç birini təqdim etməmişdir. Bunun nəticəsində o, aylardır işsiz vəziyyətdədir və əmək kitabçası da onda olmadığı üçün heç bir yerə işə qəbul olmağı ilə bağlı müraciət edə bilmir və bunun nəticəsində ona maddi olaraq ziyan dəymişdir. Bundan başqa, ona maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir. Belə ki, keçirdiyi streslə bağlı səhhətində ciddi narahatçılıqlar yaranmışdır və o, uzun müddət depressiya vəziyyətdə olmuş, sosial həyatdan uzaq qalmışdır. Keçirdiyi stress və narahatlıqlarla bağlı həkimə müraciət etmiş və ona bununla bağlı müalicə təyin olunmuşdur. Qeyd etmişdir ki, sonradan vəkili X1 cavab olaraq Erisen Metin xx.xx.2025-ci il tarixidə ona məxsus olduğunu iddia etdiyi əmək kitabçasını göndərmişdir. Qeyd etmişdir ki, həmin əmək kitabçası onun Erisen Metinə təqdim etdiyi əmək kitabçası deyildir. Belə ki, daha əvvəl çalışdığım "xxxx" X2 çalışmağı ilə bağlı məlumat da təqdim etdiyi müfaviq əmək kitabçasında qeyd olunmuşdur. Hazırki halda elektron sistemdəki çıxarışdan da göründüyü kimi həqiqətən onun ilk iş yeri Erisen Metin adlı şəxsin yanında deyil, "xxxx" X3muşdur. Erisen Metin ona məxsus olan əmək kitabçasını itirmişdir və bunun əvəzində də ona başqa əmək kitabçası təqdim etmişdir. Qeyd edilənlər məsələnin məhkəmə qaydasında həll edilməsinin zəruri olduğunu təsdiq edir. Hesab edir ki, onun xx.xx.2024cü il tarixində işdən çıxmağı ilə əlaqədar son haqq-hesabının hesablanaraq tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödənişin verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə 21 may 2025-ci il tarixdə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fiziki şəxs Erisen Metin yanında əlavə işlədiyi 1872 saata görə 3106 manat ödənilməyən əmək haqqının, keçirtdirdiyi psixoloji sarsıntılara görə isə 5000 manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, onun tərəfindən Erisen Metinin hüquqları müdafiə olunur. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd edir ki, güya müdafiə etdiyi şəxs ona məxsus əmək kitabçasını verməmiş, digər əmək kitabçasını vermişdir, bundan başqa güya ki, son haqq hesab məbləğini, yəni ödənilməmiş məzuniyyət, əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin və mənəvi zərər olaraq 3000 manat məbləğində pul vəsaiti iddia ərizəsinə əsasən tələb edir. Hesab edir ki, e-2(004)-3034/2025 saylı mülki iş üzrə olan iddia ərizəsi əsassız və qeyri-obyektiv olduğu üçün rədd edilməlidir. Beləliklə, İddiaçı müdafiə etdiyi şəxs Erisen Metin ilə ilk olaraq 01 dekabr 2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. İddiaçının isə iddia ərizəsində qeyd etdiyi "xxxx" MMC-də çalışdığı müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək idi. Beləliklə iddiaçı "xxxx" MMC-dən işdən çıxarılan düz 18 ay sonra, xx.xx.2022-ci il tarixdə Erisen Metin ilə əmək müqaviləsi bağlayarkən müdafiə etdiyi şəxsin yanında çalışmağa başlamışdır. Bu hal onu sübuta yetirir ki, iddiaçı 18 ay ərzində öz əmək kitabçasını itirə bilərdi. Yəni ki, iddiaçı köhnə işindən ayrılaraq dərhal Erisen Metin ilə əmək müqaviləsi bağlamamışdır. Beləliklə iddiaçı Erisen Metinlə əmək müqaviləsi bağlandığı zaman, əmək kitabçası yox idi və ya təqdim etmək istəməmişdir və bununla onun Erisen Metinə verilən bu kimi məlumata əsasən, iddiaçıya əmək kitabçası açılmışdır. Bütün bunları nəzərə alaraq nəticəyə gəlmək olar ki, iddiaçı güya ki, ona məxsus olan köhnə kitabçasının Erisen Metinə təqdim edilməsi barədə heç bir dəlil sübutu yoxdur. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd edir ki, güya ki, müdafiə etdiyim şəxs ona son haqq hesab məbləğini ödəməmişdir. Belə ki, İddiaçı Erisen Metinin əməkdaşı Ağbulut Yasar məxsus WATSAAP-a həmin ərəfədə yazılı şəkildə bildirmişdir ki, onun cəmi olaraq 1 məzuniyyət günü qalıbıdr. WATSAAP yazışmasının şəkilini elektron məhkəmə sistemi vasitəsi ilə əlavə edilir. Bundan başqa həmin WATSAAP vasitəsi ilə İddiaçı Ağbulut Yasara səsli mesaj ataraq, həmin səsli mesajda bildirmişdir ki, müdafiə etdiyi şəxs Erisen Metinin ona cəmi 205 manat məbləğində ödənilməmiş əmək haqqı qalıbdır (həmin səs yazısı məhkəmə zamanı disk şəkilində təqdim olunacaqdır). Qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində tələb edilən mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitin hansı əsaslara görə tələb edilməsinə dair hər hansı bir dəlil sübutu yoxdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə icraatı zamanı iddia ərizəsi üzrə hər hansı bir dəlil sübutun təqdim edilməsi iddiaçının üzərindədir. Bütün bunları nəzərə alaraq nəticəyə gəlmək olar ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasına baxmayaraq, iddia ərizəsi əsassızdır və buna əsasən rədd olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən icraatda olan e-2(004)- 3034/2025 saylı mülki iş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəflə bağlanmış əmək müqaviləsi üzrə satıcı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində 1 ay 15 gün müddətinə menecer vəzifəsində də işləməyi tələb olundu. Lakin bunun qarşılığında cavabdeh tərəfindən ona əlavə haqq ödənilmədi. Cavabdeh tərəfindən istirahət günü 21 gün əvəzinə həftədə bir gün müddətinə verilirdi. Ağır iş şəraiti səbəbindən işdən çıxmaq istədiyini qarşı tərəfə bildirmişdir, lakin razı olmamışlar. Bundan 2 ay sonra isə əmək müqaviləsinə onun xəbəri olmadan birtərəfli şəkildə xitam verilmiş və bu barədə əmr ona təqdim olunmamışdır. Belə ki, əmək kitabçası ona geri verildikdə isə sadəcə cavabdehin yanında işlədiyi orada qeyd olunmuşdur. Lakin o, cavabdeh tərəflə əmək müqavilə üzrə işləməzdən əvvəl "xxxx" MMC-də satıcı qismində işləmişdir. Əmək kitabçasında imzası olan şəxslə əlaqə saxladığı zaman ona heç nə imzalamadığını bildirmişdir. 09 iyul 2022-ci il tarixdən 15 oktyabr 2024-cü il tarixədək cavabdehin yanında davamlı olaraq işləmişdir. Müqavilədə iş saatı 8 saat olmasına baxmayaraq, 11 saat işlədilmişdir. Əlavə olaraq təmizlik işlərinə cəlb edilmişdir. Hətta bir müddət meneceri də əvəz etmişdir. 1 il 7 ay müddətində təmizlik işlərini də özü etmişdir. Lakin əlavə işlədiyi saatlar müqabilində isə ona heç bir ödəniş edilməmiş, istirahət verilməmişdir. Belə ki, işlədiyi 2 il müddətində ümumilikdə ona 6 gün istirahət günü verilib. Menecerlə son əmək haqqının ödənilməsi ilə bağlı əlaqə saxladıqda onunla yüksək tonda danışaraq, ərizəsini dəyişdikdə əmək haqqı alacağını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, lakin onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 18 iyun 2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, hal-hazırda icraatda olan e-2(004)-3034/2025 saylı mülki iş üzrə tərəfindən cavabdeh Erisen Metinin hüquqları müdafiə olunur. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd edir ki, güya müdafiə etdiyi şəxs ona məxsus əmək kitabçasını verməmiş, digər əmək kitabçasını vermişdir, guya ki, son haqq hesab məbləğini, yəni ödənilməmiş məzuniyyət, əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin və mənəvi zərər olaraq 3000 manat məbləğində pul vəsaiti iddia ərizəsinə əsasən tələb edirdi. Bundan sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, güya ki, iddiaçıya ödənilməyən əmək haqqı 3016 manat təşkil edir. İddiaçı tərəfindən bu işlərlə əlaqədər güya ki, keçirildiyi psixolojı sarsıntılara görə 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zamanı tərəfindən kifayət qədər dəlil və sübutlar təqdim edilmişdir ki, hansılara əsasən sübuta yetirdi ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı həm iddia ərizəsində həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edir ki, güya onun tərəfindən iki il ərzində məzuniyyətə çıxmadan və iş saatlarından əlavə işləyibdir. Məhkəmə iclas zamanı tərəfindən sübuta yetirilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 Saylı Bakı Dost Mərkəzinin 11 fevral 2025-ci il tarixli 3-17- 7/2- G-8139/2025 nömrəli arayışa əsasən, İddiaçı tərəfindən müdafiə etdiyi şəxs Erisin Metinin yanında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (yəni 47 gün işləyibdir) və növbəti dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək (yəni 11 ay) çalışıbdır. Bununla belə məlum olur ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə onun Erisen Metinin yanında iki il ərzində çalışması yanlışdır. Bundan başqa İddiaçı tərəfindən bildirilirdi ki, güya ki, o satış meneceri və əlavə olaraq menecer vəzifəsində çalışıbdır. İddiaçı tərəfindən məhkəməyə bu kimi ifadənin yanlış olması belə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portaldan olan çıxarışlardan qeyd olunubdur ki, iddiaçı Erisen Metinin yanında işləyərkən yalnız satıcı vəzifəsində çalışıbdır. Cavabdehin işçisi olan Ağbulut Yasara məxsus WATSAAP-a həmin ərəfədə yazılı şəkildə bildirmişdir ki, onun cəmi olaraq 1 məzuniyyət günü qalıbdır. WATSAAP yazışmasının şəkilini sübut kimi electron məhkəmə sistemi vasitəsi ilə əlavə edilmişdir. Bundan başqa həmin WATSAAP vasitəsi ilə İddiaçı Ağbulut Yasara səsli mesaj ataraq,həmin səsli mesajda bildirmişdir ki, müdafiə etdiyim şəxs Erisen Metinin ona cəmi 205 manat məbləğində ödənilməmiş əmək haqqısı qalıbdır. xx.xx.2025-ci il tarixdə Yasar Ağbulut məhkəmə iclasına şahid qısmində dəvət olunaraq, ifadəsində bunları təsdiqləyərək, bildirmişdir ki, iddaçı tərəfindən hətta bir gün qalmış məzuniyyəti istifadə edilmişdir. Yasar Ağbulutun telefonunda iddiaçının bu barədə səs danışıqları belə sübuta yetir ki, iddia ərizəsi əsassızdır. Bunuda qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə şahid qısmində dəvət olunmuş Ələkbərova Ləman məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Erisen Metinin yanında həmin ərəfədə satıcı vəzifəsində çalışaraq, İddiaçı Erisen Metinin yanında çalışaraq, sonradan işdən çıxmış, bir neçə aylar sonra isə yenidən işə qayıtmışdır. Bunuda bildirmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində güya ki, almış psixolojı sarsıntıya görə tələb edilmiş maddi ziyana görə heç bir sənəd məhkəməyə təqdim edilməmiş və təbii ki, buna görə də sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclas zamanı şahid qısmində ifadəsini verən Yasar Ağbulut tərəfindən bildirilmişdir ki, İddiaçı Erisen Metinin yanında çalışdığı zaman heç bir stress və ya psixolojı sarsıntı keçirtməyibdir, əksinə İddiaçı ailəsində anası ilə bağlı olan problemlərə görə maliyyə ehtiyacı olmuş və həmin zaman heç kim belə ona kömək etməmiş, Erisen Metin tərəfindən isə maliyyə cəhətdən dəstək edilərək iddiaçı istədiyi məbləği ona borca vermişdir. Yekun olaraq bunu da bildirmişdir ki, iddiaçı tərəfindən məhkəmə iclas zamanı onu məcburi işlədilməsi barədə ifadəsini verərək, heç bir dəlil sübut bu barədə təqdim edə bilməmiş və bu kimi ifadəsi absurtdur. Yəni necə insanı indiki zamanda məcburi işlətmək olar? Bir daha bildirmişdir ki, iddiaçı tərəfindən ilkin işə qəbul olunaraq, 47 gün sonra işdən çıxmış və 10 aydan sonra yenidən həmin işə qayıtması o deməkdir ki, iddiaçının həmin işdə problemi olmayıbdır. İddiaçı tərəfindən tələb olunan maddi zərər belə sübuta yetirilməyibdir. Nəticə olaraq məlum olur ki, iddiaçı tərəfindən sadəcə məhkəməyə iddia ərizə virilərək, heç bir dəlil sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə iclas zamanı tərəfindən məhkəməyə təqdim edilmiş sübut və şahidin ifadəsi ilə sübuta yetmişdir ki, İddiaçı şəxsən 14 oktyabr 2024-cü il tarixdə etiraf etmişdir ki, onun cəmi 1 gün məzuniyyəti qalıbdır və ödənilməmiş 205 manat əmək haqqısı vardır, xx.xx.2024-cü il tarixdə isə işdən çıxmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin əsassız olduğuna görə rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bundan başqa həmin tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəfindən Bakı Hərbi Məhkəməsində erməni separatçılarının barəsində olan cinayət işləri üzrə məhkəmə iclaslarında vəkil qısmində iştirak olunur. Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə iclası xx.xx.2025-ci il tarixdə, saat 10:00-da təyin edilibdir. Məhz bu səbəbdən tərəfindən icraatda olan iş üzrə iştirak etməyi qeyri-mümkündür. Yuxarıda qeyd olunanlara əsasən mülki iş üzrə xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəmə baxış iclasını iştirakı olmadan keçirərək, tərəfindən məhkəmə elektron sistemi vasitəsi ilə təqdim edilmiş yazılı çıxışını qəbul edərək məhkəmə yekun aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMM ilə İddiaçı arasında satıcı/mağaza vəzifəsinə qəbul edilməsi barədə müddətli əmək müqaviləsi imzalanmışdır. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində fiziki şəxs Erisen Metin yanında satıcı vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. - sahibkar Cavabdeh XXX-ın 04 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən “Eisen Metin” bölməsində “satıcı, mağaza” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 19 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 Saylı Bakı Dost Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-17-7/2-G-8139/2025 nömrəli arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən “Erisen Metin” ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, “Erisen Metin” ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əvvəllər qüvvədə olmuş və sonradan qüvvədən düşmüş əmək müqavilələri mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, 345 manat əmək haqqı alırdılar, orada təmizlik işlərini də görürdülər. O, özü 500 manat alırdı, Şəbnəm isə 350 alırdı. İşçiyə fərq qoyurdular, ayrı seçkilik edirdilər. Onlar səhər saat 10-da işə gəlirdilər, axşam saat 9-a kimi, yəni gün ərzində 11 saat işləyirdilər. Müqavilədə neçə saat yazıldığını bilmir, lakin artıq işlədiklərinə görə dəfələrlə müdriyyətə bu barədə bildirmişlər. Ona ilk işə başladığı gündən deyilmişdir ki, düzələcək, lakin elə o vaxtdan illər keçmiş, lakin heç nə düzəlməmişdir. Hər gün Şəbnəmlə o, saat 10-da mağazanı açır və axşam saat 21.00-a kimi işləyir, saat 21.00-da mağaza bağlayırdılar. Növbə ilə işləmirdilər. Hər gün hər ikisi işdə olurdular. Sadəcə həftədə bir dəfə istirahət verilirdi, həmin gün isə digər işçi tək işləyirdi. 345 manatdan əlavə aldıqları pul təmizlik işlərinə görə olmuşdur. Maaş əlbəəl verilirdi, heç bir karta ödəniş olunmurdu. Onların əmək haqqını az verməklərinin səbəbi dövlətə vergi ödəməmək idi. Şəbnəm həmin mağazada satıcı idi. Həftədə bir dəfə onlara istirahət günü verilirdi. Ən sonda o da bu iş qrafikinə dözməyərək işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasar Agbulut ifadə verərək bildirmişdir ki, hər iki tərəfi tanıyır. O, satış meneceridir. Həmin mağazada çalışır. Şəbnəm xanım orada satıcı işləyirdi. O, özü 2022-ci il tarixdən işləyir, lakin iddiaçının nə vaxtdan işləməsini xatırlamır. İddiaçının rəsmi əmək haqqısı əvvəl 345 manat idi, sonradan bu ildən 400 manat olmuşdur. Şəbnəmlə digər xanım növbəli işləmişlər. Günün müəyyən saatlarını, yəni günortayadək bir satıcı, digər saatlarında isə digər satıcı işləyirdi. Digər xanımın ev günündə özü də satıcı kimi kömək etmişdir. Təmizlik işləri gördürmürdülər. Sadəcə iş yeri onlar üçün evləri kimidir, müəyyən təmizlik işlərini o da görmüşdür. Əlavə müdriyyət tərəfindən ona nəqədər ödəniş edildiyini bilmir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, müqavilədə göstərilən kimi 8 saatdan artıq işləməmişlər. Heç kimi məcburi işlətməmişlər. Məhkəmə araşdırması zamanı şahid X6 ifadəsi ilə də müəyyən edilmişdir ki, İddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi imzalansa da, 09 iyul 2022-ci il tarixdən fiziki şəxs Erisen Metin yanında satıcı kimi edilmişdir. 15 oktyabr 2024-cü il tarixədək cavabdehin yanında əmək müqaviləsi üzrə işləmişdir. Müqavilədə iş saatı 8 saat olmasına baxmayaraq, şahid ifadəsi ilə də müəyyən edildi ki, iddiaçı geyim mağazasında işləmişdir. Ağlabatan haldır ki, iddiaçının iş yeri geyim mağazasıdır və geyim mağazası müqavilədə qeyd edildiyi kimi saat 18.00-dək deyil, saat 22.00-a kimi açıq olmuş, iddiaçı da satıcı kimi işləmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri mövcud olsa da, şahid ifadəsi ilə iddiaçının 09 iyul 2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək cavabdehə məxsus mağazada işlədiyi müəyyən olunur. Eyni zamanda 11 iyul 2022-ci il tarixli fotodan da görünür ki, iddiaçı mağazadakı geyimlərin sosial platformalarda nümayişi məqsədilə 11 iyul 2022-ci il fotolar çəkmiş və yerləşdirmişdir. Sahibkar Cavabdeh XXX-ın 04 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən “Eisen Metin” bölməsində “satıcı, mağaza” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Erisin Metin yanında əlavə işlədiyi 1872 saata görə 3106 manat ödənilməyən əmək haqqının, son haqq hesabın (ödənilməyən əmək haqqı) və onun keçirtdiyi psixoloji sarsıntılara görə isə 5000 manat mənəvi zərərin ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ.hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə görə insan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır. Həmin Məcəllənin 9-cu maddəsinin x) bəndinə əsasən x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən ütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarı Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Məhkəmə iddiaçının əlavə işlədiyi 1872 saata görə 3106 manat ödənilməyən əmək haqqı müəyyən edilməkə tutulması barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs Erisen Metin ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin şərtlərinə görə əmək haqqı 345 manat qeyd edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 09 iyul 2022-ci il tarixdən fiziki şəxs Erisen Metinin mağazasında satıcı qismində işləmişdir. Digər satıcı şahid Ləman Ələkpəovanın ifadəsi ilə də müəyyən olundu ki, iddiaçıya həftədə 1 gün istirahət günü verilməklə, ümumilikdə ayda 26 gün işləmişdir (26 x 8=208 saat). Ay ərzində 1 saatın əmək haqqısı 1,66 manat təşkil edir (345 x 208 = 1,66). İddiaçı gündə səhər saat 10-dan axşam saat 10-a kimi işlədiyini bildirsə də, məhkəmə hesab edir ki, bir saat nahar fasiləsi çıxılmaqla, iddiaçıya hər gün əlavə işlədiyi 2 saata görə əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin şahidi – satış meneceri Yasar Agbulutun ifadəsinə hazırki halda tənqidi yanaşaraq ziddiyyətli hesab edir və sübut qismində qəbul etmir. Belə ki, şahid ifadəsində növbəli (günün müəyyən saatlarında bir satıcı, digər saatlarında isə digər satıcı) işləməsi ilə əlaqədar verdiyi ifadə - satıcı işləmiş digər şahidin ifadəsi ilə təqzib edildi. Eləcə də gün ərzində növbəli iş rejiminin olmasına dair cavabdeh tərəf hər hansı bir sübut da (iş qrafiki barədə cədvəl) təqdim edə bilmədilər. Daha sonra isə gün ərzində 8 saatdan çox olmayaraq işlədiyini bildirməklə ziddiyyətli ifadələr vermişdir. Bundan əlavə məhkəmə cavabdeh tərəfin vatsap platforması ilə iddiaçının qeyd etdiyi əmək haqqı qalığı ilə bağlı qeyd edir ki, hazırda iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edərək cavabdehdən ödənilməmiş qalıq aylıq əmək haqqı məbləğini deyil, iş vaxtından artıq işlədiyi müddət ərzində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqını tələb edir. Məhkəmələr dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməli, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iş vaxtından artıq 2 saat vaxt ərzində görülən işə görə iş vaxtının saatlıq tarif (vəzifə) maaşı həddində əmək haqqı - 624x2=1248 saat; 1248x1.66 = 2071,68 (iki min yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının keçirtdiyi psixoloji sarsıntılara görə isə 5000 (beş min) manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbinə münasibətdə hesab edir ki, həmin tələb kifayət qədər sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla əsassızdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlaratətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddia tələbi həcmində iş vaxtından artıq 2 saat vaxt ərzində görülən işə görə iş vaxtının saatlıq tarif (vəzifə) maaşı həddində əmək haqqı - 2071,68 (iki min yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iş vaxtından artıq 2 saat vaxt ərzində görülən işə görə iş vaxtının saatlıq tarif (vəzifə) maaşı həddində əmək haqqı - 2071,68 (iki min yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3034/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3034/2025
20.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver