Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3424/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə **********-05301-093460 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqlarını qeydiyyata aldırdığı Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, giriş 129 ünvanının 11-ci mərtəbəsindəki 3 saylı (müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, B bloku, 11-ci mərtəbə, mənzil 52(11-4A)) mənzilin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a və texniki sənədlərində xx.xx.2014-cü il tarixli GMPB-52(11- 4A)/2013 nömrəli müqavilədə nəzərdə tutulan və faktiki mövcud olan sahəsinə uyğun düzəliş edilməsi və iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün layihə sənədlərinə düzəliş edilməsi, dəyişikliklərin qanunvericiliklə nəzərdə tutulmuş orqanlarla razılaşdırmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən “X1” MMC tərəfindən təmsil edilmişdir) arasında xx.xx.2014-cü il tarixli, GMPB-52(11-4A)/2013 nömrəli müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən 23 mərtəbəli, bir bloklu (“B” bloku) yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 151,49 kv.m yaşayış sahəsindən və 4 otaqdan ibarət olan 52(11-4A) №-li mənzili iddiaçıya satmağı, iddiaçı isə mənzilin ümumi dəyəri olan 57.090 (əlli yeddimin doxsan) manat pul məbləğini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş mənzilə görə hər hansı borcu yoxdur və iddiaçı sözügedən müqavilə üzrə nəzərdə tutulan öhdəliyi lazımi qaydada icra etmiş, nəzərdə tutulan məbləği müqaviləyə 2 saylı əlavə ilə müəyyən olunmuş ödəniş qrafiki əsasında vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 18 fevral 2015-ci il tarixli, 150 nömərli maliyyə arayışında da qeyd olunmuşdur ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə həmin müqavilə üzrə borcu qalmamışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, müqavilənin predmeti olan mənzil iddiaçıya faktiki olaraq verilmişdir. İddiaçı işi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığından, mənzilində daimi yaşamır və yalnız qısamüddətlik Azərbaycana qayıtdıqda, mənzilin sənədləşdirmə işlərinin tamamlanması üçün cavabdehlə danışıqlar apara bilmişdir. Cavabdeh tərəfindən isə tez bir zamanda mənzilin sənədləşdirmə işlərinin başa çatdırılaraq, mənzilin notarial alqı-satqı müaviləsinə əsasən onun rəsmiləşdiriləcəyinə vəd verilmişdir. Təxminən 2024-cü ilin payızında Azərbaycan Respublikasında olduqda, iddiaçı mənzilin sənədləri ilə maraqlanmaq üçün cavabdeh təşkilatın əməkdaşlarına müraciət etdikdə, ona mənzilin sənədlərinin hazır olmasını bildirərək, tezliklə alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdiriləcəyi bildirilmişdir. Lakin, mənzilin sənədlərinin surətləri ilə tanış olduqda müəyyən etmişdir ki, mənzilə dair çıxarışda mənzilin ümumi sahəsinin 119,40 kv.m, texniki sənədlərdə isə otaq sayı üç olaraq qeyd olunmuşdur. Qeyd olunan səhvi aradan qaldırmaq və müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməsi məqsədilə 26 dekabr 2024-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş və həmin məktub cavabdeh tərəfindən 27 dekabr 2024-cü il tarixdə qəbul edilmişdir. Müqavilə predmeti olan mənzilə dair hüquqi əhəmiyyətli sənədlərin (layihənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın texniki sənədlərinin) qısa zaman ərzində müqavilədə nəzərdə tutulmuş ölçülərə və əlamətlərə uyğunlaşdırılmasını, müvafiq düzəlişlər edildikdən sonra iddiaçının mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan hüquqi hərəkətlərin edilməsi cavabdehdən xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən iddiaçıya və onun nümayəndəsinə şifahi olaraq vədlər verilsə də, bu günədək cavabdeh tərəfindən həmin müraciətə cavab verilməmiş, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticə etibarilə cavabdeh iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3424/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-3424/2025 saylı qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3424/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5620/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3424/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş materiallarının iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə məlumat ünvanlayaraq bildirmişdir ki, hazırkı iddia üzrə mübahisə predmeti olan, ünvan 3 ünvanında yerləşən yaşayış binasında, M 11, m3 saylı mənzilə dair verilmiş çıxarışda və mənzilə aid olan texniki sənədlərdə düzəlişin edilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün tərəflərindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırda sözügedən iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır (iş nömrəsi: 2- 1(112)-14856/2025, sədrlik edən hakim: Səlma Qənbərova). Həmin iş üzrə iddia məhkəməsini təqdim etmişlər. Həmçinin iddia ərizəsinə qoşma edilmiş sənədlər müraciət məktubu, imtina məktubu, mənzilə dair sənədlər tərəflərindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda bildirirlər ki, mübahisənin həlli məqsədilə, sənədlərində düzəliş edilməli olan mənzildə düzəlişlərin qeydə alınması üçün müvafiq sərəncam verilməsi üçün Yasamal rayon İcra hakimiyyətinə müraciət edilmiş və müraciətlərinə cavab verilmədiyi üçün Bakı İnzibati Məhkəməsinə sözügedən quruma qarşı məcburetmə iddiası ilə müraciət etmişlər. Sözügedən iddia ərizəsi üzrə iş digər inzibati işlə birləşdirilmiş və bir icraatda baxılacaqdır. Məhkəmə iclası Bakı İnzibati Məhkəməsində xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Hesab edirlər ki, hazırda icraatınızda olan mülki işdə iddiaçının nail olmaq istədiyi məqsəd mənzilin çıxarış və texniki sənədlərində düzəlişlərin edilməsidir. Həmin məqsədə nail olmaq üçün zəruri olan addımlar müvafiq icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi və bu sərəncamın əsasında dəyişikliklərin DƏDRX tərəfindən həyata keçirilməsidir. Başqa sözlə desək hazırda məhkəmənin icraatında olan mülki işin həlli də Bakı İnzibati Məhkəməsinin icraatında olan işin nəticəsindən asılıdır. Çünki "xxxx" MMC kommersiya hüquqi şəxsi olaraq çıxarış və texniki pasportda dəyişiklikləri qeydə almaq səlahiyyətində deyil. Dəyişikliklər inzibati orqanın hərəkətləri ilə qeydə alınır. Odur ki, hesab edirik ki, Bakı İnzibati Məhkəməsində 2-1(112)-14856/2025 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki işin icraatı dayandırılmalıdır. Göstərilənləri nəzərə alaraq, Məhkəmədən Bakı İnzibati Məhkəməsində 2-1(112)- 14856/2025 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İcraçı “X1” MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış GMPB-52(11-4A)2013 nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Bu müqavilənin predmeti “İcraçı”nın 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda “Sifarişçi”yə satmasından, “Sifarişçi”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun “Sifarişçi”nin ödəniş qrafıkinə əsasən ödəməsindən ibarətdir. “İcraçı”nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, bir bloklu bina, “B” bloku 11-ci mərtəbə, 52(11-4A) nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 57.090 AZN satış sahəsi 151.49 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olacaqdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, “İcraçı” Müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçi”yə təhvil vermək öhdəliklərini üzərinə götürür, 3.2-ci maddəsinə əsasən, “Sifarişçi” bu müqaviləyə və ona 2 Nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “İcraçı”ya ödəmək, aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “İcraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək, sənədləşmə zamanı yaranacaq bütün notarial xərcləri ödəmək öhdəliklərini üzərinə götürür. Cavabdeh MMC tərəfindən verilmiş 150 nömrəli, xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin ünvan 4 ünvanda yerləşən yaşayış binasında B bloku, 11-ci mərtəbə, ümumi sahəsi 151.49 kv.m olan 52 (11-4A) nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********40-05301-093460 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, AZ1141, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 174 nömrəli məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsi Cavabdeh MMC-yə 11 oktyabr 2022-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 3 ünvanında yerləşən yaşayış binasında, M-11, m-3 saylı mənzilə Çıxarış və texniki pasport vermişdir. Çıxarış və texniki pasportda olan məlumatlara əsasən həmin mənzilin Ümumi sahəsi 119.4 kv.m, otaqların sayı isə 3 otaqlı kimi qeyd olunmuşdur. Lakin faktiki olaraq, sözügedən mənzilin ümumi sahəsi 147.9 kv.m, otaqların sayı isə 4-dür. Odur ki, sözügedən mənzilə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda olan məlumatların dəyişdirilərək faktiki sahələr ilə uyğunlaşdırılmasma və Çıxarışın dəyişdirilməsinə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqdim olunmuş layihəyə əsasən qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində 3 otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman digər mənzilin 1 otağının müvafiq mənzilə birləşdirilərək 4 otaqdan ibarət olduğu müəyyən edilmişdir.Aparılan dəyişikliklər ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmam həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmam həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Cavabdeh Bakı İnzibati Məhkəməsinə cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 3 ünvanında yerləşən yaşayış binasında, M 11, m3 saylı mənzilə dair verilmiş çıxarışda və mənzilə aid olan texniki sənədlərdə düzəlişin edilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e-mehkeme.gov.az saytından əldə edilmiş məlumatdan görünür ki, iddiaçı Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi üzrə e-2-1(112)-14856/2025 nömrəli iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən, Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-cü maddəsinə əsasən, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 24.1-cü maddəsinə əsasən, Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.4-cü maddəsinə əsasən, Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5-ci maddəsinə əsasən, Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. 25.3-cü maddəsinə əsasən, Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 26.1-cı maddəsinə əsasən, Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2-ci maddəsinə əsasən, Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 16.1-ci maddəsinə əsasən, Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İcraçı “X1” MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış GMPB-52(11-4A)2013 nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Bu müqavilənin predmeti “İcraçı”nın 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda “Sifarişçi”yə satmasından, “Sifarişçi”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun “Sifarişçi”nin ödəniş qrafıkinə əsasən ödəməsindən ibarətdir. “İcraçı”nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, bir bloklu bina, “B” bloku 11-ci mərtəbə, 52(11-4A) nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 57.090 AZN satış sahəsi 151.49 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olacaqdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, “İcraçı” Müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçi”yə təhvil vermək öhdəliklərini üzərinə götürür, 3.2-ci maddəsinə əsasən, “Sifarişçi” bu müqaviləyə və ona 2 Nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “İcraçı”ya ödəmək, aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “İcraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək, sənədləşmə zamanı yaranacaq bütün notarial xərcləri ödəmək öhdəliklərini üzərinə götürmüşdür. Mənzilə dair çıxarışda mənzilin ümumi sahəsinin 119,40 kv.m, texniki sənədlərdə isə otaq sayı üç olaraq qeyd olunmuşdur. Hazırda iddiaçının tələbinin əsasını cavabdeh "xxxx" MMC-nin üzərinə mənzilin sahəsinə və otaq sayına uyğun olaraq (151,49 kv.m, 4 otaq) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a və texniki sənədlərə düzəliş edilməsi öhdəliyinin qoyulması, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün layihə sənədlərinə düzəliş edilməsi, dəyişikliklərin müvafiq orqanlarla razılaşdırılması və dövlət reyestrində qeydiyyata aldırması öhdəliyinin qoyulması təşkil edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin materialları təsdiq edir ki, mənzilin sahəsi və otaq sayına dair sənədlərdəki fərqlilik tikinti layihəsindən kənar dəyişikliklər (bir otağın digər mənzildən birləşdirilməsi) nəticəsində yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərildiyi kimi, layihədə 3 otaq qeyd edilsə də, faktiki olaraq bir otaq başqa mənzildən birləşdirilərək 4 otaq yaranmışdır. "xxxx" MMC kommersiya hüquqi şəxsi olaraq, dövlət reyestrində qeydə alınmış məlumatları təkbaşına dəyişdirmək, habelə layihə sənədlərinə dəyişiklikləri inzibati orqanlarla razılaşdırmaq səlahiyyətinə malik deyil. Bu səbəbdən, cavabdehin üzərinə istənilən öhdəliyin qoyulması, mahiyyət etibarı ilə inzibati orqanların müstəsna səlahiyyətinə aid olan hərəkətlərin yerinə yetirilməsinə məhkəmə tərəfindən məcbur etməyə yönəldiyindən, mülki məhkəmənin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3424/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3424/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver