Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3101/2022 08.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “MERCEDES BENZ” markalı, 90–EK–072 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 15-də Cavabdeh idarə etdiyi “MERCEDES BENZ” markalı, 90–EK–072 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Zığ şossesində “LEXUS RX330“ markalı, 90–CS–918 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və daha sonra idarəetməni itirərək təhlükəsizlik həddinə dəymişdir. Bakı şəhər DYPİ-in xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 334.3-ci (Bu Məcəllənin 334.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(010)-609/2021 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərərək 800 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 366 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “LEXUS RX330“ markalı, 90–CS–918 dövlət nömrə nişanlı avtomobilə 2045 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2045 manat məbləği zərərçəkmiş şəxs Quliyev Kənan Saleh oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş arayışa əsasən hadisə nəticəsində ağır sənaye tipli təhlükəsizlik səddinə 2888,40 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3207 nömrəli ödəniş tapşırığı ilə 2888,40 manat məbləği zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 4933,40 (dörd min doqquz yüz otuz üç manat qırx qəpik) manat məbləğində vurulmuş zərər və 69,34 (altmış doqquz manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 5002,74 (beş min iki manat yetmiş dörd qəpik) manat alınaraq, iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan PXA85027 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Lexus RX 330” markalı, **- CS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2045 manat təşkil edir, "xxxx" tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği 2045 manat təşkil etmişdir. İş materiallarında olan PXA85775 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində təhlükəsizlik səddinə dəymiş ziyanın məbləği 2888,40 manat təşkil edir, "xxxx" tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği 2888,40 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 366 saylı qüsur aktından görünür ki, “Lexus RX 330” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 2045 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən PXA85027 saylı sığorta aktı üzrə 2045 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş arayışdan görünür ki, hadisə nəticəsində ağır sənaye tipli təhlükəsizlik səddinə 2888,40 manat məbləğində zərər dəymişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, 3207 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 2888,40 manat məbləğində pul ödənilmişdir. İşin materiallarında olan Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “MERCEDES BENZ” markalı, 90–EK–072 dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 3(010)-609/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 manat məbləğində cərimə edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri təqsirləndirilmələrinə dair material baxılaraq səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə qaytarılması qərara alınmışdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 21 may 2021-ci il tarixli 05/01-707 saylı məktubun surətindən görünür ki, baş vermiş hadisə nəticəsində hesablanaraq ödənilmiş 4933.40 manat məbləğində sığorta ödənişinin 7 iş günü müddətində "xxxx" ASC-nin bank hesablarına ödənilməsi, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mülkiyyətində olan və "xxxx" ASC tərəfindən sığortalanmış “MERCEDES BENZ” markalı, 90–EK–072 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən Cavabdeh yol hərəkəti qaydalarını pozaraq, “Lexus RX 330” markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, sonra idarəetməni itirərək təhlükəsizlik səddinə dəymişdir, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 4933,40 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “MERCEDES BENZ” markalı, 90–EK–072 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmək səlahiyyəti olmayan Cavabdeh tərəfindən idarə edildiyindən, habelə, Cavabdeh Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 4933,40 (dörd min doqquz yüz otuz üç manat qırx qəpik) manat və 69,34 (altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5002,74 (beş min iki manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 4933,40 (dörd min doqquz yüz otuz üç manat qırx qəpik) manat və 69,34 (altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5002,74 (beş min iki manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3101/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3101/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver