Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3373/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə ("xxxx" Mənzil Tikinti Kooperativinə) qarşı “mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan artıq alınmış 25350 manat məbləğində pulun, həmin məbləğin özündə saxlanılması ilə bağlı hər il üçün 5 faizinin, kommunal xidmətlərin göstərilməsi üçün artıq hesablanmış 789.75 manat pulun və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MTK, hazırda "xxxx" MMC (bundan sonra – "xxxx" MMC ilə birgə “cavabdeh” adlandırılacaq) arasında bağlanmış 2019-cu il 14 noyabr tarixli GH-B7/002247 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə (bundan sonra – “müqavilə” adlandırılacaq) əsasən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində blok 7, 68 nömrəli ünvanda, sahəsi 108.5 m olan mənzili hər m üçün 1300 manat ödəməklə almışdır. Qarşı tərəflə aralarındakı bütün danışıqlarda, onların ofisində mənzilin satış şərtləri ilə tanış olmağından başlayaraq, o, sahəsi 108.5 m mənzil almaq barədə iradə ifadəsini açıq şəkildə bildirmiş, qarşı tərəf isə mənzilin satış qiymətinin 1300 manat olduğunu bildirmişdir. Beləliklə, onlar sahəsi 108.5 m olan mənzili hər m üçün 1300 manatdan almaq barədə razılaşmışlar və bu niyyətlə müqaviləni bağlamışdır. Bütün bunlara baxmayaraq, mənzilə dair verilmiş 2022-ci il 22 avqust tarixli, ********** qeydiyyat nömrəli çıxarışda mənzilin ümumi sahəsinin 89 m olduğu bəlli olmuşdur. Eyni zamanda DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2022-ci il 22 avqust tarixli, **********17-05301- 093106 reyestr nömrəli texniki pasportda da mənzilin ümumi sahəsi 89 m , yaşayış sahəsi 46,7 m göstərilmişdir. Göründüyü kimi dövlət qurumları tərəfindən qanunvericiliyə uyğun olaraq mənzilin ümumi sahəsinin 89 m olduğu müəyyən edilsə də, cavabdeh qabaqcadan bildiyi halda, mənzilin sahəsini əsassız və yanlış olaraq artıq hesablamış, qanunsuz hərəkətlər etmiş, habelə müqavilə üzrə öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Halbuki, müqavilənin 1.1-ci, habelə 3.1-ci bəndində mənzilin sahəsinin 108.5 m olacağı göstərilmişdir. Onlar bu şəkildə razılaşmış, əks halda 2019-cu ildə Yasamal rayonu, Tbilisi prospekti ərazisində hələ istismarı tam yekunlaşmamış mənzilin 1 kvadrat metrinə 1600 manata yaxın pulun ödənilməsi ağlabatan deyil. Həmçinin, həmin vaxt oxşar ərazilərdəki mənzillərin 1 kvadrat metri hətta 1300 manatdan da az idi. Digər tərəfdən nə müqavilədə, nə də başqa sənədlərdə (net?) 101.16 m sahənin necə hesablandığı da bəlli deyil. Üstəlik, bu barədə əvvəlcədən məlumat verilməmişdir. Cavabdehin həmin sahəni müqavilədə qeyd etməsi əsassız olduğundan həmin sahəyə istinadı da qəbul etmir. İstənilən mənzilin alğı-satqısı zamanı onun kvadrat metrinə görə hesablama aparılır. Son anda müqavilədə ikinci bir sahənin qeyd edilməsi və onun üçün başqa bir məbləğin hesablanması da ağlabatan deyil. Hər hansı mənzil satışında ikili rəqəmlə elan görməmiş, məsələn City garden Narimanovda 1 kv metr 2000 manata amma mənzilin sahəsi başqa olarsa, 2500 manat?? Göründüyü kimi bu hissədə də cavabdeh 101.16 m sahənin qeyd edilməsində haqsız olmuşdur. Necə olur ki, mənzilin net sahəsi 101.16 m olsun amma həmin rəqəm heç cür alınmır? Hazırda onun mənzilinə 108.5, nə də 101.16 deyil, 89 kv.metrdir və mənzili gələcəkdə satdıqda da təbii olaraq 89 kv.metr üzərindən hesablama aparılacaqdır. Cavabdehin yanaşması ilə məsələyə baxsalar, bu zaman mənzilin texniki pasportunda yaşayış sahəsi 46.7 kv. metr göstərildiyindən o fərqi də tələb etsin. Bu səbəblərdən də həmin hissəyə hüquqi münasibət zamanı Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi cavabdeh, tikinti sahəsində uzun illər təcrübəsi olan “Yeni Həyat” şirkətlər qrupunun üzvü (müqavilələri də yeni həyatın ofisində bağlayırdılar), bilərəkdən, daha çox fayda əldə etmək səbəbilə bu yollara əl atıb. Hələ bu azmış kimi, onlara bu barədə iradını bildirdikdə ona dövlət orqanları tərəfindən hesablamanın səhv aparıldığı bildirilmişdir. Əlavə olaraq mülkiyyətçilərin bu barədə göndərdikləri məktublara da cavab vermirlər. Bu səbəbdən cavab məktubunu əlavə etmək mümkün deyil. Təsadüfi deyil ki, cavabdeh mənzilləri satarkən 7s (internet resurslarında bu barədə kifayət qədər məlumat var) standartını tətbiq edəcəyini bildirməsinə baxmayaraq, bugünədək bunların heç birinə əməl etməmişdir. Bu da öz növbəsində cavabdehin öz üzərinə götürdüyü öhdəliklərə necə “sadiq” qaldığının sübutudur. Əlavə olaraq, iddiasının tam əsaslı və tutarlı olduğuna dair onu da qeyd etmək istəyir ki, cavabdehlə aralarında bağlanmış 2020-ci il 23 noyabr tarixli xidmət müqaviləsinin (əlavə olunur) 2 saylı əlavəsində mənzilin net sahəsi yenidən necəsə 108.5 kvadrat metr olmuş və bugünədək mənzilin hər kvadrat metri üçün 0,75 azn pul hesablanıb və təəssüf ki, həmin hissədə də hüquqları pozulub. Belə ki, 54 ay x 19.5 x 0,75 manat=789.75 manat artıq pul hesablanıb. Maraqlıdır, niyə görə cavabdeh burada 101.16 kv metr hesablama aparmayıb. Halbuki həmin vaxtı heç çıxarış da verilməmişdir. Bir daha bütün bunlarla sübut olunur ki, cavabdeh həmin mənzilə ümumi sahəsi kvadrat metr olaraq yanaşmışdir, 101.16 kv metr deyil. Müqavilədəki 101.16 kv metrə nəinki o, heç cavabdeh özü də həqiqi iradə ifadəsi ilə razılaşmamişdir. Bu sadəcə simvolik özünü sığortalama vasitəsi olmuşdur, bu səbəbdən müqavilənin bir bəndi kimi qəbul edilməməlidir. Eyni zamanda bildirir ki, cavabdehlə oxşar qaydada müqavilələr bağlamış digər mülkiyyətçilər bununla bağlı hüquqlarının məhkəmədə bərpa edilməsinə nail olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kommunal xidmətin göstərilməsi üçün artıq hesablanmış 789,75 manat hissədə iddianı geri götürdüyünü bildirmiş, həmçinin, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İcraçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sifarişçi İddiaçı arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli GH-B 7/002247 nömrəli olan müqavilənin 1.1-ci yarımbəndinə əsasən İcraçı, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində blok 7, mərtəbə 12, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 108,50 kv.m olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) sahəsi 101,16 kv. m,olan 2 (iki) otaqdan ibarət 68 saylı mənzili Sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığınnda icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə etirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci yarımbəndinə əsasən mənzilin brut sahəsinı bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, eyvan sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Mənzilin net sahəsinə yaşayış, yardımçı, eyvan sahələri daxildir. Həmin müqavilənin 3.1-ci yarımbəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi dəyəri (ƏDV xaric) 141 050,00 (bir yüz qırx bir min əlli manat) olmaqla mənzilin brut sahəsinin (mənzilin tikilən brut satış sahəsi) 1 (bir) m2-nin qiyməti 1300,00 (bir min üç yüz manat) mənzilin net sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan sahə) 1 (bir) m2-nin qiyməti 1394,33 (bir min üç yüz doxsan dörd manat otuz üç qəpik) müəyyən edilmişdir. Bu müqavilə üzrə mənzilin ümumi dəyəri mənzilin sahəsinin hesablanması qaydasından asılı olmayaraq 141 050,00 (bir yüz qırx bir min əlli manat) təşkil edir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GH-GHMM1HUQ101-000681 nömrəli Xidmət müqaviləsinin 1.1-ci yarımbəndinə əsasən "xxxx" (Grand Hayat MTK), müqavilənin 2 saylı Əlavəsində göstərilmiş mənzilin (bundan sonra “Mənzil” adlandırılacaq) yerləşdiyi binanın/blokun (bundan sonra “Bina/Blok” adlandırılacaq) saxlanması və normalara uyğun istismarı üzrə bu Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür, Müştəri ( İddiaçı) isə göstərilən xidmətlərə görə xidmət haqqını Xidmət göstərənə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli GH- GHMM1HUQ101-000681 nömrəli Xidmət müqaviləsinə 2 saylı Əlavənin 2-ci bəndinə əsasən bu müqavilə üzrə müştəri xidmət haqqı 0.75 qəpik müəyyən edilmişdir. Həmin müqaviləyə əlavənin 3-cü bəndinə əsasən bu sazişin 2-ci maddəsindəki Xidmət haqqının artım üzrə hesablanmasının başlama tarixinə əsas kimi bu hallar müəyyən edilir: a) Binadaxili/xarici işlərin tamamlanması, yəni binadaxili incə işlərin tam yekunlaşması və liftlərin tam gücü ilə işləməsi, binxarici fasadın yekunlaşması; b) kompleksin həyətyanı sahəsinin təhvil verilməsi, yəni tametin vurulması, landşaf işlərinin tam yekunlaşması; c) kompleksdə parkinq işinin təşkili ilə bağlı ilərin yekunlaşması, yəni epoksit işlərinin tam yekunlaşması, parkinq giriş-çıxış sisteminin qurulması, parkinq daxili nişanlarının qoyulması; ç) ümumi istifadə yerləri üzrə Xidmət göstərənin iş sxeminə uyğun kamera sistemi işinin təşkilinin yekunlaşması; d) Məlumatlandırma ( 7/24 Call Center) sisteminin qurulması. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 1054-cü məhəllədə inşa edilmiş 122, 122A, 126, 126A, 128, mənzil 68 (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 89 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına tam hissədə xx.xx.2022-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2025-ci il tarixli, 10/4312 nömrəli ekspert rəyinə əsasən 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikasə Dövlət və Arxitektura Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahənin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 1054-cü məhəllədə inşaa edilmiş 122, 122A, 126, 126A, 128 saylı evin (Yeni qaydalarla: AZ1122, ünvan 2 68 saylı mənzilin ümumi sahəsi 88,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 2. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 1054-cü məhəllədə inşa edilmiş 122, 122A, 126, 126A, 128 nömrəli evin (Yeni qaydalarla: AZ1122, ünvan 2 68 nömrəli mənzilin sahəsi hesablanarkən müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan, eləcə də, yaşayış, yardımçı, eyvan sahələri daxil edilməklə mənzilin net sahəsinin 99,4 kv .m təşkil etdiyi müəyyən olunmuşdur. 3. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 1054-cü məhəllədə inşaa edilmiş 122, 122A, 126, 126A, 128 saylı evin (Yeni qaydalarla: AZ1122, ünvan 2 68 saylı mənzilin sahəsi hesablanarkən bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla, eləcə də, müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, eyvan sahələri və sxemə uyğun divaraltı sahə daxil edilməklə mənzilin brut sahəsinin 108,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) isə -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, icraçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə sifarişçi İddiaçı arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən icraçı brut sahəsi 108.50 m2, net sahəsi 101.16 m2 olan mənzili sifarışçiyə təhvil verməyi, sifarişçi isə mənzilin brut sahəsinin 1 m2-nin qiyməti 1300 manat, mənzilin net sahəsinin 1 m2-nin qiyməti 1394.33 manat müəyyən olunmaqla, ümumilikdə 141050 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin net sahəsi (Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 101.16 kv.m göstərilsə də, iddiaçıya verilmiş çıxarışda mənzilin ümumi sahəsi 89 kv.m göstərilmişdir. Hazırda İddiaçı müqaviləyə əsasən ona ümumi sahəsi 108.50 m2 mənzil verilməli olduğu halda 89 kv.m mənzil verildiyini, bu səbəbdən artıq ödədiyi 25350 ((108.50-89) x 1300) manat məbləğində pulun, həmçinin həmin məbləğin özündə saxlanılması ilə bağlı hər il üçün 5 faizinin hesablanaraq Cavabdeh MMC-dən ("xxxx" MTK) tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllədə inşa edilmiş 122, 122A, 126, 126A, 128, mənzil 68 (Yeni qaydalarla: AZ1122, ünvan 3 ünvanında yerləşən mənzilin sahəsi hesablanarkən müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan, eləcə də, yaşayış, yardımçı, eyvan sahələri daxil edilməklə mənzilin “net” sahəsinin 99,4 kv. m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzildə müvafiq azaltma əmsalları tətbiq olunmadıqda, faktiki olaraq balkonun sahəsinin 15.8 kv.m, azaltma əmsalları tətbiq olunduqda isə 4.74 kv.m (15.8 x 0.3) olmasını və müvafiq azaltma əmsalları tətbiq olunmadıqda mənzilin faktiki “net sahəsi”nin cəmi - 99.4 kv.m, azaltma əmsalları tətbiq olunduqda isə mənzilin “net sahəsi”nin cəmi - 89 kv.m olmasını nəzərə almayıb. Halbuki, Reyestr Xidməti tərəfindən sözügedən mənzilə dair iddiaçının adına verilmiş 28 avqust 2022-ci il tarixli Texniki Pasportda və Reyestrdən Çıxarışda mənzilin 89 kv.m ümumi sahəsi məhz müvafiq azaltma əmsalları tətbiq olunmaqla müəyyən edilib. Beləliklə, aşkar olaraq müəyyən olunur ki, reyestr qeydində müəyyən edilən sahə mübahisəli mənzilin faktiki sahəsini deyil, əmsalın tətbiqindən sonra müəyyən edilmiş sahədir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin “net sahəsi”nə yaşayış, yardımçı, eyvan sahələri daxildir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan 101.16 kv.m ümumi sahə isə müvafiq azaltma əmsalları tətbiq olunmamaqla müəyyən edilib. Göründüyü kimi, sözügedən müqavilədə mənzilin “net sahə” adlandırılan ümumi sahəsi 101.16 kv.m göstərilsə də, cavabdeh iddiaçıya faktiki, yəni müvafiq azaltma əmsalları tətbiq olunmadıqda ümumi sahəsi 99.4 kv.m, müvafiq azaltma əmsalları tətbiq olunduqda isə Reyestr Çıxarışında və Texniki Pasportda göstərildiyi kimi ümumi sahəsi 89 kv.m olan mənzil vermişdir. Yəni, iddiaçıya satılmış mənzilin əskik sahəsi (101.16 kv.m-99.4 kv.m)=1,76 kv.m olmuşdur. Bu isə onu təsdiq edir ki, müqavilənin predmeti həqiqətən müqaviləyə uyğun gəlmir və cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmuş və iddiaçıya ümumi sahəsi 1,76 kv.m əskik olan mənzil vermişdir. Müqaviləyə əsasən sözügedən mənzilin “net” sahəsi 101.16 kv.m, satış qiyməti 141050 manat müəyyən olunduğu üçün mənzilin 1 kv.m “net” sahəsinin qiyməti (141050 manat / 101.16 kv.m) 1394.33 manat təşkil edir. Göründüyü kimi, İddiaçı Cavabdeh MMCyə ("xxxx" MTK) mənzilin müqavilə ilə müəyyən edilmiş 101.16 kv.m ümumi sahəsi ilə mənzilin ümumi sahəsi 99.4 kv.m arasında olan 1.76 kv.m fərq üçün 2454.02 manat (1,76 kv.m x 1394,33 manat = 2454.02 manat) məbləğində artıq pul ödəmişdir. Məhkəmə iddiaçının illik 5 faizin cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, 122, 122A, 126, 126A, 128, mənzil 68 (Yeni qaydalarla: AZ1122, ünvan 3 ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 2454.02 (iki min dörd yüz əlli dörd manat iki qəpik) manat məbləğində pul Cavabdehndən ("xxxx" Mənzil Tikinti Kooperativindən) tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 180 manat məbləğində dövlət rüsumunun 44.54 manat məbləği və 50 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, 122, 122A, 126, 126A, 128, mənzil 68 (Yeni qaydalarla: AZ1122, ünvan 3 ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 2454.02 (iki min dörd yüz əlli dörd manat iki qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 44.54 (qırx dörd manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdehndən ("xxxx" Mənzil Tikinti Kooperativindən) tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdehndən ("xxxx" Mənzil Tikinti Kooperativindən) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3373/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3373/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver