Məhkəmə qərarları › İş №e-2(004)-3173/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3173/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3173/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 765 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 795 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən “Panasonic” mağazasının istifadəsində olan Bakı şəhəri, Bülbül prospekti, 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2013cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə BA255312 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2014-cü il tarixində “Panasonic” mağazasının istifadəsində olan qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh X1 mülkiyyətində olan 19 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan 5 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli aktından görünür ki,“Panasonic” mağazasının istifadəsində olan obyektə xx.xx.2014-cü il tarixdə X1 mülkiyyətində olan 19 saylı mənzildən su axıdılması nəticəsində maddi zərər dəymişdir. Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində olan məlumata əsasən X4 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi üçün barəsində xx.xx.2020-ci il tarixində 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2020-ci ildə həmin notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Panasonic” mağazasının istifadəsində olan Bakı şəhəri, Bülbül prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 815 (səkkiz yüz on beş) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2014-cü il tarixli, 1879/CFİ-069/2014 nömrəli aktla 50 (əlli) manat azadolma məbləği və s. məbləğlər çıxılmaqla, 765 (yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti texniki İnvertarlaşdırması və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 091216 nömrəli xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi X2r. İş materiallarında olan BA seriyalı 255312 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən “Panasonic” mağazasının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 5 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli akta əsasən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 10 ünvanında yerləşən “Panasonic” mağazasına maddi ziyan dəydiyi və su axıntısının X3 məxsus mənzildən olduğu müəyyən edilmişdir. İş materiallarında olan 5 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Xamis Osmanov, mühəndisi Musa Əliyev, sahə bələdçisi Azər Osmanov tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bülbül prospekti, 10 saylı evin 1-ci mərtəbəsində yerləşən “Panasonic” mağazasından daxil olmuş şikayət əsasən göstərilən ünvana baxış keçirilmiş, baxış zamanı 2-ci mərtəbədən uzun müddətli su axındısı olub və nəticədə mağazanın anbar və dəhlizinin tavanı sökülərək döşəməyə tökülmüşdür. Mağazaya maddi ziyan dəymişdir. Ona görə də 2-ci mərtəbəyə baxış keçirilmiş, baxış zamanı su axıntısı 19 saylı mənzildəki mətbəx və hamam, sanitar qovşağındandır. Mənizlin sahibi X2r. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatı üzrə məlumatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 10 ünvanında yerləşən əmlaka subasma nəticəsində 07 aprel 2014-cü il tarixə 815 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı ASC-nin 1879/CFİ-069/2014 saylı 26 may 2014-cü il tarixli sığorta aktından görünür ki, “Panasonic” mağazasının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 10 yerləşən əmlaka subasma nəticəsində 815 manat məbləğində zərər dəymişdir və müəyyən edilmiş zərər məbləğindən 50 manat azadolma məbləği çıxılmaqla 765 manat məbləğində zərərin əvəzi İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi notariat, qeydiyyat və reyestr baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Elektron notariat informasiya sistemində aparılmış yoxlama nəticəsində mərhum Xalidə Mehdiyeva adına xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi noptariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh2, Cavabdeh3 , Cavabdeh4 və Cavabdeh1 xx.xx.2020-ci il tarixdə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, X4 tərəfindən İddiaçı ASC tərəfindən sığortalanmış “Panasonic” mağazasına məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 10 yerləşən əmlaka ziyan dəymiş və həmin ziyanın əvəzi İddiaçı ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdehlər miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan əmlakların dəyəri dəymiş zərərdən, yəni 765 manatdan artıqdır. Həmçinin, cavabdehlər miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərilərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ASC sığortalı əmlaka dəymiş zərərə görə 765 manat sığorta ödənişini ödədiyinə görə, həmin məbləği subroqasiya qaydasında zərərvuran mərhum X1 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada daşınmaz əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 765 (yeddi yüz altmış beş) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada daşınmaz əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 765 (yeddi yüz altmış beş) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar