Məhkəmə qərarları › İş №e-2(004)-3223/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3223/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3223/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: subroqasiya) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3.370 (üç min üç yüz yetmiş) manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 53,70 (əlli üç manat yetmiş qəpik) manat, ümumilikdə, 3.423,70 (üç min dörd yüz iyirmi üç manat yetmiş qəpik) məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində “Subaru” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta təminatı almış “Mercedes Benz 350” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınması nəticəsində maddi ziyan vurmuşdur. İş materiallarında olan Nəsimi RPİ-nin DYPŞ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, toqquşma hadisəsi xx.xx.2014-cü il tarixdə Nəsimi rayonu, Xan Şuşinski küçəsində qeydə alınmış, zərərvurmuş avtomobil “Subaru” markalı ** UN *** dövlət qeydiyyat nişanlı müəyyən olumuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025- ci il tarixli ünvanlandığı məktuba əsasən, “Subaru” markalı ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxaraq özgəninkiləşdirilmişdir. Belə ki, həmin məktuba əsasən Cavabdeh1 xx.xx.2010-cu ildə Cavabdeh2 və xx.xx.2011-ci ildə Cavabdeh3 etibarnamə əsasında “Subaru” markalı ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ vermişdir. Hadisəsi nəticəsində X1 məxsus, “Mercedes Benz 350” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3.370 (üç min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür.

3. Cavabdeh1 iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın təmin olunmamasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində avtomaşının sahibliyinin Cavabdeh1 etibarnamə əsasında xx.xx.2010-cu ildə iş üzrə Cavabdeh2 və xx.xx.2011-ci ildə isə Cavabdeh3 keçdiyi göstərilmişdir. Əslində isə Cavabdeh1 tərəfindən Cavabdeh2 avtomaşın üzərində sərəncam vermə hüquqlu etibarnamə xx.xx.2010-cu il tarixdə 30 il müddətinə yəni xx.xx.2040-cı il müddətinədək verilmişdir. İkinci etibarnamə isə Cavabdeh2 tərəfindən Cavabdeh3 xx.xx.2011-ci il tarixdən xx.xx.2030-cu il tarixədək, yəni birinci etibarnamənin müddətinin başa çatma vaxtınadək verilmişdir. xx.xx.2010-cu ildən sonra Cavabdeh1 həmin avtomaşına heç bir aidiyyəti olmamışdır. Beləliklə Cavabdeh1 cavabdeh qismində cəlb edilə bilməz. İddiaçı sadəcə olaraq yol nəqliyyat hadisəsi protokolundə “təqsirkarın müəyyən oluma” yazılması ilə razılaşaraq faktiki olaraq təqsirkarın kim olduğunu müəyyən etməkdə maraqlı olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan materiallara diqqət yetirildikdə məlum olur ki, ümumiyyətlə baş vermiş hadisə ilə bağlı sığorta ödənişi əsassız olaraq həyata keçirilmişdir. Belə ki, Faiq Abdullayevin adına nə sığorta müqaviləsi, nə də ki sığorta şəhadətnaməsi məhkəməyə təqdim olunmamışdır. Təqdim olunan “Fiziki şəxslərin sahibliyində oolan mülki avtomobillərin tam sığortası şəhadətnaməsində” sığortalı qismində X3 adı qeyd olunmuşdur. Avtomobilin sığorta müddəti isə xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olduğu, avtomobilin real dəyəri 37000 AZN, sığorta məbləği 37000 olduğu göstərilmişdir. 3302/CM-0229/2014 nömrəli sığorta aktında isə sığortalı qismində X5 zərərə uğramış avtomobil sahibi kimi X4, sığortanın başlama tarixi xx.xx.2011-ci il bitmə tarixi isə xx.xx.2014-cü il, avtomobilin dəyəri 39300 manat kimi göstərilmişdir. Faiq Abdullayevin adına sığorta müqaviləsi və sığorta şəhadətnaməsinin olması barədə heç bir sübut təqdim edilməmişdir.

5. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. İİ. Tərəflərin mövqeləri:

6. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili iddia ərizəsinə etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı tərəfindən tərtib olunmuş 3302/CM-0229/2014 saylı sığorta aktına əsasən X2 məxsus “Mercedes Benz 350” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3870 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. 3370 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

10. 04.09.2014-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X1 3370 manat məbləğində pul köçürülmüşdür.

11. xx.xx.2011-ci il tarixli Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsinə əsasən “Mercedes Benz 350” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığorta müddəti xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dövrü əhatə edir.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, DİN Baş X9 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdikləri “Subaru İmpreza” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixində Nəsimi rayonu ərazisində, “Mercedes-350” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmış “Subaru” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edib sürücüsünü inzibati məsuliyyətə cəlb etmək məqsədilə tərəflərindən zəruri axtarış tədbirləri həyata keçirilmiş və hadisəni törədən avtomobilin sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Beləliklə, “Subaru” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyindən Azərbaycan Respubliksının İXM-nin 53.0.6 maddəsinin tələbini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə başlanmış inzibati icraata xitam verilmişdir.

14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir.

21. Beləliklə, xx.xx.2014-cü il tarixində baş vermiş avtoqəza nəticəsində “Mercedes-350” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə yerindən yayınmış “Subaru” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən 3870 manat məbləğində zərər vurulması müəyyən edilsə də, “Subaru” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin kimliyi və təqsiri barəsində sübutlar mövcud deyil. Bununla da təqsirlilik dispozitiv şərti pozulmuş olur.

22. Həmçinin iddiaçı tərəfindən X1 3370 manat məbləğində sığorta ödənişi həyata keçirilsə də, bu ödənişin həyata keçirilməsinə əsas müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2011-ci il tarixli Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 350” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta müddəti xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrü əhatə edir. Yol-nəqliyyat hadisəsi isə xx.xx.2014-cü il tarixdə baş vermişdir.

23. Eyni zamanda, Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir.

25. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

26. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

27. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

28. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

29. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

30. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

32. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

33. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

34. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

35. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

36. Məhkəmə qeyd edir ki, hazırki tələbin əsası olan yol-nəqliyyat hadisəsi xx.xx.2014-cü il tarixdə baş verməsinə baxmayaraq, iddiaçı sığorta ödənişi üzrə pul tələbi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddəti ötürülmüşdür.

37. Odur ki, iddia tələbi təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

V Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar