Məhkəmə qərarları › İş №e-2(004)-3064/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3064/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3064/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı MMC – nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 219,5 manat əsas, 32,9 manat cərimə, cəmi 252,4 manat; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 139,9 manat əsas, 20,9 manat cərimə, cəmi 160,8 manat, ümumilikdə iki müqavilə üzrə 359,4 manat əsas, 53,8 manat cərimə, cəmi 413,2 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "İphone" markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 117 manat olmaqla cəmi 2091,90 manat; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Xiomi" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 589,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 117 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 359,4 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqavilələrinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 32,9 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20,9 manat təşkil edir. Ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə dəyəri 2091,90 manat olan "İphone" markalı mobil telefonun alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə dəyəri 589,99 manat olan "Xiomi Redmi" markalı mobil telefonun alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən xx.xx.2021-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə "İphone" markalı mobil telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən xx.xx.2022-ci il tarixli ********* nömrəli saylı alqı-satqı müqaviləsi üzrə Xiomi" markalı mobil telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzinə əsasən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilən əşyaların alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyaların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyaları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyaları ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilələr üzrə iş materiallarında olan maliyyə arayışlarına əsasən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 219,5 manat əsas, 329 manat cərimə, cəmi 548,50 manat; xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 139,9 manat əsas, 209 manat cərimə, cəmi 348,9 manat borcu yaranmışdır. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 32,9 manat və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20,9 manat təşkil edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 32,9 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20,9 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ümumilikdə 413,2 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 219,5 (iki yüz on doqquz manat əlli qəpik) manat, cərimə borcu üzrə 32,9 (otuz iki manat doxsan qəpik) manat, cəmi 252,4 (iki yüz əlli iki manat qırx qəpik) manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 139,9 (bir yüz otuz doqquz manat doxsan qəpik) manat, cərimə borcu üzrə 20,9 (iyirmi manat doxsan qəpik) manat, cəmi 160,8 (bir yüz altmış manat səksən qəpik) manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 413,2 (dörd yüz on üç manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar