Məhkəmə qərarları › İş №e-2(004)-3090/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3090/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3090/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün cavabdeh tərəfindən artıq alınan 14042 manat məbləğində pulun, həmin pul vəsaiti iddiaçıya ödənilən tarixədək artıq ödədiyi və ödəməli olduğu kredit faizlərinin, mənəvi ziyana görə 5000 manat pulun, ödənilmiş 148 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin 2-ci bəndində göstərilmiş – həmin pul vəsaiti ona ödənilən tarixədək artıq ödədiyi və ödəməli olduğu kredit faizlərini ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz – tələbi çıxardılıb, digər tələbləri hissəsində baxılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 108,70 kvadratmetr olan 128.266 manat dəyərində mənzili mənim mülkiyyətimə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 25.666 manat məbləğində hissəsi tərəfimdən, qalan 102.600 manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditoripoteka saxlayan) ilə aralarında bağlanmış 011-20/İ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məğləğləri hazırdada ödənilməkdədir. Lakin bir müddət sonra mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq o, öhdəliyini tam olaraq yerinə yetirməmiş, müqavilədə göstərilən sahəli mənzili ona təhvil verməmiş, daha az sahəli mənzili təhvil vermişdir. Halbuki, müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 (iki) otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 108,70 kvadratmetr olması göstərilmişdir. Cavabdeh müqavilənin 1.2-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən eləcədə az sahədən ibarət mənzili təhvil vermişdir. Bütün bunlara görə də o cavabdehə və müqavilənin digər tərəflərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M 19, m 3 saylı 108,7 kv.m hesab edilən mənzilə görə iddiaçı ilə cavabdehlər Cavabdeh MTK və "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alğısatqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin fərqin olduğu 16,1 kv.m sahəyə münasibətdə qismən etibarsız hesab edilməsi və müqavilənin şərtləri mövcud olmuş ümumi sahəyə uyğun tərtib edilməklə müqavilənin 1.2.2-ci bəndində “ümumi sahə (kv.mlə): 92.60”, müqavilənin 1.2.3-cü bəndində “yaşayış sahəsi (kv.m-lə): 56.3”, müqavilənin 1.4-cü bəndində “mənzilin satış qiyməti 109268 manat” (128266/108,70 x 92,6 = 109 268) qeyd edilməklə yenidən tərtib edilməsi; Mənzil üçün xx.xx.2020-ci il tarixdə bağlanmış 011- 20/İ saylı “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması; cavabdeh "xxxx" ASC ilə aramda bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi; İlkin ödəniş kimi tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6 kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılması; xx.xx.2020-ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbini rədd edərək tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsini, 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyəri ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-3281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu X1, Cavabdeh MTK və "xxxx" ASCyə qarşı “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi” barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Lakin məhkəmə həmin qətnaməni çıxararkən eyni zamanda mənzilin ölçüsündə fərqin olduğunu müəyyən etmiş, son eksperiza rəyinə əsasən mənzilin 96.8 kv.m metr sahəli ölçüdə təhvil verildiyini bildirərək ona mənzilin ümumi sahəyə münasibətdə müqavilə ilə müəyyən edilmiş ölçü arasındakı fərqə uyğun olaraq artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüquqununun olduğunu izah etmişdir. Bundan sonra tərəfindən kassasiya şikayəti verilmiş ancaq təmin edilməmişdir. Odur ki, yuxarıda göstərdiklərini nəzərə alaraq, Cavabdeh MTK (satıcı) inşa etdiyi iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 108,70 kvadratmetr kimi göstərilmiş 128.266 (bir yüz iyirmi səkkiz min iki yüz altmış altı) manat dəyərində mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyyən edilmiş ölçü ilə təqdim edilmiş ölçü arasında fərqin olduğunu nəzərə alaraq hazırda məhkəməyə yenidən müraciət etmişdir. Belə ki, mənzilin hər kvadratına münasibətdə 1180 (128266/108.70=1180) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə məhkəmə mənzilin ümumi sahəsinin 96.8 kv.m olduğunu müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)- 3281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə faktiki olaraq 11.9 (108.70-96.8=11.9) kv.m fərqin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçı hazırda ona təhvil verilməyən ölçüyə görə həm kredit ödənişi, həmdə həmin kreditə görə faizlər ödəmək etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər ay mövcud olmayan sahəyə görə ödəniş edir. Bu isə bir başa cavabdehin etdiyi qanunsuzluqlar nəticəsində baş vermiş və iddiaçı əlavə kredit və faizlərlə yüklü edilmişdir. Ona görə də həmin vəsaitlərdə məhz delikt qaydasında cavabdeh MTK-dan tutulmalıdır. Bundan əlavə cavabdehin bu hərəkətləri iddiaçıda mənəvi sarsıntı yaratmış, psixoloji gərginlik keçirməmə səbəb olmuşdur. O 108.70 kv.m sahəli mənzildə yaşayacağını ümid edərək ailəsilə belə bir mənzildə həyatını davam etdirməyi güman etmişdir. Lakin onun ümidləri boşa çıxmış, hətta məhkəmə yollarında qalmışdır. Hazırda onun psixoloji vəziyyəti olduqca pisdir, əsəb pozğunluğundan əziyyət çəkir. Belə qanunsuzluqları və baş verənləri heç cür unuda və qəbul edə bilmir, hətta yuxusuzluqdan əziyyət çəkir. Ona görə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum edildiyindən, onun mənəviyyatına ziyan vurulduğundan 5000 manat məbləğində mənəvi ziyana görə pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 011-20/İ nömrəli kredit müqaviləsinə əsasən, kreditor "xxxx" ASC borcalan İddiaçı illik 7% dərəcəsi ilə, 300 ay müddətinə 102600 manat məbləğində ipoteka krediti vermiş, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK, "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 011-20/İ nömrəli ilkin bazardan mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı Cavabdeh MTK, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52, M19, m3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 fevral 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31 - 05301-093153 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili Alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Mənzilin satış qiyməti 128 266 manatdır, mənzilin dəyərinin 25 666 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyan İddiaçı tərəfindən, 102 600 manat məbləğində olan hissəsi isə Kreditor-ipoteka saxlayan "xxxx" ASC və Alıcı-ipoteka qoyan İddiaçı arasında bağlanmış 11 mart 2020-ci il tarixli 011-20/i nömrəli Kredit müqaviləsinə əsasən Kreditor-ipoteka saxlayan "xxxx" ASC tərəfindən Alıcı-ipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan İddiaçı mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, Kredit müqaviləsi üzrə öhdəliyiynin icrasının təmin edilməsi üçün ipoteka predmeti qismində Kreditor-ipoteka saxlayan "xxxx" ASC-yə ipotekaya verir. İş materiallarında olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, giriş 52, M19, m3 ünvanında yerləşən mənzilə dair hüquqlar İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3000 nömrəli reyestr kitabının 280102 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Mənzilin tikintiyə icazə sənədləri üzrə nəzərdə tutulan göstəricilərinə əsasən, mənzil 63.47 m2 yaşayış sahəsi, 45.23 m2 yardımçı sahə olmaqla, 108.7 m2 ümumi sahədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, giriş 52, M19, m3 ünvanında yerləşən ümumi sahəsi 92.60 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı оğlunun adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı оğlunun adına verilmiş **********31-05301-093153 reyestr nömrəli texniki pasporta əsasən, Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, giriş 52, M19, m3 ünvanında yerləşən mənzilin ümumi sahəsi 92.6 kv.m olaraq qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu X1, Cavabdeh MTK və "xxxx" ASC-yə qarşı “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi” barədə iddia rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3281/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu X1, Cavabdeh MTK və "xxxx" ASC-yə qarşı “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1135/2024 nömrəli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3281/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5622 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən 3 saylı mənzilin (yeni qaydalarla ünvan 6) faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 96,8 kv.metr təşkil etdiyi; Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən 3 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti 52, M.19, mənzil 3) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dərmanlar üçün reseptə əsasən, nevroloq Cəfərova Leyla tərəfindən İddiaçı Eloxyzine, Pirasetam, Magnexelat olmaqla 3 dərman yazılmışdır. İş materiallarında olan xidmət çek siyahısına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə nevroloq, alqoloq, vertobloroq həkim Xəyal Vəliyevin müayinəsində olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 568.1-ci -ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 6 ünvanında yerləşən mənzilin müqavilədə ümumi sahəsinin 108.7 kv.m olması göstərilsə də, ekspert rəyi ilə ümumi sahəsinin 96.8 kv.m təşkil etməsi faktı müəyyən edilmişdir. Həmçinin iddiaçıya mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyyən edilmiş ölçü arasında fərqə uyğun olaraq artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququnun olduğu izah edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, ilkin bazardan mənzilin alqısatqı və ipoteka müqaviləsində mənzilin ümumi sahəsi 108.7 kvadrat metr, iddiaçıya verilmiş çıxarışda isə 92.60 kvadrat metr göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası rəyi ilə mənzilin faktiki ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 96,8 kv.metr təşkil etdiyi, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 2002-ci il 31 may tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin bu hərəkətlərinin iddiaçıda mənəvi sarsıntı yaratdığını, psixoloji gərginlik keçirməsinə səbəb olduğunu, 108.70 kv.m sahəli mənzildə yaşayacağını ümid edərək ailəsilə belə bir mənzildə həyatını davam etdirməyi güman etdiyi halda onun ümidlərinin boşa çıxdığını, məhkəmə yollarında qaldığını, hazırda onun psixoloji vəziyyətinin olduqca pis olduğunu, əsəb pozğunluğundan əziyyət çəkdiyini, belə qanunsuzluqları və baş verənləri heç cür unuda və qəbul edə bilmədiyini, yuxusuzluqdan əziyyət çəkdiyini, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum edildiyindən, onun mənəviyyatına ziyan vurulduğundan 5000 manat məbləğində mənəvi ziyana görə pul vəsaiti tələb etsə də, cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə, mənəvi zərərin nədə ifadə olunduğuna dair kifayət qədər sübutlar təqdim edə bilməmiş, həmçinin qeyd edilənlər məhkəmə tərəfindən işin göstərilən hər hansı halı ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış ilkin bazardan mənzilin alqı-satqı və ipoteka müqaviləsində mənzilin ümumi sahəsi 108.7 kv.m göstərildiyi halda, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tədbiq edilmədən 96.8 kv.m təşkil etdiyi müəyyən edildiyindən, iddiaçı tərəfindən mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyyən olunmuş ölçü arasında fərqə uyğun olaraq artıq ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. Belə ki, müqaviləyə əsasən mənzilin ümumi sahəsi 108.7 kv.m, satış qiyməti 128266 manat müəyyən olunduğu üçün, 1 kv.m-in qiyməti (128266/108.7) 1180 manat təşkil edir. Beləliklə, mənzilin müqavilə ilə müəyyən edilmiş 108.7 kv.m ümumi sahəsi ilə mənzilin ümumi sahəsi 96.8 kv.m arasında olan 11.9 kv.m fərq üçün ödənilmiş (11,9x1180) 14042 manat pul məbləği Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 148 manat məbləğində pulun 132,13 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, giriş 52, M19, m3 ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 14042 (on dörd min qırx iki) manat və dövlət rüsumu olaraq ödənilmiş 132,13 manat (yüz otuz iki manat on üç qəpik) məbləğində pul Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar