Məhkəmə qərarları › İş №e-2(004)-3428/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3428/2025

13.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3428/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması tələbinə dair iş üzrə (açar sözlər: vərəsəlik hüququna dair şəhadətnamənin etibarsızlığı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səabil rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, X15 ilə X9 nikahı haqqında xx.xx.1958-ci il tarixdə 1908 nömrəli akt qeydi tərtib edilmişdir. X15 ölümü xx.xx.1977-ci ildə 1636 nömrəli, X4 ölümü xx.xx.2007-ci il tarixdə 1555 nömrəli aktlar ilə Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır.

2. Doğum haqqında şəhadətnamələrə əsasən müəyyən edilir ki, X15 ilə X4 birgə nikahında 5 övladları olmuşdur: Ella Şamuilova, Liliya Şamuilova, Anjella Şamuilova, Cavabdeh2, Elena Şamuilova.

3. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İneventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin 029948 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 62 nömrəli evinin 5 nömrəli mənzili X4 adına xüsusi mülkiyyət kimi xx.xx.1996-cı il tarixdə qeydiyyatdan keçirilmişdir.

4. Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.

5. Bakı şəhəri 5 saylı Notariat ofisi tərəfindən verilən xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 62 nömrəli binada yerləşən 5 nömrəli mənzil, 2 otaqlı yaşayış sahəsindən X4 vərəsələri X10 və Cavabdeh2 bərabər hissədə irs almalıdırlar.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzil xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə Cavabdeh2 adına qeydə alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçını vərəsəlik hüququndan məhrum edən Bakı şəhəri Çingiz Mustafayev küçəsi 62 nömrəli evin 5 nömrəli mənzilə dair Bakı şəhər 5 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli vərəsəlik hüquqlarına dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıxarış ləğv edilməsi və iddiaçının vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, İddiaçı xx.xx.1969-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, keçmiş 1 may, indiki Ç.Mustafayev kücəsi 62 nömrəli evin sonralar nömrə olaraq rəsmiləşmiş 5 nömrəli mənzilində doğulmuşdur. İddiaçının anası X12, atası isə X13. xx.xx.1958-ci ildə 1908 nömrəli aktla nikahları qeydiyyata alınmışdır. Onların birgə nikahlarından 5 övladları doğulmuşdur: Ella Şamuilova, Liliya Şamuilova, Anjella Şamuilova, Cavabdeh2, Elena Şamuilova. X15 xx.xx.1977-ci ildə vəfat etmiş, 1636 nömrəli aktla, X12 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, 1555 nömrəli aktla Yasamal rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Mərhum anasının vəfatından sonra miras qalmış əmlakın 5 bərabər hissəyə bölünərək hamının paylarının rəsmiləşməsinə dair razılıq övladlar arasında qeyri-rəsmi əldə edilmişdir. 2007-ci ildə vəfat etmiş Xaimova (Şamuilova) Asya Qavrilovnanın adına olan vərəsəlik işi xx.xx.2010-cu ildə (reyestr nömrəsi 2V-59) 5 saylı Notariat ofisində açılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X10 və Cavabdeh2 X4 vərəsələri qismində tanınmışdır və ünvan 1 ünvanında yerləşən miras əmlakdan bərabər hissədə irs almalı olduqları müəyyən olunmuşdur. X10 və Cavabdeh2 tərəfindən 5 saylı Notariat ofisinə ünvanladıqları xx.xx.2009-ci il tarixli ərizələrdə “Anamın Ella, Emin, Anjela, Liliyadan başqa övladı yoxdur” kimi qanunsuz olaraq qeydlər aparmışdırlar. Notariat ofisinə ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizədə X5 anası X1 mənzil mirasındakı paydan imtina etmiş, mənzilin X3 adına keçməsinə etiraz etməmişdir. Bakı şəhər Dövlət Notariat ofisinə ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizədə X14 anası X6 miras qalmış vərəsəlik payını qəbul etmədiyini və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İddiaçı nəzərə alınmadan digər bacı və qardaşları X2i vərəsəsi kimi tanınmışdır və bundan sonra onlar öz aralarında iddiaçının məlumatı olmadan razılığa gələrək miras əmlakın X3 və Cavabdeh2 adına keçməsi üçün ərizələr vermişlər. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı X8r və o miras əmlakdan irs almalıdır. Hazırda cavabdehlərin yeganə qanuni vərəsələr olması hissəsində Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2010-cu il tarixli şəhadətnamə həmin hissədə ləğv edilərək iddiaçı qanuni vərəsə hesab olunmalı, anası X6 miras qalmış vərəsəlik payı iddiaçıya münasibətdə müəyyən olunmalıdır.

b) iddiaya qarşı etiraz

9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

10. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdir.

12. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 62 nömrəli evinin 5 nömrəli mənzil üzrə İddiaçı varis olduğu barədə məlumatları notariat orqanına təqdim etmədiklərini bildirmiş, onun payının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür; Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

14. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir; Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir.

18. İşin faktiki hallarından görünən odur ki, X15 ilə X9 nikahı haqqında xx.xx.1958ci il tarixdə 1908 nömrəli akt qeydi tərtib edilmişdir. X15 ölümü xx.xx.1977-ci ildə 1636 nömrəli aktla və X4 ölümü xx.xx.2007-ci il tarixdə 1555 nömrəli aktlar Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. X15 ilə X4 birgə nikahında 5 övladları olmuşdur: Ella Şamuilova, Liliya Şamuilova, Anjella Şamuilova, Cavabdeh2, Elena Şamuilova. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İneventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin 029948 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 62 nömrəli evinin 5 nömrəli mənzili X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.

19. X4 ölümü ilə xx.xx.2007-ci il tarixdə miras açılmışdır.

20. X10 xx.xx.2009-cu il tarixdə, Cavabdeh2 isə xx.xx.2010-cu il tarixdə notariat orqanına ərizə ilə müraciət edərək miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Anjela Şamuilovanın ərizəsinə “Liliyadan başqa övladı yoxdur” qeydi düşülmüşdür.

21. İş materiallarına əlavə edilmiş notariat işinə eyni zamanda birinci növbələri vərəsələrdən Ella Məmmədova və Liliya Şamuilovanın mirasdan imtina barədə ərizələri əlavə edilmişdir. Ella Məmmədovanın ərizəsinə “Anamın Ella, Emin, Angella, Liliyadan başqa övladı yoxdur” qeydi düşülmüşdür. Nəticədə Cavabdeh2 və Anjela Şamuilova X4 vərəsələri müəyyən edilərək Bakı şəhəri 5 saylı Notariat kontoru tərəfindən xx.xx.2010cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

22. İddiaçı isə hazırda həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını irəli sürür, əsas olaraq isə onu göstərir ki, mərhum miras qoyanın vəfatından sonra övladları arasında miras əmlakın 5 bərabər paya bölünməsi barədə qeyri-rəsmi razılıq əldə edilmiş, lakin vərəsəlik şəhadətnaməsi verilən zaman o nəzərə alınmamışdır.

23. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsinölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.

24. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə mirasaçılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub- olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elanedilməsi anından başlamış olur.

26. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

27. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.39. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MülkiMəcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

28. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” 2022-ci il 16 mart tarixli Qərarları).

29. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).

30. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi iləmüəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı).

31. Hazırkı işin halları baxımından müəyyən olunur ki, miras qoyanın ölümü ilə miras açılmasına baxmayaraq, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürüldükdən sonra vərəsələr notariat orqanına müraciət etmiş, vərəsələrdən ikisi mirasdan imtina barədə ərizə təqdim etmiş, hazırkı iddiaçının vərəsə olmasına dair məlumatlar yalan məzmunlu qeydlər əlavə edilməklə notariat orqanından gizlədilmiş, nəticədə birinci növbə vərəsələrdən yalnız ikisinə münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş, paylar müəyyən edilmişdir.

32. “Notariat haqqında” Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.

33. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

34. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında xüsusilə vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.

35. Göründüyü kimi, vərəsələrdən heç biri mirasın qəbulu üçün nəzərdə tutulan müddət ərzində notariat orqanına müraciət etməmiş, müddət ötürüldükdən sonra müraciət edərkən isə müştərək qaydada iddiaçının da vərəsə olmasına dair məlumatları gizlətmişlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş pasportdan və iddiaçının vəkili və nümayəndəsinə verilmiş verilmiş etibarnamədən görünən odur ki, iddiaçı ölkə xaricində - İsrail Respublikasında yaşayır. İddiaçının tələbinə cavabdehlərdən nə Notariat ofisi, nə də Cavabdeh2 tərəfindən etiraz daxil olmamışdır. Əksinə miras əmlak hazırda adına qeydə alınmış Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etmiş, iddiaçının da vərəsə olmasına notariat orqanına məlumat vermədiklərindən təəssüf hissi keçirdiklərini, iddiaçının əmlaka bərabər pay hüququnun olduğunu, ona düşən payın ayrılmasına etiraz etmədiklərini etiraf etmişdir.

36. Odur ki, məhkəmə tərəflərin mövqeyi, iddiaçının xaricdə yaşaması, notariat orqanına yalan məlumatlar verilməsi kimi halları nəzərə alaraq hesab edir ki, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi iddiaçıya münasibətdə üzrlü hesab edilməli, onun miras əmlakdan pay almaq hüquqları təmin edilməməlidir.

37. Buna görə də, iddia təmin edilməli, Bakı şəhəri 5 saylı Notariat ofisi (Notariat kontoru) tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

38. İddiaçının tələbi formal olaraq çıxarışın ləğvi yönündə olsa da, çıxarış hüquqtəsdiqləyici mahiyyətli sənəd olmaqla, onun ləğvi özlüyündə heç bir hüquqi nəticəyə səbəb olmur. Daşınmaz əmlaka dair hüquqlar dövlət reyestrində qeydiyyata alındığından iddiaçının hüquqi marağı da məhz həmin qeydiyyatın ləğvi yönündədir. Odur ki, tələbə bu formada yanaşılması MPM-in 218.3-cü maddəsinin göstərişləri baxımından tələbdən kənara çıxılması kimi qiymətləndirilməməlidir.

39. Odur ki, verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli qeyd də ləğv edilməli, iddiaçının həmin əmlaka vərəsəlik hüquqları tanınmalıdır.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzilə dair Bakı şəhəri 5 saylı Notariat ofisi (Notariat kontoru) tərəfindən verilən xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin əmlaka dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli qeyd ləğv edilməli, X7 Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzilə dair vərəsəlik hüquqları tanınmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzilə dair Bakı şəhəri 5 saylı Notariat ofisi (Notariat kontoru) tərəfindən verilən 05 may 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 24 dekabr 2024-cü il tarixli, ********** nömrəli qeyd ləğv edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 62, 5 nömrəli mənzilə vərəsəlik hüquqları tanınsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar