Məhkəmə qərarları › İş №e-2(004)-3302/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3302/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3302/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Faiq Həsənov küçəsi 13B, saylı ümumi sahəsi 226,9 kv.m olan fərdi yaşayış evinin təmiri üçün çəkdiyi 22000 manat xərcin, 44000 manatın inflyasiya əvəzi kimi 11000 manatın və 200 manat dövlət rüsumu olmaqla ümüumilikdə 33200 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı Abşeron Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi, ilkin ödəniş kimi ödədiyi 44000 manat pulu qaytarmaq şərti ilə mülkiyyətində olan daşınmaz əmlakın real sahibliyinə və istifadəsinə qaytarılması tələbi barədə iddia ərizəsi ilə müraciət elmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)- 3539/2021 saylı qətnaməsi ilə tələb qismən təmin edilərək Abşeron rayonu Masazır kəndi Faiq Həsənov küçəsi 13B saylı ümumi sahəsi 226,9 kv.m olan fərdi yaşayış evi ilə bağlı aralarında bağlanılmış sözügedən nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ilkin ödəniş kimi ödədiyi 44000 manatın ona geri qaytarılmaqla fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə o qalıq 17000 manat məbləğində pulu xx.xx.2015-ci il tarixə kimi, yəni müqavilə bağlandığı tarixdən 3 ay müddətində cavabdehə ödəməli olmuşdur. Lakin səhhətində yaranmış xəstəliklə bağlı qeyd olunan vaxtda o qalıq pulu ödəyə bilməmiş və bu barədə cavabdehi məlumatladırmışdır. Bu arada o evi təmir edirmiş. Sonrdan isə cavabdeh ona bildirmişdir ki, dolların məzənnəsinin qalxdığına görə ödəməli olduğu pulu xarici valyuta nisbətində ödəsin və o da onun bu şərti ilə razılaşmış və ona xəstəliyi ilə bağlı pulu hissə-hissə ödəməyi təklif etmişdir. O isə şərtlə razılaşmamışdır. Bir müddətdən sonra o pulu tam topladıqdan sonra cavabdehi tapa bilməmiş və xeyli zamandan sonra cavabdehlə əlaqə yarada bilmişdir. Bu zaman cavabdeh ondan ödəməli olduğu puldan qat-qat çox pul tələb etmiş ki, o da həmin pulu ödəyə bilməmiş 2021-ci ilin aprel ayında, yəni 6 il sonra isə ona qarşı iddia qaldırılmışdır. Beləliklə də cavabdehin ona satdığı təmirsiz mənzilində təmir işləri gördükdən sonra hüququndan istifadə edib mənzili əlindən almaq niyyəti müəyyən olunmuşdur. Onu da bildirir ki, o evi aldıqdan sonra 22000 manat dəyərində təmir işləri aparmışdır. Hesab edir ki, cavabdeh təmirə ödədiyi pulu ona qaytarmalıdır. Eyni zamanda cavabdeh 6 il müddətində ondan aldığı 44000 manatdan faydalanaraq gəlir əldə etmiş və indi isə dəyər itirmiş pulunu geri qaytarmaqla təmirli mənzilə sahib olmaq istəyir. Belə olan halda hesab edir ki, cavabdeh 44000 manatı 2015-ci ilə olan dəyərdə yəni 6 il müddətində pulun inflyasiyasını hesablamaqla 44000 manat əvəzinə 55000 manat qaytarmalıdır. 2015-ci ildəki manatın məzənnəsi ilə 2022-ci ildə olan məzənnə arasında fərq böyükdür və infilyasiya nəzərə alınmalıdır. Qeyd edir ki, o 44000 manatı 5 il müddətinə banka əmanət şəklində yerləşdirmiş olsaydı mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq ən azı illik 5 faiz həcmində gəlir əldə edə bilərdi. Bu gəlir məbləğlə ifadə olunsa 11000 manat təşkil edir. Daha sonra Cavabdeh İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində iddia tələbinin onun iştirakı olmadan rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, İddiaçı öz iddia ərizəsində qeyd edir ki, guya məlum evi təmir edib, lakin bu uydurmadır və heç bir təmir işləri evdə aparılmamışdır, həmçinin onun mülkiyyətində olan evin təmir işlərinə heç bir halda razılıq verməmişdir və bağlanmış müqavilədə də məlum məsələ öz əksini tapmamışdır. İddia tələbinin digər hissəsinə gəldikdə isə, 44000 manat vəsaiti bu müddət ərzində özündə saxlamışdır, bununla bağlı isə həmin vəsaitin qalığı yəni 17000 manat vəsaiti İddiaçı 3 ay ərzində qaytarmalı idi, lakin nə fərdi evi geri qaytarmış, nə də ki, qalıq vəsaiti vermişdir. Əksinə bu müddət ərzində qalıq vəsaiti o əldə etməmiş və ziyana getmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ünvanlayaraq baxış iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3539/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Cavabdeh tərəfindən 44000 manat pul vəsaitinin ödənilməsi şərtilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi evdən İddiaçı çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellaysiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3539/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədəd dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasya icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıran hallara dair məhkəməyə hərhansı bir tutarlı sübut təqdim etməmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq məhkəmə iclaslarında nə özü nə də ki nümayəndəsi iştirak etməmişdir, halbuki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3539/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Cavabdeh tərəfindən 44000 manat pul vəsaitinin ödənilməsi şərtilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi evdən İddiaçı çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki, İddiaçı iddia tələbində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə çıxarılması nəzərdə tutulan mənzili təmir etdirdiyini və buna görə də çəkdiyi təmir xərclərini tələb etsə də, bunu təsdiq edən sübutu təqdim edə bilməmişdir. Həmçinin inflyasiyanın əvəzi kimi 11000 manatın ödənilməsi hissəsində də iddia tələbi qanunsuz və əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dairə məhkəməyə hər hansı bir sübutu təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin 200 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, iddia tələbləridə bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar